ABŞ-ın “Bloomberg” agentliyinin internet səhifəsində Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın təşəbbüsü ilə irəli sürülən İstanbul kanalı layihəsi və bu layihə ətrafında ortaya çıxan əsas problemlər haqqında analitik məqalə dərc olunub. Məqalənin müəllifi Sinan Ülgəndir. Sinan Ülgən mərkəzi ofisi İstanbulda yerləşən İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (EDAM) rəhbəridir. O, həmçinin ABŞ-ın Karneqi Fondunun Brüsseldə yerləşən Avropa ofisinin tədqiqatçısıdır. Novator.az saytı Sinan Ülgənin “Bloomberg”də dərc olunmuş məqaləsini ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Prezident Rəcəb Teyyub Ərdoğan dünyada irimiqyaslı layihələrin təşəbbüskarı kimi məşhurdur. Onun rəhbərliyi altında Türkiyə İstanbulda dünyanın ən böyük aeroportlarından, Asiyanı Avropa ilə birləşdirən ən böyük asma körpülərdən birini və Bosfor boğazının altında ən nəhəng tuneli inşa edib.
Tənqidçilər onu bu cür nəhəng layihələr həyata keçirməklə öz mövqeyini gücləndirməkdə qınasalar da, türk ictimaiyyəti layihələrin əksərini müsbət qarşılayıb.
Bu layihələrin heç biri Ərdoğanın sonuncu böyük təşəbbüsü qədər söz-söhbətə səbəb olmayıb. Söhbət Mərmərə dənizi ilə Qara dəniz arasında, Bosfor boğazına paralel şəkildə İstanbul kanalı adlı süni su yolunun inşasından gedir.
İstanbul kanalı layihəsi ekoloqları ciddi narahat edir. Onlar iddia edirlər ki, kanal İstanbulun təbii mühitini korlaya və içməli su anbarlarını dağıda bilər. Başqa bir qrup isə layihənin büdcəsinə diqqət çəkir. Türk hökuməti bu layihənin reallaşması üçün 12.7 milyard dollardan 25 milyard dollara qədər vəsait lazım olacağını bildirib.
Bu məqamda 1936-cı ildə imzalanmış Montrö Konvensiyasının taleyinə də nəzər yetirmək lazımdır. Konvensiya Bosfor və Dardanel boğazları vasitəsilə hərəkəti tənzimləyən beynəlxalq saziş rolunu oynayır.
Bugünlərdə Türkiyə parlamentinin sədri Mustafa Şentopun Ərdoğanın sazişdən geri çəkilmək səlahiyyətinə malik olduğunu iddia etməsi ilə mövzu ətrafında müzakirələr pik həddə çatıb. Şentop daha sonra açıqlama verərək sadəcə prezidentin səlahiyyətlərindən bəhs etdiyini və heç bir siyasi fikir səsləndirmədiyini bildirsə də, onun sözləri bir qrup sabiq türk admiralının Ərdoğanın ideyasına qarşı birgə bəyanat imzalaması ilə nəticələnib. Admirallar Qara dənizdə əmin-amanlığın qorunub saxlanmasında Montrö Konvensiyasının zəruri rol oynadığını deyiblər.
Bütün bunlar Ərdoğanın öz kabinetini və əsas vəzifəli şəxsləri bir araya yığaraq növbədənkənar iclas keçirməsi ilə nəticələnib. Bəyanatı imzalayan şəxslərdən on nəfəri həbs olunub. Prezident administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri onları dövlət çevrilişinə səbəb ola biləcək fikir səsləndirməkdə günahlandırıb.
Ərdoğan Montrö Konvensiyasından geri çəkilmək niyyətinin olmadığını açıqlayıb. Lakin o, sazişin tətbiq etdiyi reallıqlar fonunda öz kanal arzusunu necə həyata keçirəcəyini də izah etməyib.
Pandemiyanın səbəb olduğu çətin situasiyada dövlət resurslarının tükənməsinin qarşısını almaq üçün İstanbul kanalı “tikinti-yiyələnmə-idarə” investisiya modeli əsasında inşa olunacaq. Lakin lazımi investisiyaları cəlb etmək üçün özəl podratçı gəlirin külli miqdarda olacağını sübut etməlidir. Konvensiya isə buna imkan vermir.
Konvensiyanın şərtlərinə görə, Türkiyə gəmilərin Dardanel və Bosfor boğazlarında üzməsinin qarşısını ala bilməz. Başqa sözlə desək, o, gəmiləri İstanbul kanalından istifadə etməyə məcbur edə bilməz. Türkiyəyə yalnız gəmilərin keçməsi üçün nominal xidmət haqqı tətbiq etməyə icazə verilir.
Hazırda bir gəminin keçidi üçün xidmət haqqı təxminən 4500 ABŞ dollarına bərabərdir. Yalnız tranzit haqqının əhəmiyyətli dərəcədə sərfəli olması İstanbul kanalından istifadəni stimullaşdıra bilər. Amma qiymət fərqinin Türkiyənin xeyrinə olması üçün kanalda hərəkət edən gəmilərin sayı da çox olmalıdır.
Mövcud tendensiyalar isə tam əksini göstərir: ötən on il ərzində, xüsusilə yeni boru kəmərlərinin inşası nəticəsində Bosforda hər il hərəkət edən gəmilərin sayı azalaraq 53 mindən 38 minə düşüb. Getdikcə daha çox ölkə karbohidrogenlərdən asılılığı azaltmağa çalışdığına görə tanker daşımalarının da azalmağa doğru gedəcəyi gözlənir.
Maliyyə məsələsinə gəlincə, Türkiyə kanalın tikintisi və istismara verilməsi üçün dövlət xəzinəsindən zəmanətlər verə bilər. Lakin belə bir addım Ankaranın 270 milyard dollara çatan xarici borcunun ciddi şəkildə artması ilə nəticələnəcək.
Digər bir həll yolu Montrö Konvensiyasından geri çəkilmək və tranzit gəmilərini yeni kanaldan istifadəyə məcbur etməkdir. Bu isə həm ölkə daxilində, həm də diplomatik münasibətlərdə siyasi problemlərə yol aça bilər.
1936-cı ildə Montrö Konvensiyasının imzalanmasını Türkiyədə çoxları tarixi nailiyyət hesab edir. Onlar o vaxt gənc cümhuriyyətin öz su yolları üzərində suveren nəzarəti ələ keçirməsini və Birinci Dünya müharibəsindən sonra böyük güclərin yeritdiyi beynəlxalq mandata son qoymasını müsbət qarşılayırlar. Türklərə qürur verən bu konvensiyadan geri çəkilmək millətçi bir prezident üçün heç də asan olmayacaq.
Montrö Konvensiyası indiyədək Türkiyə üçün Qara dənizdə konfliktləri diplomatik yolla həll etməyin bir vasitəsidir. Konvensiya sahilyanı olmayan ölkələrin Türkiyə boğazlarından keçən hərbi gəmilərinə ciddi tonnaj məhdudiyyətləri qoyur. 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsinin qızğın vaxtında Ankara Montrö Konvensiyasına əsaslanaraq ABŞ donanmasının “Mercy” və “Comfort” xəstəxana gəmilərinin Türkiyədən keçməsinə icazə vermədi. Konvensiya həmçinin Rusiyanın qarşısında tələb qoyur ki, Moskva öz donanma gəmilərinin isti dənizlərdən keçəcəyini əvvəlcədən xəbər versin.
Konvensiyadan geri çəkilsə Türkiyənin öz ərazisindəki boğazlardan keçən gəmilərə nəzarət etmək iqtidarında olub-olmayacağı bilinmir. Çünki bu halda çox güman ki, başqa ölkələr adi dəniz qanunlarına istinad edib öz gəmilərinin sərbəst hərəkətinə imkan verilməsini tələb edəcəklər.
Deyəsən, nəhəng layihələr Türkiyə prezidentinə prestijdən çox problem gətirəcək.
Sinan Ülgən
Mənbə: Bloomberg.com