Avstriyanın “Der Standard” qəzetində “Rusiyada koronavirusu necə yaddan çıxarıblar?” başlıqlı məqalə dərc edilib.
Novator.az-ın məlumatına görə, məqalədə müəllif Andre Ballen yazır ki, koronavirus infeksiyası dünyanın hər yerində tüğyan etsə də, Rusiyada həyat adi axarına qayıdıb: “Mağazalar, restoranlar açıqdır, metro qatarları və ali məktəblərin auditoriyaları adamla doludur”.
Yazısında müəllif Rusiya paytaxtı Moskvanın idman-sağlamlıq klubundakı bir müşahidəsini də oxucularla bölüşür: “Anastasiya idman-sağlamlıq klubuna gələn ziyarətçinin hərarətini elektron termometrlə ölçə-ölçə ondan maskasının olub-olmadığını soruşur.
Anastasiyanın özü də maska taxıb, ancaq maska onun yalnız ağzını örtüb, burnu açıqda qalıb. Anastasiya və həmkarları idman zalına gələnlərdən, eləcə də oradan çıxanlardan maskalarının olub-olmadığını soruşurlar. Ziyarətçilərin isə hər birinin ya cibində, ya da çantasında hökmən bir maska gözə çarpır”.
Andre Ballenin sözlərinə görə, Rusiyada maska yoxlanışı formal xarakter daşıyır: “Moskvada ictimai nəqliyyatda maska taxmaq məcburidir. Ancaq hər üç sərnişindən birinin maskası ya çənəsinin altındadır, ya da ümumiyyətlə yoxdur. Düzdür, bəzən maska geyinməmək 5 min rubl cərimə ilə nəticələnə bilər, amma qaydalara məhəl qoyulmur. Metro və avtobus işçiləri bu qaydaları heç vecinə almır”.
Bununla belə müəllif maskaların Rusiyada pandemiyadan xəbər verən yeganə nişanə olduğunu yazır. Andre Ballen ölkədə pandemiyanın siyasi alətə çevrildiyini də vurğulayır: “Yanvar və fevral aylarında polis ictimai sağlamlığa təhlükəni əsas gətirərək prezident Putinə qarşı nümayişə çıxanlara cinayət işi açdı. Mart ayında isə prezident “Lujniki” stadionunda Krımın ilhaqının 7-ci ildönümü münasibətilə təşkil olunan tədbirdə insanla dolu tribunanın qarşısında çıxış edirdi”.
Məqalədə deyilir ki, Rusiya mediasında may ayınadək olan-qalan məhdudiyyətlərin də ləğv ediləcəyi haqda xəbərlər dolaşır: “Buna iki səbəb göstərilir. Biri ölkədə infeksiyaya qarşı peyvəndin mövcudluğudur. Koronavirusa qarşı yerli peyvəndin rəsmi qeydiyyatdan keçdiyini Kreml hələ ötən ilin yayında yüksək səslə elan etmişdi. İkinci səbəb kimi xəstəliyin guya nəzarət altında olması göstərilir”.
Yazıda koronavirusla bağlı rəsmi məlumatlardakı ziddiyyətlərə də diqqət çəkilir: “Rusiyanın Koronavirusla Mübarizə üzrə Operativ Qərargahının açıqladığı məlumata görə, pandemiya başlanandan bəri ölkədə 100 min nəfər infeksiyanın qurbanı olub. Federal Statistika Xidmətinin məlumatında isə virusdan ölüm sayı 224 min nəfər göstərilir. Ümumən ölüm sayına baxanda ölkədə virusdan ölənlərin sayının bundan da artıq olduğunu düşünmək mümkündür. Rusiyada 2020-ci ilin aprel-dekabr aylarında ölənlərin sayı əvvəlki illərin eyni aylarında ölənlərin sayı ilə müqayisədə 358 min nəfər çox olub”.
Məqalədə Rusiya hökumətinin koronavirusun sosial-iqtisadi həyata vurduğu ziyanlara qarşı zəif mübarizə apardığı bildirilir: “Kremlin təklif etdiyi yardım paketi Qərb hökumətlərinin öz ölkələrində ayırdığı vəsaitlərdən xeyli aşağıdır. Hesablamalara görə, Rusiyada pandemiya ilə mübarizə çərçivəsində görülən bütün tədbirlərin həcmi ümumi daxili məhsulun 2,3-3,5 faizini təşkil edir. Çünki neftin qiyməti müvəqqəti ucuzlaşandan sonra Putin riskə getmək istəmədi ki, birdən defolt baş verər. Defolt, müflisləşmə dalğası isə işsizliyə görə müavinət kimi sosial zəmanətlərin faktiki olmadığı Rusiya üçün az qala 200 mindən çox insanın ölümündən də ağır nəticələrə gətirib çıxa biləcək bir fəlakətdir”.
Mənbə: Derstandard.at