Peyvəndin mübarək! Maskanı tax! – “Vaşinqton Post”
- 10 Aprel 2021
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetTribunaYazarlar
Novator.az saytı ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc edilmiş “Peyvəndləndiyinə görə təbrik edirəm, ancaq yenə maska taxmalı olacaqsan” başlıqlı yazını ingiliscədən çevirərək təqdim edir. Yazının müəllifi ABŞ-ın Miçiqan ştatının qərbində təcili yardım həkimi işləyən və həmin ərazidə Səhiyyə Xidmətinin Gücləndirilməsi Komitəsinin icraçı direktoru olan Rob Devidsondur.
Mən Miçiqanın kəndlərində təcili yardım həkimi işləyirəm. Burada pasiyentləri yalnız bir sual maraqlandırır: görəsən ictimai yerlərdə maska taxmaq qaydası nə vaxt ləğv olunacaq? Bu suala cavabım belədir: mən tez-tez getdiyim restoranda bir şərtlə maska taxmaram ki, oradakı insanların 90 faizi peyvəndlənmiş olsun.
Niyəsini ətraflı izah edim.
Miçiqan Universitetində ictimai səhiyyə üzrə magistr dərəcəsinə yiyələnən və səhiyyə sahəsində 20 ildən artıq fəaliyyət göstərən bir təbib kimi mən hələ də maskadan istifadə edirəm, iri məclislərə getməməyə çalışıram və qapalı məkanlarda yemək yemirəm.
Yanvar ayında COVİD-19 virusuna qarşı peyvənd olunmuşam, hər iki dozanı qəbul etmişəm. Ətrafımdakı insanlara da eyni qaydada ehtiyat tədbirləri görməyi tövsiyə edirəm. Bu, peyvənd olunmuş şəxslərə də aiddir.
Peyvənd insanı xəstəlikdən qoruyur. İnsan isə cəmiyyəti, dövləti, milləti və bütün dünyanı qorumalıdır və peyvənd bizə bu işi görməkdə kömək edə bilər.
Kollektiv immunitet yaranmayınca peyvəndlənmiş insan da xəstəliyə yoluxa bilər.
Peyvəndin elmi izahı çox sadədir. Virusa yoluxanda, yaxud peyvənd olunanda orqanizmdə antitellər yaranır. Bu antitellər və immun sistemindəki müəyyən hüceyrələr orqanizmdə müqavimət gücü yaradır. Təkrarən COVİD-19 virusunun təsirinə məruz qalanda orqanizmdə yaranmış müqavimət bizi xəstələnməkdən qoruyur.
Ölkəmizdə istifadə olunan bütün peyvəndlərin bir məqsədi var: insanları xəstəxanaya düşməkdən və ölümdən qorumaq. Peyvəndlər ilk növbədə bizi virusa yoluxmaqdan qoruyur. Eyni zamanda peyvənd olunmuş adamın başqalarını yoluxdurmaq ehtimalı da xeyli azalır.
Virusa yoluxan insanlar peyvənd vurduranda onların virus yükü, yəni orqanizmindəki virus hissəciklərinin sayı peyvənd olunmamış insanlardakı virus yükündən daha az olur. Virus yükünün az olması isə virusun yoluxucu gücünün az olması deməkdir. Bu, çox müsbət haldır. Çünki infeksiya həcminin əhəmiyyətli şəkildə azalması xəstəliyin səviyyəsini və yayılma dərəcəsini də aşağı sala bilir.
Amma burada bir nüans var. Həyatda heç nəyə tam zəmanət verilmədiyi kimi peyvəndlərə də tam zəmanət vermək mümkün deyil. Ona görə heç kim deyə bilməz ki, vaksinlər immuniteti yüz faiz qoruyur, yaxud ömürlük immunitet yaradır.
Orqanizmimiz heç də sözəbaxan şagird deyil. İnsan orqanizmi koronavirus infeksiyasına təkrar yoluxmamaq üçün təbii reaksiyalar yaratsa da, hər halda təkrar yoluxma baş verə də bilər.
Bu yaxınlarda təcili yardım şöbəsində təkrar yoluxmanın şahidi oldum. Ötən il koronavirus xəstəliyindən sağalan pasiyent yenidən bu infeksiyaya yoluxmuşdu.
Vaksinasiya kampaniyaları yalnız yoluxma kritik həddə çatanda gücləndirilir. COVİD-19-un Böyük Britaniya, Cənubi Afrika, Braziliya, Kaliforniya və digər yerlərdə aşkarlanan mutasiyaya uğramış variantları dünya boyu sürətlə yayılır və ABŞ-da da bu yeni variantlara yoluxma halları qeydə alınıb. Yeni variantlar daha yoluxucu olmaqla yanaşı, həm də daha ölümcüldür.
Vaksinlərin effektinə dair hələ yekun nəticələr olmasa da, tədqiqatlar göstərir ki, indiki peyvəndlər virusun bəzi yeni variantlarına qarşı o qədər də təsirli deyil.
Son günlərin statistikasına görə, ABŞ-da yalnız 63 milyon insana, yəni əhalinin 19 faizinə peyvəndin hər iki dozası vurulub. Biz kollektiv immunitetə gedən uzun yolun yalnız kiçik bir hissəsini qət etmişik. Koronavirusla mübarizədə özümüzü tam arxayın hiss etməyimizə hələ çox var.
Məhz bu səbəbdən peyvəndin hər iki dozasını vurdursam da, yenə maska taxıram. Artıq bir ildən çoxdur ki, sevimli restoranıma getmirəm.
Peyvəndlənməmiş 10 və ya 100 nəfərin olduğu restoranda COVİD-19-u simptomsuz keçirən bir insan da ola bilər. Bu vəziyyət doğma Miçiqan üçün hazırda çox aktualdır. Ştatda son iki həftədə virusa yoluxanların və xəstəxanaya yerləşdirilənlərin sayı iki dəfədən çox artıb. Koronavirus testindən keçmiş insanların 15 faizindən çoxunun analizinin nəticəsi pozitiv çıxıb. Gün ərzində virusa yoluxanların sayı sonuncu dalğada qeydə alınmış göstəriciyə yaxınlaşır.
Miçiqanda baş verənlər başqa ştatlarda da qeydə alına bilər. Koronavirusun mutasiyaya uğramış yeni variantlarının yayılması, idman zallarının və məktəblərin açılması, eləcə də ictimai təhlükəsizlik qaydalarına əməl etməkdən bezən və onlara qatlanmaq istəməyən əhalinin üsyankar davranışı yoluxma hallarının artmasına təkan verir. Belə pasiyentlərə təcili yardım şöbəsində tez-tez rast gəlirəm.
Ona görə də hazırkı vəziyyətdə nə mənim bəxtim gətirib, nə də sizin.
Sevimli restoranıma getsəm və orada COVİD-19 xəstələrinin sayı nə qədər çox olsa, virusa yoluxmaq ehtimalım da o qədər çox olacaq. Peyvənd olunmağım isə məni virusdan tam sığortalamır.
Peyvəndlənmiş orqanizm koronaviruslu bir adamla, bəlkə on adamla qarşılaşanda da müqavimət göstərə bilər. Amma kim zəmanət verə bilər ki, təmasda olduğum 11-ci, yaxud 30-cu koronavirus xəstəsindən mənə virus keçməyəcək?
Amerikalıların yalnız 19 faizi peyvənd olunub. Qapalı məkanda yayılan və dövr edən virusun yaratdığı risk isə çox böyükdür. Hətta əhalinin 60-80 və ya 100 faizinin peyvəndlənməsi də bu riskin olmayacağına tam zəmanət vermir.
Biz yoluxma riskini azaltmaq üçün maska taxmalıyıq, kafe və restoran kimi qapalı məkanlardan uzaq durmağa çalışmalıyıq.
Əlbəttə, yenidən ötən ilin əzab-əziyyətinə dözmək, peyvənd oluna-oluna hələ də qorunmaq adamı özündən çıxardır. Ancaq unutmamalıyıq ki, peyvəndlənən insanların sayı artdıqca kollektiv immunitetə nail ola biləcəyik və hər birimizin təhlükəsizliyi daha çox sığortalanmış olacaq.
Bəzi ekspertlərin fikrincə, qapalı restoranda hər 100 insandan 70-90 nəfəri peyvəndlənmiş olsa, COVİD-19-un yayılmasının qarşısını lazımi səviyyədə ala bilərik.
Bilirəm, tam təhlükəsiz günlərə yetməyimizə hələ çox var. Ona görə də maska taxmaqla hər kəsin təhlükəsizliyini qorumağa çalışmalı, peyvənd olunub-olunmamağımızdan asılı olmayaraq özümüzü, ətrafımızdakı insanları müdafiə edə biləcək ən sadə tədbirləri görməliyik.
Kollektiv immunitetə nail olmağa çalışdığımız bir vaxtda riskli addımlar atmaqdan çəkinməliyik.
Kollektiv müqavimətə çatmaq üçün bizə hələ bir neçə ay lazım gələcək. Biz dördüncü dalğanın astanasındayıq. Çalışdığım xəstəxanaya yenidən koronavirus xəstələri axışır. Bu axına özünü arxayın hiss edənlər – dostları ilə görüşüb birgə vaxt keçirən, restorana getməkdən çəkinməyən, virusa təkrar yoluxan insanlar daxildir.
Ona görə də harada yaşamağınızdan asılı olmayaraq bilməlisiniz ki, indi maskaları çıxarmağın, qrup şəklində toplaşmağın, ehtiyat tədbirlərini vecə almamağın vaxtı deyil.
Sizi əmin edirəm ki, bir neçə ay səbir etsəniz sevimli restoranınızda əvvəlkindən də dadlı yeməklər yeyə bilcəksiniz.
Rob Devidson
Mənbə: Washingtonpost.com