Biz niyə içirik? – Sərxoşluq paradoksları
- 03 Aprel 2021
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərh
Norveçin “Forskning” internet qəzetində alkoqolun və içkiyə aludəliyin tarixindən, bunun insan həyatına təsirindən bəhs edən geniş məqalə dərc olunub.
Novator.az saytının məlumatına görə, “Biz niyə içirik? Sərxoşluq paradoksları” başlıqlı məqalənin müəllifi İnqrid Spille yazır ki, alkoqolun sağlamlığa ziyan vurduğunu, şiddətli başağrısı yaratdığını, ömrü gödəltdiyini bilə-bilə min illərdir insan spirtli içki qəbul eməkdən çəkinmir. Görəsən niyə?
Müəllif məqaləsində məsələ ilə bağlı mütəxəssislərin fikirlərini bölüşür.
Vaxtilə Norveç Dövlət Alkoqol və Narkotik Maddələrin Tədqiqatı İnstitutunda və Oslo Universitetində çalışmış Raqnar Hayge deyir: “İçki içmək müasir vərdiş deyil, qədimdən belədir. XVI əsr yazılı mənbələrində belə bir qeyd var: “Üç gün davam edən toy mərasimində qonaqlar aramsız içdilər. Vəziyyət o yerə gəlib çatdı ki, ayaq üstə dura biləsi 20-30 adam qalmışdı. Bəziləri bir neçə saatlığa yatırdılar ki, güc toplayıb yenidən içənlərin dəstəsinə qoşula bilsinlər”.
Əslində, dörd əsr əvvəlki həmin çılğın toy bir istisna kimi, qeyri-adi hadisə kimi götürülə bilməz. Norveçdə kilsələrin belə bir tələbi olub: yeni evlənənlər nikah mərasiminə səhər saat 11-dən gec gəlməməlidirlər. Bu tələbin kökündə də içki məsələsi durub. Kilsəyə kəbin kəsdirməyə gələnlər mərasimi günortaya, yaxud axşama təyin etsəydilər, dəvətlilər mütləq içməyə macal tapacaqdılar. Bundan ötrü heç uzağa getməyə də ehtiyac olmayacaqdı. Kilsənin yaxınlğından qatı spirtli içki alıb elə onun ərazisindəcə içmək mümkün idi”.
İnqrid Spille yazır ki, orta əsrlərdə içkiyə olan tələbat sonrakı dövrlərdə də dəyişməyib: “İnsanlar içməyə gündəlik tələbat kimi yanaşıblar. Tarixi mənbələrdə şərabın aludəçiliyə səbəb olması barədə çoxlu məlumata rast gəlmək mümkündür. Məsələn, mənbələrdə bildirilir ki, bir badə şərab şadlıq gətirər, 10 badə içəndən sonra isə əzablı sərxoşluq başlanar.
Bir sıra arxeoloji tapıntı sübut edir ki, insanların içmək vərdişi çox qədim zamanlara gedib çıxır. İlk pivənin 7 min il əvvəl hazırlandığı məlumdur.
Amma insanın təkamülü ilə içki arasında heç bir bağlılıq yoxdur. İstəyir xoşuna gəlsin, istəyir gəlməsin, bilməlisən ki, alkoqol ciddi təhlükədir və bu həqiqəti heç kim dana bilməz”.
Müəllif çağdaş dünyada spirtli içki qəbul etməyin çox təhlükəli olduğunu vurğulayır: “Alkoqola meylli insanların çoxluq təşkil etdiyi Rusiyada aparılan tədqiqatlar göstərib ki, 15-54 yaş arasında olanlar arasında baş verən ölüm hallarının yarıdan çoxu alkoqolizmlə bağlıdır.
Bütün təhlükələri nəzərə alanda insanda içkiyə nifrət oyanmalıdır. Ancaq biz yenə içirik. Bu necə ola bilər?
Alimlərin bununla bağlı müxtəlif yanaşmaları mövcuddur.
Bir neçə il əvvəl professor Berkli Robert Dadli “sərxoş meymun fərziyyəsi”ni irəli sürüb. O deyir ki, təbiətdə alkoqol, dəqiq desək, etanol maddəsi var. İnsana yad olmayan bu maddə yetişmiş meyvələrdə şəkər qıcqıranda əmələ gəlir. Şirin meyvələr isə əsas kalori mənbəyidir. Professorun fikrincə, alkoqol axtara-axtara mükafat (bonus) kimi enerji də alırıq və əcdadlarımız kimi genlərimiz də bunun nə olduğunun fərqinə varıb.
Robert Dadlinin sözlərinə görə, alkoqol iyinə meyllilik beləcə vərdişə çevrilib: “Əsas komponent hesab olunan etanol uçucu maddə olduğundan meyvələrin tərkibinə tez hopur. Bizim alkoqol həvəskarı olan əcdadlarımız bunun sayəsində şəkərlə zəngin qidalar əldə edə biliblər”.
Professor Dadlinin fikrincə, alkoqolun tərkibində böyük miqdarda kalori olduğunu nəzərə almaq lazımdır. Meyvələrdən çəkilmiş içkilərin tərkibində zərərli qatqılar az olduğundan orqanizmə o qədər də mənfi təsir göstərmir”.
Daha sonra məqalədə Norveçin Təbiət və Texniki Elmlər Universitetinin bioloji təkamül üzrə alimi Gine Roll Skyervönün fikirləri təqdim olunur. Alim bildirir: “Bəzi tədqiqatların nəticələrinə nəzər salanda professor Dadlinin hədəfə yaxınlaşdığını görmək olar. Bu istiqamətdə başqa tədqiqatlar da aparılıb. 2015-ci ildə amerikalı alimlərin araşdırması göstərib ki, bizim əcdadlarımız alkoqol əldə etməyi hələ insanın meymunlardan – qorilla və şimpanzelərdən ayrılmadığı vaxtlarda, təxminən 10 milyon il öncə öyrəniblər. Alkoqol fermentlərinin əldə edilməsinin tarixi isə, amerikalı alimlərin fikrincə, daha qədim dövrə – 70 milyon il əvvələ gedib çıxır”.
Gine Roll Skyervönün sözlərinə görə, əcdadlarımız zaman-zaman alkoqol tərkibli içkilərdən istifadə ediblər: “10 milyon il əvvəl baş verən mutasiya nəticəsində bu proses daha da effektli hal alıb. Əslində bu elə Dadlinin ehtimalının təsdiqi deməkdir. Bizim fermentlərimizin bu qədər effektli olması göstərir ki, alkoqol vacib resurs olub”.
Gine Roll Skyervö diqqəti 2013-cü ildə ABŞ-da aparılan daha bir tədqiqata çəkir: “Həmin tədqiqatın nəticələrinə görə, meymunlar az miqdarda alkoqol qəbul etdikdən sonra viruslara qarşı daha dözümlü, daha müqavimətli olurlar. İnsanlar üzərində aparılan eksperimentlər də göstərib ki, məhdud həcmdə alkoqolun insan orqanizminə xeyri ola bilər. Amma bu yalnız kiçik dozalara aiddir.
Araşdırmalar göstərir ki, meymunların əlinə alkoqol düşəndə bundan həvəslə istifadə edirlər. Onlar gur məclis qurmağı, xüsusilə günün ikinci yarısı içməyi xoşlayırlar. Bəzi meymunlar digərlərindən çox içsə də, özlərini həmişə yaxşı hiss edir. Amma meymunların bəzisinin içkiyə hədsiz həvəsi onları əyyaşa çevirə bilər. Meymunların içkiyə meyli demək olar insanlardakı kimidir.
“The Guardian” qəzetində bununla bağlı maraqlı material dərc olunub. Qəzetin yazdığına görə, meymunların bir çoxu yerə yıxılanadək içməyi sevir və bu, bəzən faciə ilə nəticələnir. Normadan artıq içən meymunlar alkoqolun təsirindən ayıla bilmir və ölür”.
İnqrid Spille yazır ki, professor Dadli insanların kiçik dozada alkoqollu həyata uyğunlaşdığı qənaətindədir: “Ancaq böyük dozada, iri həcmdə içkinin doğurduğu təhlükələrə hazırlıqlı deyilik. Ona görə də əvvəli yaxşı başlanan proses bu gün bizim üçün başağrısına çevrilib”.
İnqrid Spille öz məqaləsində tədim etdiyi fərziyyələrdə boşluqların olduğunu da qeyd edir: “Əgər alkoqol bizi bu qədər cəlb edirsə, onda niyə hər gün içmirik? Nəyə görə insanların hamısı içki düşkünü deyil?”
Oslodakı Təbiət və Tarix Muzeyinin əməkdaşı, zooloq Petter Bekman hesab edir ki, bəşəriyyət bizim alkoqolla dolu yeni həyata uyğunlaşmağımıza imkan vermiş ayrıca bir təkamül mərhələsindən də keçib: “10 min il qabaq insanlar əkinçiliyə – buğda və digər dənli bitkilər yetişdirməyə başladılar. Bu bitkilərdən isə pivə və şərab hazırlamaq olurdu. Biz əcdadlarımızın içkini necə hazırladıqlarını, nə qədər alkoqol qəbul etdiklərini bilmirik. Ancaq Avropanın yaxın tarixinə, orta əsrlərə nəzər salanda onların həddindən artıq çox içdiyini görürük.
XVII əsrdə Avropada bəziləri hər gün içirdi. Belələri 16 yaşından ölənədək içkili ömür sürürdü. İçki düşkünlərinin bir qismi həyatdan vaxtsız köçür və ya bütün var-dövlətini içkiyə xərcləyib səfil vəziyyətə düşürdü. Onlar unudulurdular, çünki belələrinin varisləri olmurdu. Ona görə də indiki avropalıları alkoqol qəbul edərkən özünə nəzarəti itirməyən adamların törəməsi saymaq mümkündür.
XVIII əsrdə Londonda cin adlanan tünd spirtli içkinin istehsalına başlanandan sonra sərxoşların gecə əyləncələri şəhəri bürümüşdü. Adamlar fasiləsiz içirdilər.
Buna bənzər hal XIX əsrin əvvəllərində Norveçdə də baş verdi. Norveç hakimiyyəti tünd spirtli içkilərin istehsalına və satışına qadağanı ləğv edəndən sonra ölkədə ab-hava tamam dəyişdi”.
Müəllif yazır ki, Gine Roll Skyervö Petter Bekmanın yanaşmasını qəbul edir.
Ancaq Norveç Təbiət və Texniki Elmlər Universitetinin psixoloqu, professor Leyf Edvard Ottesen Kennair hesab edir ki, əldə olunan nəticələrə ehtiyatla yanaşmaq lazımdır. O, içkiyə aludəliyin həm biologiya elminə, həm də mədəniyyətə toxunan mürəkkəb məsələ olduğunu vurğulayır.
Kennair fikirlərini belə əsaslandırır: “Bu problem biologiya elminə yaxın olduğu qədər də mədəniyyətlə bağlıdır. Təkamül dövrü üçün bir neçə yüz il əslində qısa zamandır. Əgər həmin bir neçə yüz ildə alkoqolun təsiri ilə təkamüldə genetik dəyişikliklər baş versəydi, indi biz alkoqol asılılığı olan adamlarla içki düşkünü olmayanlar arasında genetik fərqləri görmüş olardıq”.
O biri yandan İnqrid Spille yazır ki, dünyada bir çox alimlərin tədqiqatı bu cür genetik müxtəlifliyin yarandığını sübut edən arqumentləri ortaya çıxarıb: “Alkoqolun təsiri ilə genetikada dəyişikliyin baş verdiyini iddia edən mütəxəssislər daha çox Şərqi Asiyada aparılan tədqiqatları misal çəkirlər.
Asiyanın şərqində əkinçiliyin, habelə spirtli içkilərin istehsal tarixinə nəzər salan alimlərin qənaətinə görə, Asiya xalqlarının genində spirt fərqli şəkildə formalaşıb.
2010-cu ildə aparılan elmi araşdırmalar zamanı bir daha təsdiq olunub ki, Asiyanın düyü əkib becərən xalqlarında təbii alkoqol yaddaşlı gen formalaşıb. Gendə spirtli komponentlərin mövcudluğu həmin xalqlarda alkoqoldan qorunma qabiliyyəti – genetik müqavimət yaradıb.
Asiyalılarla müqayisədə avropalılar müdafiəsiz görünürlər. Çünki avropalıların genetik göstəricilərində onları alkoqoldan müdafiə edə biləcək komponentlər yoxdur”.
Amerikalıları da yaddan çıxarmayan məqalə müəllifi onları avropalılarla müqayisə edərək yazır: “Amerika hindularının genində alkoqola giriş kodu olmayıb. Avropalıların bu torpaqlarda peyda olması ilə yerli əhalinin həyatı tamamilə dəyişib. Məhz avropalılara görə yerli hindular alkoqolla bağlı böyük problemlər yaşamalı olublar”.
Vaxtilə hinduların heç birinin gen indeksində alkoqolla əlaqəli özəlliyin olmadığını, belə genetik xüsusiyyətlərin formalaşmasına tarixi, sosioloji, mədəni faktorların da təsir göstərdiyini yazan İnqrid Spille vurğulayır: “Bütün bunlar sübut edir ki, bəşəriyyət istəsə alkoqoldan birdəfəlik imtina edə və onu genetik yaddaşından silə bilər”.
Məqalədə qeyd olunur ki, Norveç əhalisi ictimai qınağın gücləndiyi və spirtli içkilərin satışına yüksək vergilərin qoyulduğu XIX əsrdən başlayaraq içməyi azaldıb.
İnqrid Spille məqaləsində alkoqolizmlə bağlı zaman-zaman çox böyük problemlər yaşayan Rusiyanı da unutmur: “Rusiyada aparılan yeni tədqiqatlar insan genində alkoqol fermentlərinin mühüm rolunu təsdiqləyib. Bu ölkədə spirtli içkilərin qəbulu nəticəsində baş verən ölüm hallarının göstəricisi son onilliklərdə müxtəlif cür olub.
Sovet İttifaqı dövründə, 1985-ci ildə spirtli içkilərə tətbiq etdiyi yüksək cərimələrdən, ictimai yerlərdə içmək qadağalarından sonra sonra Rusiyada alkoqoldan ölənlərin sayı 25% azalıb. Ancaq kommunist rejimi çökəndən sonra Rusiyada araq içənlərin və alkoqolizmdən ölənlərin sayı yenidən kəskin şəkildə artmağa başlayıb. Bir müddət sonra yenidən azalma baş verib. 2014-cü ildə aparılan tədqiqat göstərib ki, 2006-cı ildə Rusiyada reallaşdırılan alkoqol islahatları spirtli içki içənlərin sayını kifayət qədər azalda bilib”.
Məqalənin sonunda müəllif bildirir: “Deməli, içkini tamamilə qadağan etməklə problemi az-çox həll etmək mümkündür. Ancaq bu üsul effekt verməyə də bilər. XX əsrin əvvəllərində ABŞ-da və Avropanın bir çox ölkəsində qadağalardan istifadə etməyə çalışıblar, ancaq bir şey alınmayıb. Yasaqlar içməyə mane ola bilməyib. Kefli meymunu dayandırmaq isə elə də asan deyil”.
Mənbə: Forskning.no