ABŞ-ın “Vaşinqton Post” qəzetində Rusiyanın hazırda həbsdə olan müxalif lideri Aleksey Navalnını gözləyən təhlükə ilə bağlı məqalə dərc olunub. “Kreml yavaş-yavaş Aleksey Navalnını həbsxanada öldürə bilər. Dünya buna imkan verməməlidir” başlıqlı məqalənin müəllifi Vladimir Kara-Murzadır.
Novator.az-ın məlumatına görə, məqalədə vurğulanır ki, rəqibi öldürməyin bir neçə üsulu var: “Bəzən bu, açıq şəkildə həyata keçirilir. Ancaq daha çox zəhərləmə kimi sonradan inkar edilə biləcək üsullara əl atılır. Belə proseslərin gedişində hərdən səhvlərə də yol verilir. Korrupsiya ilə mübarizə aparan Aleksey Navalnının zəhərlənməsi ilə bağlı məşhur hadisə buna misaldır.
Siyasətçinin Federal Təhlkəsizlik Xidmətinin əli ilə zəhərləndiyi deyilir. Xaricdə müalicə alıb sağalan və geri dönən Navalnı hazırda Rusiya prezidenti Vladimir Putinin ən populyar düşmənidir. O, yanvar ayında Rusiyaya qayıdan kimi hakimiyyətin irəli sürdüyü saxta ittihamlarla həbs olunub. Avropa İnsan Hüquqları Məhkəməsi həmin ittihamları çoxdan rədd edib”.
Məqalədə deyilir ki, Kreml hazırda dustaq Navalnını paytaxt Moskvadan 50 kilometr aralıda – Pokrovada ciddi rejimli həbsxanada saxlayır və onu yenidən öldürməyə çalışır, amma bu dəfə bu işi yavaş-yavaş, əzab verə-verə həyata keçirir: “Navalnı şikayətcil adam deyil. Başına gələn bu qədər bəla – çoxsaylı həbslər, gözünə püskürdülən və az qala onu kor qoya biləcək “zelyonka” və ya ötənilki ölümcül zəhərlənmə Navalnının müqavimətini qıra, onu ruhdan sala bilmir. Ona görə Navalnı bir ay əvvəl, hələ istintaq təcridxanasında saxlandığı vaxt kürəyində kəskin ağrılar hiss etsə də, susdu. Bütün məhkəmə prosesi zamanı o, ayaq üstə dayanırdı, çünki otura bilmirdi, beli ağrıyırdı”.
Kara-Murza yazır ki, hakimiyyət bu yaxınlarda Pokrova həbsxanasında vəkillər Olqa Mixaylova və Vadim Kobzevin Navalnı ilə görüşməsinə icazə verməyəndə səs-küy qalxdı: “Nəhayət, Navalnı ilə görüşə razılıq alan vəkillər qarşılarında güclə yeriyən, yataqdan çətin duran, sağ ayağı keyimiş, kəskin bel ağrısından əziyyət çəkən bir adam gördülər.
Vəkil Olqa Mixaylovanın sözlərinə görə, Navalnı özü bu məsələni açıb-ağartmamağı tapşırsa da, müdafiəçiləri məsələni ictimailəşdirməyə qərar veriblər.
Onu şikəst edirlər. Ayrı cür ifadə etmək mümkün deyil. Həbsxana rəhbərliyi nə mülki həkimlərin Navalnıya baş çəkməsinə, nə də bel ağrılarına kömək edən dərmanların ona çatdırılmasına imkan verir. Hətta həkimin idman məşqləri ilə bağlı əliylə kağıza yazdığı təlimatları ona ötürmək mümkün deyil.
Həkimlər Navalnını müayinə etmədikləri üçün ona diaqnoz qoya bilmirlər. Ancaq ehtimal olunur ki, onun bel ağrıları qapalı, havasız dustaq maşınlarında və həbsxana kameralarında keçirdiyi sıxıntıların, habelə ötənilki zəhərlənmənin nəticəsidir. Həbsxana rəhbərliyi hesab edir ki, Navalnının qaçması ehtimalı böyükdür (həbs olunacağını bilə-bilə könüllü şəkildə Rusiyaya qayıdan insan haqda belə düşünürlər). Ona görə həbsxana gözətçiləri gecələr hər saat onu yuxudan oyadırlar. Bu isə yuxu işgəncəsi deməkdir”.
Məqalə müəllifi vurğulayır: “Navalnıya qarşı qəddar davranış insanın yaddaşında Sovet İttifaqının və çağdaş Rusiyanın islah-əmək düşərgələrində tibbi yardım göstərilmədiyinə görə həlak olmuş məhbuslar barədə dəhşətli xatirələri canlandırır. Navalnı təkcə Avropa Şurasının və Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatının siyasi məhbus kimi tanıdığı adam deyil. “Memorial”ın siyahısında onun adı 377-ci yerdədir. Navalnı həm də Putinin şəxsi məhbusudur. Onun “cinayəti” mübarizə aparmaq üçün bir mühitin olmadığı ölkədə siyasi müxalifət yaratmaq əzmi nümayiş etdirməsindədir.
Televiziya şəbəkələrindən tutmuş seçki bülletenlərinə, partiya qeydiyyatına qədər hər şeyə dövlətin nəzarət etdiyi bir sistemdə Navalnı Putin hakimiyyətinə meydan oxuyan, onun idarəçilik sisteminə alternativin olmadığı iddialarını alt-üst edən və rejimi ən zəif nöqtəsindən vurub korrupsiyanı ifşa edən populyar bir hərəkat qurdu. Bu hərəkat üzvlərinin əksəri gəncdir”.
Məqalədə bildirilir ki, Putinin Navalnıya qarşı cavab tədbirlərini indi həbsxanadakılar həyata keçirirlər: “Bu tədbirlər sırasına yuxudan məhrum olunmalar, müntəzəm fiziki ağrılar və tibbi yardımdan imtinalar daxildir. Ötən həftə minlərlə rusiyalı həkimin imzaladığı açıq məktubda da bu davranış “düşünülmüş işgəncə”adlandırılıb”.
Vladimir Kara-Murzanın fikrincə, bu işgəncələri yalnız Qərb demokratiyası liderlərinin şəxsi, birbaşa müdaxiləsi dayandıra bilər: “İşgəncə və pis rəftar hətta həqiqi cinayətkarlara qarşı da qəbuledilməzdir, o ki qaldı siyasi baxışlarına görə həbs edilmiş insana qarşı ola. Bu, Rusiyanın imzaladığı bütün müqavilə və konvensiyalara ziddir”.
Məqalənin sonunda vurğulanır: “Qərb liderlərinin şəxsi himayəsi həm sovet dönəmində, həm də son illərdə bir çox siyasi məhbusun həyatını xilas etməyə, onların azadlığa çıxmasına kömək edib. ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putini “qatil” adlandıranda həqiqəti söylədiyinə görə qəzetlərin manşetinə düşmüşdü. İndi qurbanların siyahısına yeni adların əlavə olunmaması onun əlini uzadıb telefon dəstəyini götürməsindən asılıdır”.
Mənbə: Washingtonpost.com