Nə üçün internetdə hər şey get-gedə bu qədər bahalaşır? ABŞ-ın məşhur “Bloomberg” agentliyinin saytında bununla bağlı maraqlı məqalə dərc olunub. “Bütün internet ödənişləri ondan ötrüdür ki, “Google” və “Facebook” pulsuz olsun” başlıqlı məqalənin müəllifi Aleks Uebdir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
“Google” və “Facebook” aləmə car çəkib bildirir ki, onların əsas xidmətləri pulsuzdur. Əslində, düz deyirlər. Amma onların toxunmadığı bir məsələ də var: məhz onların ucbatından, demək olar ki, bizim internetdə istifadə etdiyimiz hər şey bu qədər bahadır.
Gəlin internet vasitəsilə qeydiyyata alınan bütün ödənişli xidmətlərə və məlumatlara nəzər salaq. Xəbərlər, filmlər, musiqilər və hətta teatr tamaşalarına artıq abunə haqqı tətbiq olunur.
Elə bugünlərdə “Twitter İnc.” şirkəti ödənişli məhsul planlaşdırdığını elan etdi. “Super izləmələr” adlanan həmin xidmət sayəsində istifadəçilər “premium” tvitlərə və digər məzmuna görə izləyicilərə ödəniş tətbiq edə bilərlər. Bu addım şirkətin reklam gəlirlərindən asılılığını azaltmaq məqsədi daşıyır. Çünki reklam gəlirləri getdikcə yalnız “Google” və “Facebook”un cibinə axır.
İnternetin gücü və reklamların gətirdiyi gəlir bu iki platformada – “Google” və “Facebook”da cəmləşməyə davam edərsə, internetdə başqa platformalarda izlədiyiniz, oxuduğunuz və ya dinlədiyiniz hər şeyin artıq pullu olacağını gözləmək mümkündür.
İnternet yaranana qədər reklam radio-televiziyadan tutmuş qəzet-jurnala qədər istifadə etdiyimiz bütün kütləvi informasiya vasitələrini subsidiyalaşdırırdı. Reklamın dəstəklədiyi bu model internetə də daxil oldu və bizi onlayn məzmunun pulsuz olacağını gözləməyə vadar etdi. Məsələn, xəbər təşkilatları oxuculardan pul almırdılar və ümid edirdilər ki, onların məqalələrini nə qədər çox oxucu oxusa, dərc etdikləri reklamlardan bir o qədər çox gəlir götürəcəklər.
Ancaq son onillikdə reklamlar ilk növbədə axtarış sistemlərinə və sosial şəbəkə nəhənglərinə gəlir gətirməyə başlayıb. Dünya Reklam Araşdırması Şurasının məlumatına görə, 2020-ci ildə dünyada internet vasitəsilə reklama xərclənən 300 milyard dolların 74%-i “Google” və “Facebook”un əlində cəmləşib. Bu, gəlir əldə etmək üçün reklamlara güvənən digər platformaların ümidinin puça çıxması deməkdir.
Reklam həmişə istehlakçılara satışdan daha sərfəli olub. Hələ 2006-cı ildə “Nyu-York Tayms” qəzeti oxuculardan abunə üçün orta hesabla 534 dollar alırdı, reklamlardan isə hər abunəçiyə görə əlavə 1064 dollar qazanırdı. 2006-cı ildə “New York Times Co” şirkətinin reklam gəliri pik səviyyəyə çatanda şirkətin qəzeti (yəni “Nyu-York Tayms” qəzeti) satışdakı 2.1 milyard dollarlıq gəlirinin 61%-ni reklamlardan əldə etmişdi. Qəzet köşklərində qəzetlərin satış qiymətinin artmasına çox az rast gəlinirdi, çünki bunun əvəzinə onlar reklam yerləşdirən şəxslərdən daha çox pul alaraq inflyasiya tempini xeyli qabaqlayırdılar.
İndi isə bu cür imtiyazlardan texnologiya nəhəngləri faydalana bilir. 2017-ci ildən “Facebook” daha çox reklam təqdim etməklə və lazım olduqda qiymətləri qaldırmaqla ABŞ və Kanadada hər istifadəçi üzrə orta gəlirini ikiqat artıraraq 159 dollara çatdırıb. Analitiklər proqnoz verirlər ki, 2024-cü ilədək “Facebook”un ümumi gəliri yenidən iki dəfədən çox artaraq 176 milyard dollara çatacaq.
Məsələyə istehlakçıların gözüylə baxsaq, bəlkə də düşünə bilərsiniz ki, axtarış funksiyası və sosial şəbəkələr praktiki olaraq hər kəsin istifadə etdiyi köməkçi funksiyalar olduğuna görə pulsuz olmalıdır, daha spesifik xidmətlərə isə ödəniş tətbiq edilməlidir. Ayrı-ayrı yazarların xəbər bülletenlərinə pullu abunə təklif edən “Twitter”in “Super izləmələr” xidməti və “Substack İnc.” sizə istədiyiniz məzmun üçün ödəniş etmək imkanı verir: kim istəyir valyuta ticarəti haqqında tvitlərə ödəniş etsin, kim də istəyir qlütensiz yemək reseptləri barədə informasiya bülleteninə.
Yalnız istədiyiniz məzmun üçün ödəniş edəcəyinizi nəzərə alsaq, bu sistem daha effektiv ola bilər. Lakin bu o demək deyil ki, istehlakçılar üçün daha sərfəli olacaq. “Netflix İnc.” və “Disney+” kimi video xidmətlərinin artması da eyni nəticəyə gətirib çıxarır. Həmkarım Tara Laşapelin sözlərinə görə, ənənəvi kabel paketlərindən istifadəni dayandıran şəxslər görürlər ki, indiki dövrün çoxsaylı abunə haqları əvvəlki dövrün qiymətlərindən heç də ucuz deyil.
Bəli. Siz artıq daha yaxşı, daha rahat və reklamsız məzmunlara baxa bilirsiniz. Lakin bu sizə daha baha başa gəlir. Eyni şey “Twitter” və “Substack” üçün də keçərlidir. Məsələn, əgər bu platformalarda hər ay dörd yazarın məqalələrini oxumaq üçün onların hər birinə 5 dollar ödəsəniz, ümumi aylıq məbləğ sizə daha geniş informasiya təqdim edən “Nyu-York Tayms”ın 17 dollarlıq aylıq abunə haqqını keçəcək.
“Super izləmələr” bu etapda “Twitter”in biznesinin yalnız kiçik bir hissəsidir. Amma ödənişli xidmətlərin artması ilə yanaşı, abunə haqlarının və ödənişli videoların artması da göstərir ki, “Google” və “Facebook”dan başqa bütün platformaların abunə haqqı tətbiq etdiyi bir dünyada “Twitter” kimi yeni media şirkəti də ödənişli sistem yaratmalıdır.
Bəlkə bu o qədər də pis deyil, amma etiraf etməliyik ki, artıq reklamla subsidiyalaşdırılan mediadan reklamla subsiyadalaşdırılan axtarış sisteminə və sosial şəbəkələrə keçmişik. Bəlkə indi məzmunun qiymətini daha yaxşı bilərik. Onu istehsal etmək üçün pul tələb olunduğu kimi, onu istehlak etmək üçün də pul tələb olunur.
Aleks Ueb
Mənbə: Bloomberg.com