Dünyanı bürüməkdə olan yeni sosial şəbəkə – “Nyu-York Tayms”
- 11 Mart 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetTribuna
Dünyada yeni sosial şəbəkə – “Clubhouse” (Klubhaus) sürətlə məşhurlaşmaqdadır. “Clubhouse” audio (səsli) ünsiyyətə əsaslanan bir şəbəkədir. Yarandığı hələ bir il deyil. Hər ay bu şəbəkəyə milyonlarla yeni istifadəçi qoşulur. Məşhur markalar (brendlər) “Clubhouse”dan faydalanmağa can atdığına görə artıq “Audio Collective” adlı yeni şirkət bu platformada biznes qurmağa kömək etmək məqsədilə fəaliyyətə başlayıb. Eyni zamanda “Twitter” və “Facebook” kimi şirkətlər öz platformalarında “Clubhouse”un uğurunu təkrarlamağa, audioya əsaslanan format tətbiq etməyə çalışır.
Novator.az saytı “Clubhouse”a marağı nəzərə alaraq ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc edilmiş “Audio yaradıcılarının dövrü gəldi” başlıqlı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Məqalənin müəllifi qəzetin texnologiya müxbiri, internet mədəniyyəti mövzuları üzrə ixtisaslaşmış Teylor Lorensdir.
Audio yaradıcılarının qurduğu, yalnız audio “çat”ından ibarət olan “Clubhouse” tətbiqi proqramı fantastik sürətlə irəliləyir.
Audio yaradıcıları burada hər həftə milyonlarla dinləyici cəlb edir və onlayn izləmə yaradırlar.
Hazırda “Clubhouse”un sürətlə inkişaf etməsi və “Twitter” kimi digər sosial tətbiqi proqramların onun uğurundan nümunə götürməsi onların bir araya gələrək böyük markalarla (brendlərlə) işləməsinə yol açıb.
“Audio Collective” adlı yeni şirkət audionun inkişafının nəticələrindən biridir. Bugünlərdə fəaliyyətə başladığını bəyan edən şirkət audio sahəsində işləyən yaradıcılara tədbirlərin planlaşdırılması xidməti, markalar üzrə konsultasiya, dəstək və birgə iş üçün cəmiyyət qurmağı təklif edir.
“Audio Collective” şirkətinin təsisçiləri daha güclü idarəçilik siyasəti və daha yaxşı analitik qiymətləndirmə metodları müəyyənləşdirmək, həmçinin performans göstəriciləri və monetarizasiya alətlərinə nail olmaq üçün “Clubhouse”u dəstəkləməyi planlaşdırırlar.
Şirkətin 40 təsisçi var. Onlar özləri də yaradıcı insanlardır. Onlar tok-şou, görüşlər, müzakirə qrupları və digər yüksək səviyyəli tədbirlər keçirirlər və milyonlarla izləyici toplayırlar.
Əvvəlcədən çəkilmiş şouları təqdim edən podkasterlərdən fərqli olaraq onlar daha çox yayımçı kimi canlı və interaktiv auditoriya üçün çıxış edirlər.
“Audio Collective”in fəaliyyəti “Clubhouse”un “Yaradıcıların pilot proqramı” adlı daxili proqrama əsaslanacaq. Bu proqram ötən ilin dekabr ayında elan edilib və “Clubhouse” istifadəçilərinin sayını artırmaq məqsədi daşıyır.
“Audio Collective” həmçinin hazırda “Clubhouse” platformasının profilində olmayan xidmətləri təklif edəcək. Buraya markalara (brendlərə) tədbirlərin təşkilində kömək etmək və onları “Clubhouse”da yaradıcılarla uyğunlaşdırmaq kimi xidmətlər daxildir.
Bütün bunlar “Clubhouse”un yaranmasının hələ bir ili tamam olmamış baş verən hadisələrdir.
“Apptopia” analiz şirkətinin məlumatına görə, ötən ilin aprel ayında təqdim olunan “Clubhouse” tətbiqi proqramını həmin vaxtdan bəri 4.7 milyondan çox insan yükləyib.
“Clubhouse” şirkəti bu ilin yanvar ayında 100 milyon dollardan çox maliyyə vəsaiti cəlb edərək öz investisiya portfelinin dəyərini 1 milyard dollara çatdırıb.
“Clubhouse”un sürətli inkişafını görən “Twitter” və “Facebook” kimi şirkətlər öz platformalarında onu təkrarlamağa, yalnız audioya əsaslanan format tətbiq etməyə çalışırlar.
Ekspertlər interaktiv audionu cəmiyyətdə yeni dalğa yaradacaq və insanlara tamamilə yeni bir düşüncə tərzi gətirəcək həyəcanlı mühit kimi qiymətləndirirlər.
“The Passion Economy”nin yaradıcısı Adam Davidson öz çıxışında deyib: “İndiyə kimi bu qədər marka (brend), biznes adamı, nüfuzlu blogerlər və adi insanlar öz auditoriyalarına belə asan çıxış imkanına malik olmayıb. İstənilən transformasiya mühiti kimi “Clubhouse” da yeni imkanlar və möhtəşəm sürprizlər təklif edir. Bundan başqa, diqqətcil və davamlı bələdçiyə ehtiyac yaranır. “Audio Collective” məhz həmin bələdçidir”.
Monrealda sahibkar və audio yaradıcısı kimi fəaliyyət göstərən 26 yaşlı Farox Sarmad “Audio Collective”in üzvü olmasa da, “Clubhouse”da öz birgə qruplarını yaratmağa başlayıb.
Farox Sarmad hesab edir ki, səs insanlar arasında ünsiyyət üçün ən güclü vasitə olduğuna görə “Clubhouse” dövrümüzün ən güclü və təsirli influenserlərini yetişdirəcək.
İstedadlı şəxsləri üzə çıxarmağa çalışan şirkətlər, agentlər və marketinq menecerləri hələ kəşf edilməmiş yaradıcıları tapmaq və yeni imkanlar əldə etmək üçün “Clubhouse”da axtarışa çıxıblar.
İnfluenserlərin marketinq agentliyi olan “Whalar”da tərəfdaşlıq əlaqələri üzrə baş vitse-prezident Lindsi Fuls “Clubhouse” platforması barədə belə deyir: “Clubhouse”da tanış olduğumuz yaradıcılarla ən bahalı 10 marka (brend) arasında qısa zamanda tərəfdaş əlaqəsi qura bildik”.
“Audio Collective”dəki yaradıcılar indiyədək “Showtime”, “Milk Bar” və “Cash App” kimi məşhur markalarla işləyiblər.
“Hər birimizə markalardan, agentliklərdən, studiyalardan və təşkilatlardan xeyli sayda sorğu gəlir” – Los-Ancelesdə yaşayan və “Clubhouse”da 323 mindən çox izləyicisi olan 46 yaşlı yaradıcı Françeska Hoqi belə deyir.
Françeska Hoqi vurğulayır: “Biz cəmiyyət formalaşdırmaq və yeniliklər etmək iqtidarında olduğumuzu görən digər yaradıcılardan sorğular almışıq, onlar bizimlə əməkdaşlıq etmək istəyirlər”.
“Audio Collective”in təsisçi üzvləri “Clubhouse”da müxtəlif növ məzmunlar hazırlayırlar.
Mir Harris “Clubhouse”da “Disney”in “Kral Şir” cizgi filminin tamaşasını hazırlayıb.
Leiti Hsu “Clubhouse”da məşhur ziyafət şousuna aparıcılıq edir.
Keçmiş administrator Ket Koul isə hazırda “Clubhouse”da liderlik mövzusunda seminarlar keçirir.
“Clubhouse” yaradıcıları üçün istedad və marka agentliyi olan “AgentC”nin təsisçisi Rembrandt Flores söyləyir ki, təxminən bir həftə əvvəl öz agentliyini yaratdıqdan sonra telefonu susmur: “Bu mənə “İnstagram”ın yeni çıxdığı günləri xatırladır. Bütün bu agentliklər həmin vaxtdan yaranmağa başlayıb”.
Rembrandt Flores əlavə edir: “İndi tamamilə yeni bir mühitdəyik. Video və şəkillər bizi bezdirib. Amma “Clubhouse”un fərqli formatı sayəsində daha bundan narahat olmağa dəyməz. “Clubhouse” həqiqətən bizə sərbəstlik verir. İnfluenserlərin bu yeni nəsli əvvəlkilərdən daha güclü olacaq”.
“Clubhouse”a hər ay milyonlarla yeni istifadəçi qoşulur. Ancaq platforma nifrət aşılayan çıxışlar, təqib və dezinformasiya müəllifləri ilə mübarizə də aparmalı olur.
Françeska Hoqi qeyd edir: “Bir kollektiv kimi bizim öhdəliklərimizdən biri “Clubhouse” cəmiyyətinin səs tonunu müəyyənləşdirməyə kömək etməkdir”.
Qrup şirkəti diqqətli idarəçiliyə və təhlükəsizlik vasitələrindən istifadəyə yönəltməyi planlaşdırır.
“Biz istəyirik ki, insanlar platformadan rahat və təhlükəsiz şəkildə istifadə etsinlər. Buna görə də daha yaxşı və daha güclü təhlükəsizlik vasitələrinin tətbiqini birmənalı şəkildə dəstəkləyirik” – Los-Ancelesdə yaşayan 49 yaşlı Ketrin Konnors belə deyir.
Bəzi yaradıcılar düşünürlər ki, tətbiqi proqramda onların təklif etdikləri qiymətlər aşağı olur. Hər hansı bir şəxs “Clubhouse”da qeydiyyatdan keçərkən ilk növbədə proqramın təklif etdiyi istifadəçiləri görür. Bu istifadəçilərin əksəriyyətini proqramın investorları və onların yaxın tərəfdaşları təşkil edir. “Audio Collective”in məqsədi yaradıcı səsləri daha geniş auditoriyaya çatdırmaqdır.
Farox Sarmad “Clubhouse”da xüsusilə gənc istifadəçilər arasında birdən-birə digər birgə qrup və kollektivlərin ortaya çıxdığını deyir: “Eyni üsulla yeddi il əvvəl vaynerlər və “İnstagram” istifadəçiləri bir araya gəliblər. Bu proses “Clubhouse”da pərdə arxasında baş verir. Biz proqramı yaxşı formada idarə etmək üçün birliklər yaratmağa çalışırıq”.
Sarmad həmçinin qeyd edir: “İnsanların proqramda gördükləri arxa kanallarda baş verənlərin nəticəsidir. Hamı əməkdaşlıq qrupları formalaşdırır”.
“Audio Collective”dən olan yaradıcılar “İnstagram” influenserlərinin, yutuberlərin, “TikTok” ulduzlarının və “Twitch” yayımçılarının yolu ilə gedərək müstəqil fəaliyyətə doğru daha böyük addım atdıqlarını düşünürlər.
Ketrin Konnors bildirir: “Biz daha geniş media platforması və yaradıcı kütləsi üzərində fəaliyyətə başladığımızı düşünürük. Bizim məqsədimiz sadəcə audionun transformasiya modelini yaratmaqdan ibarət deyil. Biz həmçinin istəyirik ki, yaradıcıların fəaliyyətinə yönəlmiş mədəniyyət formalaşdıraq. Yəni bu mədəniyyət platformalar və texnoloqlar tərəfindən formalaşmayacaq. Onun müəllifləri incəsənət adamları, yaradıcı və istedadlı şəxslər olacaq”.
Teylor Lorens
Mənbə: Nytimes.com