Pandemiya dünyanın demək olar hər yerində bir çox adamın evdən işləməsinə səbəb olub. Bəs işçinin evdən işləməsi onun karyerasına, maaşına təsir edirmi?
Qərb ölkələrində bəziləri evdən işlədiyinə görə yaşayış yerini də dəyişib: iş yerinə yaxın məkanda kirayələdiyi mənzildən çıxıb daha uzaq məkanlarda daha ucuz qiymətə mənzil kirayələyib. ABŞ-da, Britaniyada bəziləri iş yerindən xeyli uzaqda, təbiət qoynunda kottecdə yaşamağa və oradan işləməyə başlayıb.
Amma məşhur “Leathwaite” şirkətinin keçirdiyi sorğu göstərir ki, məsafədən işləmək üçün dolanışığın daha ucuz başa gəldiyi bölgələrə köçən işçilərin maaşları azaldıla bilər.
“Leathwaite” rəhbər işçilərin axtarışı ilə məşğul olan beynəlxalq şirkətdir. London, Nyu-York, Honkqonq, Sürix şəhərlərində ofisləri olan bu şirkət Amerika, Avropa, Asiya, Afrika, Yaxın Şərq və Okeaniya ölkələrindən aldığı sifarişlərlə işləyir.
Novator.az-ın məlumatına görə, şirkət kadr işlərinə rəhbərlik edən 250 nəfər arasında sorğu keçirib.
Aydın olub ki, kadr işlərinə rəhbərlik edənlərin 45%-i kotteclərə köçüb yaşayan işçilərin maaşlarını və onlara verilən mükafatları azaltmağın tərəfdarıdır.
Sorğuda iştirak edən rəhbər şəxslərin üçdə ikisi hesab edir ki, evdən işləyənlər həftənin heç olmasa iki-üç günü ofisə gəlməlidirlər.
Rəhbər şəxslərin 8%-i isə əvvəlki kimi ofis şəraitində beş günlük iş həftəsinin bərpasını gözləyir.
Sorğunun nəticələrini təhlil edərkən “Leathwaite” şirkəti bu qənaətə gəlib ki, məsafədən işləyənlərin karyerasında irəliləyiş mümkün olmayacaq.
Amma ABŞ, İngiltərə və Asiya ölkələrində fəaliyyət göstərən iri şirkətlərin kadr üzrə mütəxəssisləri bildiriblər ki, evdən çalışanlar işlərini əldən verməmək üçün potensial rəqibləri ilə yarışa girməli olacaqlar. Bu isə müasir iş yerlərində rəqabəti gücləndirəcək və daha bacarıqlı şəxslərin üzə çıxmasına şərait yaradacaq.
“Reuters” agentliyinin məlumatına görə, Böyük Britaniyada pandemiya insanların 36%-nin evdən işləməsinə gətirib çıxarıb.
Britaniyanın Məşğulluq Konfederasiyasının hesabatına əsasən, ölkədəki müəssisələrin 28%-i vakant yerlər üzrə seçimində ofisdən uzaqda yaşayanlara üstünlük verir.
Məşğulluq Konfederasiyasının işçilər arasında apardığı sorğu göstərib ki, hazırkı şəraitdə şirkətlərin yalnız yarısı kadr işlərini düzgün qurur.
Mənbə: Reuters.com