Putin Rusiyanı hara aparır? – “Financial Times”
- 15 Fevral 2021
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərh
“Aleksey Navalnını həbsə məhkum etmək Putin rejimi üçün onunla gizlində haqq-hesab çəkməkdən daha riskli addımdır”. Novator.az-ın məlumatına görə, “Financial Times” qəzetində çap olunan məqalədə belə deyilir.
Məqalənin müəllifi siyasi ekspert Tatyana Stanovayadır.
Yazıda vurğulanır ki, Kreml son illərdə ən çətin vəziyyətə düşüb: “2014-cü ildə Ukraynanın Krım bölgəsini ilhaq edəndən sonra Putinin Qərblə münasibətləri kəskinləşsə də, o, geosiyasi məkanda bəzi gedişlər edə bildi. Putin o zaman idarəçiliyə simasız texnokratları gətirdi. Onun uğur qazanmasının əsas səbəbi isə ölkədə həyat səviyyəsini yaxşılaşdırmağı, eləcə də bütün dünyada rus ruhunun, qürurunun dirçəlişini nümayiş etdirməyi bacarması idi. Lakin bu gün rejim ölkəni yalançı ovqatla, qorxudulan adamların vasitəsilə idarə edir. İndi Putin rejimi insanları inandırmağa çalışır ki, guya “ana Rusiya” yenidən alınmaz qalaya çevrilib”.
Məqalədə daha sonra deyilir: “Bu qəddar taktika hökumətin sosial-iqtisadi çətinlikləri, pandemiyanın səhiyyədə üzə çıxardığı problemləri dandığı bir dövrdə də işə yarayacaqmı? Real gəlirlər azalmaqdadır, pensiya yaşının qaldırılması isə sosial gərginliyi artırıb. Bu kimi amillər Navalnının həbsindən sonra insanların küçələrə axışmasına təkan verib. 2020-ci ilin noyabrında keçirilən müstəqil sorğuda respondentlərin 2%-i prezident seçkisində Navalnıya səs verməyə hazır olduğunu bildirmişdi. 2021-ci ilin yanvar ayının sonunda bu göstərici artıq 5%-ə yüksəlib. Navalnının həbsi onu ədalətsizliyin qurbanına çevirib və Putinə xalq miqyasında bir xəbərdarlığın nümayiş etdirilməsi ilə nəticələnib. Rusiyada prezident seçkisi 2024-cü ildən tez baş tutmayacaq. Putinin vəziyyəti isə çox çətindir, ilk dəfədir o, real rəqiblə üz-üzə gəlib. Kreml artıq xalq etirazını yönəltmək, zərərsizləşdirmək iqtidarında deyil”.
Amma Kremlin repressiya resurslarının, etirazçıları təqib və həbs etmək, onlara müxtəlif yollarla hədə-qorxu gəlmək imkanlarının hələ tükənmədiyini yazan müəllif Tatyana Stanovaya eyni zamanda qeyd edir ki, artıq güc strukturları da özlərini Putinin sadiq xidmətçiləri kimi göstərməyə tələsmirlər: “Putin isə gələcəkdə də ölkəni yalnız onların hesabına idarə edə biləcəyini düşünür. Rusiyanın sosial-iqtisadi durumu yaxşı deyil, problem çoxdur, ancaq vəziyyət çıxılmaz da deyil. Sadəcə, rejim vəziyyətdən ləyaqətlə çıxmağın yolunu bilmir. Rusiya əhalisinin 80%-i hakimiyyətə inanmır, mövcud iqtidarı korrupsiyalaşmış rejim kimi qəbul edir. Kreml artıq tükənib. Putinin özünü yenidən ciddi islahatlara məcbur etməsi isə mümkün görünmür. Onun ancaq həmişəki işlək vasitələri qalıb: Rusiya daxilində düşmən axtarmağa davam etmək, sosial şəbəkələrə təzyiqi gücləndirmək, xarici rəqiblərin sui-qəsdləri mövzusunu daha da qızışdırmaq”.
Yazıda vurğulanır: “Navalnının zəhərlənməsi hadisəsi ətrafında baş verənlər proseslərin alovlanması üçün bir qığılcım oldu. Bu qığılcımı alova çevirən isə əhalinin Putin rejimindən yorulması, məyusluğu, rejimin dəyişmək istəməməsidir. Opponentləri ilə hər hansı dialoqdan imtina edən rejim faktiki olaraq sosial gərginliyi siyasi etiraz səviyyəsinə qaldırmaqla məşğuldur. Rejim ya müdriklik göstərib daha yumşaq mövqe tutmalı, ya da birmənalı şəkildə repressiv dövlətə çevrilməlidir. Son hadisələr göstərir ki, Putin hakimiyyəti Rusiyanı ikinci yola aparır”.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.
Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.
Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Həmin gün o, paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.
Müxalif siyasətçinin sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran Navalnı bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.
Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozması ittihamı ilə Navalnı barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.
Aleksey Navalnı paytaxt Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.
Ximki Şəhər Məhkəməsinin həbs qərarından bir gün sonra internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.
Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, etiraz aksiyaları keçirməyə səsləyiblər.
Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləyib.
Yanvarın 23-dən Rusiyanın bir çox şəhərində və regionunda kütləvi etiraz aksiyaları start götürüb. Həmin gün və ayın 31-də keçirilən aksiyalarda əsas tələb Aleksey Navalnının azadlığa buraxılması olub.
Fevralın 2-də Moskva Şəhər Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Hökm Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.
Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.
Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.
Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.
Məhkəmə Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.
Mənbə: Ft.com