Türkiyəyə sığınan uyğurlar niyə qorxuya düşüblər? – “Associated Press”
- 10 Fevral 2021
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərh
Məlum olduğu kimi, Türkiyədə əhali Çinin “Sinovac” şirkətinin istehsal etdiyi vaksinlə peyvənd olunur. ABŞ-ın “Associated Press” agentliyinin internet səhifəsində Çindən qaçıb Türkiyəyə sığınmış uyğurların Çinlə Türkiyə arasındakı peyvənd razılaşmasına qurban gedəcəkləri, geriyə – Çinə deportasiya ediləcəkləri sarıdan ciddi narahat olduqları barədə yazı dərc edilib. Novator.az saytı yazını ingiliscədən çevirərək təqdim edir.
Türkiyədə yaşayan uyğur türkü Abdullah Metseydi ötən ay axşam saatlarında əvvəlcə çöldə səs-küy eşidib, sonra isə qapı döyülüb: “Polisdir! Açın qapını!”
O, qapını açan kimi Türkiyənin terrorla mübarizə qüvvələrinin bir neçə zabiti içəri girib. Əksəriyyəti silahlı olub. Onlar Metseydidən Çinə qarşı hər hansı hərəkatda iştirak edib-etmədiyini soruşublar və onunla arvadını deportasiya ilə hədələyiblər. Metseydini deportasiya məntəqəsinə aparıblar. Bu gün o, hələ də siyasi mübahisənin mərkəzində öz aqibətini gözləyir.
Türkiyədə siyasi müxalifətin liderləri hökuməti koronavirus vaksinləri qarşılığında uyğurları gizli yolla Çinə deportasiya etməkdə günahlandırırlar. Vəd edilən on milyonlarla dozada Çin vaksini hələ də ölkəyə gəlib çıxmayıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, son aylarda türk polisi intensiv reydlər keçirərək təxminən 50 uyğuru deportasiya mərkəzinə aparıb. Bu da ötən ildən bəri bu şəkildə saxlanılan şəxslərin sayında önəmli bir artımın olduğunu göstərir.
Mübadilə barədə hələ dəqiq bir sübut olmasa da, hüquq müdafiəçiləri və uyğurlar Çin hökumətinin vaksinlərdən ekstradisiya sazişinin tətbiqinə nail olmaq məqsədilə istifadə edəcəyindən qorxurlar. Saziş bir neçə il əvvəl imzalansa da, Çin hökuməti onu birdən-birə 2020-ci ilin dekabrında ratifikasiya edib. Saziş artıq bu ay Türkiyə parlamentinə təqdim oluna bilər.
Uyğurlar hesab edirlər ki, sazişin təsdiqlənməsi onların həyatını təhlükədə qoya bilər. Onlar kütləvi həbsdən can qurtarmaq üçün tərk etdikləri ölkəyə – Çinə yenidən deportasiya olunmaq qorxusu ilə yaşayırlar.
Hazırda Çində bir milyondan çox uyğur türkü və digər müsəlman azlıqların nümayəndələri həbsxana və düşərgələrdə saxlanır. Çin hökuməti onların terrorla mübarizə çərçivəsində həbs olunduqlarını nə qədər iddia etsə də, ABŞ Çinin həyata keçirdiyi həbsləri “soyqırımı” sayır.
Metseydinin arvadı Məlikə göz yaşları içərisində “Deportasiya edilməkdən qorxuram” söyləyir. O, cəzalanmaqdan qorxduğu üçün mətbuatda soyadının çəkilməsini istəmir. Məlikə ərinin psixoloji vəziyyətindən də çox narahat olduğunu bildirir.
Çin vaksinlərinin ilk partiyası Türkiyəyə ötən ilin dekabrında bir neçə həftə gecikdiriləndən sonra göndərilib. Bu, Çinlə Türkiyə arasında uyğurların mübadiləsi ilə bağlı razılaşmanın əldə edilməsinə dair şübhələr yaradıb.
Türkiyənin əsas müxalifət partiyasından olan millət vəkili Yıldırım Kaya Çinin yanvar ayının sonuna qədər göndərməyi vəd etdiyi 30 milyon dozanın yalnız üçdə birini göndərdiyini deyir.
Türk hökuməti ölkədə 2,5 milyon insana yoluxan və 26 mindən çox şəxsin ölümünə səbəb olan koronavirus xəstəliyinə qarşı əhalidə immunitet yaratmaq üçün Çinin “Sinovac” vaksininə etibar edir.
Yıldırım Kaya bildirir: “Vaksinlərin bu qədər gecikməsi normal deyil. Biz bu vaksinlərin pulunu ödəmişik. Çin Türkiyəni şantaj edir?”
Yıldırım Kaya Çinin təzyiqləri ilə bağlı türk hökumətinə suallar ünvanladığını, lakin hələ heç bir cavab almadığını söyləyir.
Həm Türkiyənin, həm də Çinin hakimiyyət orqanları ekstradisiya haqqında sazişin uyğurların deportasiyası ilə əlaqəli olmadığını bəyan edib. Çinin dövlətə məxsus kütləvi informasiya vasitələrində vaksin qarşılığında uyğurların deportasiyası ilə bağlı iddialar qarayaxma adlandırılıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin vaksinlərlə ekstradisiya sazişi arasında heç bir əlaqənin olmadığını vurğulayıb. O, ötən həftə keçirilən mətbuat konfransında belə iddiaların əsassız fərziyyələr olduğunu bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabr ayında deyib ki, vaksinlərin gecikməsi uyğurların problemi ilə əlaqədar deyil.
“Biz uyğurlardan siyasi məqsədlər üçün istifadə etmirik, onların insan hüquqlarını müdafiə edirik” deyə Çavuşoğlu bildirib.
Hazırda çox az sayda insanın deportasiya olunmasına baxmayaraq son həbslər Türkiyədə yaşayan 50 min nəfərlik güclü uyğur icmasının canına qorxu salıb.
Son həftələrdə Türkiyənin Pekindəki səfiri Çin vaksinlərini tərifləyərkən Ankaranın Çinlə “hüquq sahəsindəki əməkdaşlığı” yüksək qiymətləndirdiyini də qeyd edib. Onun sözləri uyğurlarda sərt cəza tədbirlərinin görüləcəyi ilə bağlı narahatlıq yaradıb.
Keçmişdə az sayda uyğur Suriyaya hərbi təlimlərdə iştirak üçün gedib. Türkiyədəki uyğurların çoxu isə uyğur məsələsi ilə bağlı qığılcımın alovlanmaması üçün cihad tərəfdarları ilə birlikdə görünməməyə çalışır.
Həbs edilmiş uyğurların hüquqlarını müdafiə edən vəkillərin sözlərinə görə, əksər halda türk polisi uyğurların terror qrupları ilə əlaqədə olmasına heç bir sübut tapa bilmir.
Ankaradan hüquq professoru İlyas Doğan həbslərin siyasi motivli olduğunu iddia edir.
Polislərin heç bir konkret dəlil göstərmədiyini söyləyən İlyas Doğan hazırda deportasiya mərkəzlərində saxlanan altı uyğurun hüquqlarını müdafiə edir. Metseydi də onlardan biridir. “Onlar ciddi işlə məşğul deyillər” – İlyas Doğan belə hesab edir.
Doğan saziş təsdiqlənsə də, Türkiyədə uyğurlara qarşı geniş xalq rəğbətini nəzərə alaraq kütləvi deportasiyaların olacağına şübhə edir. Bununla belə, o hesab edir ki, ayrı-ayrı şəxslərin deportasiyası əhəmiyyətli dərəcədə artacaq.
Ortaq mədəni əlaqələrə görə Türkiyə Çinin uzaq qərbindəki Sincan bölgəsində məskunlaşan uyğur türkləri üçün uzun müddət etibarlı sığınacaq olub.
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan on il bundan əvvəl Çinin uyğurlara qarşı münasibətini pisləyərək bunu soyqırımı adlandırıb.
Amma 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdindən sonra hər şey dəyişib. Kütləvi “təmizləmə” başlanıb və Ərdoğan Qərb hökumətlərindən uzaqlaşıb. Çin fürsətdən istifadə edərək yaranmış boşluğu doldurub, Türkiyəyə böyük məbləğdə borc verib, milyardlarla investisiya yatırıb.
Çinlə Türkiyə arasında iqtisadi əlaqələr özünü bir çox yöndə büruzə verir. Çində biznesi olan bir ixracatçı Türkiyənin Pekində səfiri təyin edilib. Türkiyənin Aralıq dənizi sahillərində Çinin maliyyə dəstəyi ilə 1,7 milyard dollarlıq kömür zavodu inşa edilir. İstanbul Hava Limanı dünyanın ilk “Çin dostu hava limanı” sertifikatını alıb. Şanxay və Pekindən minlərlə turistin qəbul edilməsi üçün qeydiyyat masaları ayrılıb. Çin liderlərinin köməyindən sonra prezident Ərdoğanın od-alovlu ritorikası tərifli monoton diplomatik çıxışlarla əvəz olunub.
Çin həmçinin Türkiyədən daha çox uyğurun ekstradisiyasını tələb etməyə başlayıb. 2016-cı ildə “Axios”un yaydığı, sonra “Associated Press”in öz mənbələrindən əldə etdiyi məlumata görə, Çinin hakimiyyət orqanları əvvəllər mobil telefon satışı ilə məşğul olmuş bir uyğuru “İslam dövləti” terror qrupunu internetdə dəstəkləməkdə günahlandıraraq onun deportasiya olunmasını istəyib. Satıcı həbs olunub, lakin sonra bəraət qazanaraq sərbəst buraxılıb.
Ötən illərdə iki dəfə həbs olunmuş uyğur şair Abdurəhim Parak Çin həbsxanasında üç il boyunca məruz qaldığı “cəhənnəm”lə müqayisədə Türkiyədəki həbsxanalara “otel kimi” baxdığını deyir. O, məhkəmədə bəraət qazanandan sonra sərbəst buraxılıb. Lakin ekstradisiya haqqında sazişin təsdiqlənəcəyi qorxusu gecələr onun yuxusunu ərşə çəkir.
Abdurəhim Parak bu vəziyyəti dözülməz sayır. Şair Çində onu ölüm gözlədiyini söyləyir.
Get-gedə qorxu artdığından uyğurlar Almaniyaya, Niderlanda və digər Avropa ölkələrinə axışır.
2016-cı ildə Çindən Türkiyəyə qaçmış Əli Kutad bildirir ki, ümidsizlik onların bəzilərini hətta sərhədləri qeyri-qanuni yolla keçməyə vadar edir.
“Türkiyə bizim ikinci vətənimizdir” deyən Əli Kutad deportasiyadan çox qorxduqlarını söyləyir.
Mənbə: Apnews.com