2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkisində 17 saylı Yasamal dairəsindən namizəd olmuş politoloq, siyasət üzrə fəlsəfə doktoru Azər Qasımlı seçkilər və parlament haqda düşüncələrini paylaşıb.
1975-ci il təvəllüdlü Azər Qasımlı Respublikaçı Alternativ Hərəkatının və bu qurumun bazasında yaradılmış eyniadlı partiyanın qurucularındandır. 2019-cu ildə partiyadan ayrılıb.
Novator.az-ın məlumatına görə, politoloq özünün “Facebook” səhifəsində yazır ki, 9 fevral 2020-ci il seçkisi bir neçə təyinat xaric olmaqla Milli Məclisə ciddi dəyişiklik gətirməyib: “SSRİ-nin dağılmasından 29 il keçsə də, Azərbaycanda sovet keçmişindən qalan hakim elita dəyişməzdir. SSRİ-də mahiyyət etibarilə seçmək hüququ yox idi. İndi də hüququn əvəzinə mexaniki prosedur var. Azərbaycanda iqtidarla anlaşmayan (bir çoxları buna “satılmaq” da deyir), üzərinə müəyyən öhdəliklər götürməyən deputat yoxdur!
Parlament xalqın iradəsini əks etdirən, cəmiyyətdə siyasi-ideoloji təmsilçiliyi ehtiva edən institutdur. Ötən il təyin olunanlar bu bir ildə yenə sübut etdilər ki, bizdə parlament yoxdur. Çünki orada müstəqil siyasətçi və müxalif fraksiyalar olmadığından siyasət də yoxdur.
Konstitusiyaya görə, 10 noyabr 2020-ci il bəyanatı ilə xarici ölkənin hərbi kontingentinin (sülhməramlı adı altında da olsa) Azərbaycana yeridilməsi üçün parlamentin qərarı lazım idi. Parlamenti isə nə sayan oldu, nə də deputatlardan kimsə bu məsələni iclasda qaldırıb etiraz etdi.
Mən hər zaman seçkilərdə iştirakın tərəfdarıyam. Bunu dəfələrlə demişəm. Fikrimi dəyişməmişəm. Bununla belə, seçkidə iştirak ciddi siyasi prosesə təkan verməlidir. Bizdə buna yalnız bütün həqiqi müxalif partiyaların, sivil toplumun, alternativ medianın, siyasi fəalların, cəmiyyətin bütün resurslarını birləşdirib, müasir seçki texnologiyalarından yararlanaraq, aktiv və düzgün siyasi kampaniya apararaq nail olmaq mümkündür. Seçkilərə təyin olunduğu gündən deyil, daha əvvəl hazırlaşmaq, prosesi yetişdirmək lazımdır. Keçmişə baxdıqda deyə bilərik ki, müxalifət bunu heç vaxt edə bilməyib.
2018-ci ilin sonundan həqiqi müxalifəti tamamilə yeni bir platformada, əvvəlki illərin səhvlərini nəzərə alaraq bir araya gətirmək üçün müəyyən səylər göstərdim. Bir sıra sivil toplum nümayəndəsi ilə görüşlərim və ilkin razılaşmalarım oldu. Elə bir platforma yaradılacaqdı ki, orada siyasi partiyalar deyil, məhz sivil toplumun nümayəndələri əsas rol oynayacaqdı. Hədəfim o idi ki, bütün dairələrdə həqiqi müxalif partiyaların, sivil toplumun, gənclər təşkilatlarının vahid namizədləri olsun, seçici birindən “seçkidə iştirak”, digərindən ”boykot” çağırışı eşitməsin, tam əksinə, seçiciyə bir mesaj çatdırılsın! Olmadı. Çünki müxalif siyasətçilər bir-birinə güvənmir, çünki vaxtaşırı kimlərsə hakimiyyətlə anlaşma yolunu seçir. Müstəqillik tariximizdə hər zaman belə olub, 9 fevral 2020-ci ildə də belə oldu…
Çıxış yolu nədir? Bu haqda daha ətraflı yazmağa ehtiyac var. Əslində isə çıxış yolunu yalnız göstərmək deyil, həyata keçirmək lazımdır. İlham Əliyev “yeni siyasi konfiqurasiya” barədə danışır. Düz deyir, yeni siyasi konfiqurasiya yaradılmalıdır. Sadəcə onu iqtidar yox, biz yaratmalıyıq. Necəsini zaman göstərəcək!”
2020-ci il fevralın 9-da seçilmiş parlamentin hazırda 120 deputatı var.
Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası parlamentdə 70 deputatla təmsil olunur.
Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 mandatı var.
38 deputat partiyasızdır.