Böyük Britaniyanın tanınmış jurnalisti, teleaparıcı Riçard Medli “Daily Express” qəzetində “Putin qorxmalıdır… Ən güclü lider də devrilə bilər” başlıqlı məqalə ilə çıxış edib.
Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putini gec-tez postundan getməyə məcbur edəcəklər: “Putin qorxmalıdır. Hətta ən güclü liderin də devrilmək ehtimalı var. Əlbəttə, despot Putin – güclü liderdir. Amma ən güclü liderlər də yıxıla bilər. Təəccüblü olsa da, belə hadisələr çox tez-tez baş verir. Ömrü boyu səhnədə olan despotun qəfildən, bəzən də zorla devirilməsi ehtimalı həmişə pərdə arxasında gizlənir”.
Müəllif yazır: “Mən haradasa oxumuşam ki, Putin “Abba” musiqi qrupunun gizli heyranıdır. Onda o, bu qrupun məhşur “Vaterlo” mahnısındakı “Tarix həmişə təkrarlanır” kəlməsini xatırlamamış olmaz. Tarix göstərir ki, demokratik liderlər dinc şəkildə evində ölür. Amma tiranların karyerası fırtınayla bitir”.
Rusiyada müxalif lider Aleksey Navalnının həbsinə qarşı etirazların alovlandığını, ölkənin şərqindən qərbinədək aksiyaların keçirildiyini qeyd edən müəllif bildirir ki, Putin hakimiyyətə gələndən bu sayaq geniş miqyaslı etirazla üzləşməyib. Aksiyalar polis zorakılığı ilə üzləşsə də, kütləvi həbslər həyata keçirilsə də, Riçard Medli hələ hadisələrin nə ilə bitəcəyinin bilinmədiyini vurğulayır: “Ancaq ola bilər ki, bilinsin. Bəlkə də biz səngiməyən etiraz aksiyaları ilə qarşılaşan amansız hakimiyyətin son oyunlarına şahid oluruq. Tarixdən buna çox nümunə göstərmək mümkündür.
İngiltərə kralı I Karl da Putin qədər hakimiyyətdə olmuşdu. Amma Karlın xəsisliyi, acgözlüyü və təkəbbürü sonda öz işini gördü. Onun borc vermək istəməyən zadəganları zindana salması və parlamentdən kənar hərəkətləri faciə ilə bitdi. Karlın kəsilmiş başı və bədəni Vindzor qalasının həyətindəki Müqəddəs Georgi kilsəsində hələ də qalır.
Liviyaya on illərlə rəhbərlik etmiş qara eynəkli polkovnik Qəzzafi qüdrətli dövlət başçısı kimi görünürdü. Onun nüfuzu bir göz qırpımında yoxa çıxdı. “Yotube” kanalında Qəzzafinin son anlarını – qəzəblənmiş dəstənin onu borunun içərisindən necə çıxardığını və döyə-döyə öldürdüyünü görmək olar.
İraq qalasında toxunulmaz görünən, Qərbin ünvanına təhqirlər yağdıran Səddam Hüseyn qonşularını ələ salırdı və onların ərazilərinə soxulurdu. Səddamın son anlarını – qısa gödəkçəli, quldur görünüşlü insanların onu necə edam etdiyini də internetdə görmək mümkündür.
Mən qətiyyən Putini belə dəhşətli sonun gözlədiyinə işarə etmirəm. Ancaq bu cür qəddar avtokratlar təmtəraqlı, tərifli və şöhrətli günlərində göründükləri kimi heç də daima güclü olmurlar. Biz bilirik ki, demokratiyalar stabil deyil, demokratiya – həssas quruluşdur. Ötən ay Vaşinqtondakı hadisələri gördük, az qalmışdı üsyan baş versin. Amma demokratiyalar ən azından vəziyyətə uyğunlaşa bilir. Avtokratlar isə güzəştə getmirlər və çox vaxt öz daxili narahatlıqları üzündən yıxılırlar.
Hazırda Putin güc strukturlarının dəstəyindən yararlanır. Ancaq onun tərəfini saxlayanların seçimi dəyişsə, Putinə dəstək lap elə həftə sonu sıradan çıxa bilər”.
Məqalənin sonunda Riçard Medli yazır: “Mənim yaşım Sovet İttifaqının və onun yaratdığı Şərq blokunun necə sabit və möhkəm olduğunu xatırlamağa imkan verir. Bu quruluş təsəvvür edildiyindən daha tez dağıldı. Putinin neçə illik şəriksiz hakimiyyəti var və bu hakimiyyət Berlin divarı kimi sürətlə yıxıla bilər. Tarix göstərir ki, əslində bu elə belə də olacaq”.
Mənbə: Express.co.uk