Novator.az saytı ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc olunmuş “Putin göründüyü qədər də güclü deyil” başlıqlı məqaləni ingiliscədən çevirərək təqdim edir. Məqalənin müəllifi Toni Vuddur.
Bəlkə də son 10 ildə ilk dəfədir Rusiya prezidenti Vladimir Putinin hakimiyyəti bu cür güclü sınaqlardan keçməli olur.
İki həftədir Rusiyanın müxtəlif şəhərlərində minlərlə insan küçələrə çıxaraq korrupsiya ilə döyüşən Aleksey Navalnının həbsinə etiraz nümayiş etdirir. Bu təsirli etiraz aksiyalarının qarşısını almaq üçün daha çox gücdən istifadə olunur. Yanvarın 31-də baş verən aksiyalarda bir gündə 5 mindən çox insan tutuldu. Təkcə paytaxt Moskvada bir sutka ərzində 1600 aksiya iştirakçısı saxlanıldı.
Etirazları güc yolu ilə yatırmaq strategiyası Rusiyada əvvələr də tətbiq olunub. 2011-2012-ci illərin qışında minlərlə insan hakim Vahid Rusiya Partiyasının seçki saxtakarlığına və onun Putini prezidentliyə qaytarmaq üçün apardığı hazırlıqlara etiraz olaraq küçələrə çıxmışdı. Bəzilərinin Putinin sonu kimi dəyərləndirdiyi həmin etirazlar hüquq mühafizə və məhkəmə orqanlarının repressiyaları ilə yatırıldı.
Ötən bazar etirazçılar üzərində bilərəkdən güc nümayiş etdirən Putin son iğtişaşların da öhdəsindən gələ biləcəyinə inanır.
Bəlkə də Putin haqlıdır. Görünür əhalinin yalnız bir hissəsinin aksiyalara qoşulması etirazçıların ziyanına işləyir. Son zamanlar Putinin reytinqi aşağı düşsə də, o, hələ də xalqın xeyli hissəsinin dəstəyindən yararlanır. Rusiya elitası arasında da hələlik heç bir parçalanma baş verməyib, qorxunc repressiya aparatı hökumətin nəzarətindən çıxamayıb. Kreml siyasi hakimiyyətin rıçaqlarını əlində saxlayır: Dövlət Dumasında 450 yerin 350-ni Vahid Rusiya Partiyası tutur. Qalan mandatlar da hökumətyönlü partiyalardadır.
Amma Vladimir Putinin hakimiyyətini və onun rəhbərlik etdiyi siyasi sistemi şişirtmək lazım deyil. Nə onun hakimiyyəti, nə də siyasi sistemi göründüyü qədər güclü deyil.
Daha çox bir yumruq – avtoritar yumruq kimi təsvir olunan sistem qəribə və ziddiyyətli rejimdən başqa bir şey deyil. Sistem kökündən qeyri-demokratik olsa da, seçicilərin dəstəyi və konstitusiya normalarının qanuniliyi görüntüsünü yaratmaqla legitimliyini təmin edə bilir. Rusiyalı siyasətçi Dmitri Furmanın da qeyd etdiyi kimi “bu, demokratiya imitasiyasıdır”. Putin nə qədər avtoritar lider olsa da, qanunilik və müntəzəm seçki görüntüsü yaratmağa məcburdur.
Sistemin zəifliyi də bundadır. Putin hakimiyyəti əhaliyə narazılığı səsləndirmək imkanı verir, həm də bunun siyasi nəticələrinə kiçik bir pəncərə açır.
Navalnının başçılıq etdiyi indiki hərəkat 2011-2012-ci illərdəki hərəkatdan məhz bununla fərqlənir. Navalnı korrupsiyaya qarşı mübarizə ilə yanaşı “ağıllı səsvermə” strategiyası da hazırlayıb. Bu strategiya seçiciləri Vahid Rusiya Partiyası üzərində qələbə qazanmaq üçün ən uyğun namizədləri dəstəkləməyə cəlb etməkdən ibarətdir.
Rusiyada kütləvi narazılıqlar üçün əsas çoxdur. Ötən ilin yanvar-sentyabr aylarında ölkədə orta gəlirin həcmi 10%-dən çox azalıb. Pandemiya onsuz da geriləyən iqtisadiyyatı daha da zəiflədib. Ölkədə həyat səviyyəsi əvvəlki kimi aşağıdır: 2020-ci ildə 20 milyon rusiyalı əhalinin yoxsul təbəqəsi kimi göstərilib. Belə bir şəraitdə Navalnının yaydığı anti-korrupsiya materialları, xüsusilə də ölkə rəhbərlərinin vergi ödəyiciləri hesabına lüks həyat qurmasını əks etdirən videoları lap yerinə düşür.
Yəqin ki, Kremli ən çox narahat edən problem əhalinin, xüsusilə də gənclərin bu məsələlərə reaksiyasıdır. Putin hakimiyyəti dövründə yetişən nəsil yaşlı nəslə nisbətən daha fəaldır, gənclər küçələrə çıxır və onun hakimiyyətinə etiraz edirlər.
Hakimiyyət etirazlara aqressiv reaksiyasıyla gücünü açıq şəkildə nümayiş etdirir. Navalnının həbsindən sonra onun yaxın köməkçilərindən bir neçəsi də həbs olunub. Fevralın 2-də isə Navalnı 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan sonrakı etiraz dalğalarına da güc tətbiq olunacağı gözlənilir.
Ancaq önümüzdəki həftələrdə və aylarda Putin çıxılmaz durumla üzləşəcək. Nümayişçilərlə sərt davranma, onların sıxışdırılması daha böyük narazılıqlara və etirazlara gətirib çıxaracaq. Bu ilin sentyabrında keçirilməli olan seçkilərin çox açıq şəkildə saxtalaşdırılması isə Putinin asılı olduğu demokratiya görüntüsünü aradan qaldıracaq. Hakimiyyət Navalnı hərəkatının güclənməsinə və möhkəmlənməsinə imkan versə, seçkiqabağı ciddi problemlərə rast gələ bilər. Kreml isə bu cür problemlərə hazır deyil.
Rusiya “demokratiya imitasiyası” rejimini gerçək, canlı demokratiyaya çevirmək üçün hələ çox uzun yol qət etməlidir. Ancaq uzun müddətdən bəri ilk dəfədir kartların hamısı Putinin əlində deyil. Putin indiki vəziyyətə hakim deyil.
Toni Vud
Mənbə: Nytimes.com