ABŞ-ın “Vaşinqton Post” qəzetində “Pandemiya dövründə varlılar daha da varlanıb. Biz onların əldə etdiklərini geri qaytarmalıyıq” başlıqlı yazı dərc olunub. Yazının müəllifi qəzetin şərhçisi Çarlz Leyndir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Koronavirus pandemiyası haqqında iki dəhşətli fakt var. Birincisi, pandemiya ABŞ-da 450 mindən çox insanın ölümünə səbəb olub. İkincisi, xəstəliyin qarşısını almaq üçün ictimai səhiyyə sektorunda görülən tədbirlər işsizliyin artmasına – 3.5%-dən 6.7%-ə qalxmasına gətirib çıxarıb, həm də bunun ən böyük zərbəsi aşağı maaşlı xidmət işçilərinə dəyib.
Bir naqolay fakt da var: bütün bu çətinliklərin yaşandığı dövrdə bir sıra adamlar, özü də əsasən varlılar daha da varlanıblar.
Artıq bu reallıqdan danışmağın vaxtıdır. Çünki bu məsələ lazımi qaydada tənzimlənməsə insanlar arasında növbəti narazılığın baş qaldırmasına səbəb ola bilər.
Ötən ilin mart ayında İlon Maskın xalis kapitalı 24.6 milyard dollar olduğu halda dekabr ayında 170 milyard dolları keçib. O, bu uğura elektrik nəqliyyatı istehsal edən “Tesla” şirkətinin səhmlərinin qiymətinin artması nəticəsində nail olub.
Pandemiya dövründə sərvətinə sərvət qatanlar sadəcə İlon Mask kimi plutokratlardan, yəni pulu və nüfuzu olan ayrı-ayrı şəxslərdən ibarət deyil. 2020-ci ildə “S&P 500” indeksində ən varlı ailələrin 10 faizinin gəliri ümumən 18% artıb. Söhbət bütün səhmlərin 88%-ni öz əlində cəmləyən təxminən 13 milyon ailədən gedir.
Fond bazarındakı artım ilk növbədə hökumətin siyasəti ilə izah olunur: ABŞ-ın Federal Ehtiyat Sisteminin sıfır faiz dərəcələrinə sadiqliyi bütövlükdə daha geniş iqtisadiyyatı stabilləşdirməklə yanaşı, acgöz investorlara istiqrazların əvəzinə səhmlər almaq fürsətini də yaradıb.
Eyni zamanda mənzil satışının orta qiyməti 15% artaraq indiyə qədər ən yüksək göstəriciyə – 320,625 dollara çatıb. Bu artım bütün mənzil sahiblərinin xeyrinə işləsə də, ən çox qazanan bahalı evlərin sahibləri olub. Buna səbəb koronavirusa görə tək ailə üçün nəzərdə tutulan mənzillərə tələbatın yüksəlməsi, eləcə də ipotekaların ucuzlaşmasını hədəf alan faiz dərəcəsi ilə bağlı siyasətdir.
2020-ci il daşınmaz əmlak və korporativ səhm sahibləri üçün düşərli olub. Əslində onlar pul qazanmaq üçün böyük zəhmət çəkmək məcburiyyətində qalmayıblar. Sadəcə bir qədər yaxşı düşünmək kifayət edib. Lazım olan tək şey bazarda qiymətlərin müvəqqəti aşağı düşdüyü mart ayında təşviş keçirməmək, hər şeyi dərhal satmamaq idi, onlar da bunu ediblər.
İndi qazandıqlarını qaytarmağın vaxtıdır: çətin bir ildə kağız üzərində qazanılan bəzi nailiyyətlər müvəqqəti ola bilər. Bununla belə, qeyd etmək lazımdır ki, hökumət aşağı gəlirli işçilərə kömək etmək üçün müəyyən tədbirlər görüb. İşsizliyə görə müavinətlər ödənilib və kiçik sahibkarlar üçün Gəlirlərin Qorunması Proqramı həyata keçirilib. Pandemiya tamamilə sona çatana və “normal” həyat tərzi geri qayıdana qədər pandemiyanın sərvətlərə və gəlir paylanmasına necə təsir etdiyini tam şəkildə bilə bilmərik.
Lakin mövcud məlumatlar göstərir ki, prezident Cozef Baydendən senator Marko Rubioya qədər ikipartiyalı koalisiyanın istədiyi kimi, ABŞ-da demək olar ki, bütün ailələrə dekabr ayında Konqresin təsdiqlədiyi 600 dollardan əlavə 1,400 dollar “stimullaşdırıcı” çeklərin bərabər şəkildə ödənilməsi planı tamamilə əsassızdır.
Bu plan həyata keçirildiyi təqdirdə gəlirləri orta səviyyədən yüksək olan ailələrin hər biri müəyyən dərəcədə yardım əldə edəcək. Həmçinin gəlir paylama şkalasının 90-95-ci persentilindəki ailələrin 75%-i orta hesabla 1,383 dollar qazanacaq. Vergi Fondundan verilən məlumata görə, hətta 95-99-cu persentillərdəki ailələrin 13.4%-i də bu yardımdan faydalanacaq və onların hər biri orta hesabla 90 dollar əldə edəcək. Yardım yalnız gəlir paylama şkalasının ən yüksək 1%-ni təşkil edən ailələrə şamil olunmayacaq.
600 dollarlıq çeklərlə təklif edilən əlavə 1400 dollarlıq çeklərin ümumi dəyəri 631 milyard dollara bərabərdir. Bu fantastik rəqəm 2019-cu təqvim ilində xəstəxana sığortası üçün səhiyyə sektoruna ayrılan məbləğdən iki dəfə çox, 2020-ci maliyyə ilində Müdafiə Departamentinin çəkdiyi xərclərdən isə cəmi 60 milyard dollar azdır.
Konqres və Bayden administrasiyası 2020-ci ildə gəlirləri sabit qalan (yaxud daha da artan) ABŞ əhalisinə bu qədər pul paylamaq yerinə iqtisadi böhran nəticəsində ən çox zərər görən sektorların aşağı gəlirli işçiləri üçün yardım proqramı həyata keçirməlidir.
Bundan başqa siyasətçilər də Vergi Məcəlləsində dəyişikliklər etməklə varlı amerikalıların böhran ilində ələ keçirdikləri əlavə sərvətlərin müəyyən hissəsindən istifadə etməyin yolunu tapmalıdır.
Məsələn, ipoteka faizlərinin vergidən azad edilməsi barədə strategiyanı ləğv etmək olar. Çünki məhz bu strategiyanın nəticəsində 2020-ci ildə dövlət xəzinəsinə gələn vəsait 30 milyard dollar azalıb. Bunun 60%-i gəliri 200 min dollardan yuxarı olan ailələrin payına düşür. Bundan əlavə, mənzil satışının kapital artımı üçün mənfəət vergisindən azad edilməsi ilə bağlı strategiya ləğv olunmalıdır (fərdi şəxslər üçün 250 min dollar və cütlüklər üçün 500 min dollar). Bu strategiya 2020-ci ildə büdcə gəlirlərinin ümumilikdə 35.9 milyard azalmasına səbəb olub.
Kapital artımından danışarkən qeyd etmək lazımdır ki, hazırda adi gəlirlər üzrə kapital artımı 23,8%-ə bərabərdir və bu göstəricini 37%-ə çatdırmaq lazımdır.
Bu məqsədlə “Econ 101”ə uyğun olaraq gəlirlərə rüsumlar tətbiq edilə bilər. Lakin bu zaman mövcud resurslara nəzarət etmək və yeni sərvətin yaranmasının qarşısını almaq lazımdır. Bu rüsumlar stimullar üçün böyük risk yaratmır, ən əsası defisit barədə vaxtından əlavə tədbir görməyə imkan verir.
“Stimullaşdırıcı” çekləri ehtiyacı olan şəxslərə vermək və 2020-ci ildə daşınmaz əmlak sahiblərinin və səhmdarların bəzilərinin qazandıqlarını əlavə vergilər hesabına kompensasiya etmək iki müsbət mesaj verəcək: 1) demokratların idarə etdiyi ABŞ hökuməti dollarları populist şüarlara deyil, əsl mütərəqqi prinsiplərə uyğun xərcləmək istəyir; 2) o heç də xərclədiyi hər dolları geri almaq niyyətində deyil.
Çarlz Leyn
Mənbə: Washingtonpost.com