Almaniyanın “Süddeutsche Zeitung” qəzetində rusiyalı qadınların peşə seçimi ilə bağlı üzləşdiyi məhdudiyyətlərdən bəhs edən “Növbəti dayanacaq – bərabərlik” başlıqlı məqalə dərc olunub.
Novator.az-ın məlumatına görə, məqalədə müəllif Zilke Biqalke yazır: “Son zamanlara qədər rusiyalı qadınlar üçün məqbul hesab edilməyən, onlara qadağan olunan peşələrin sayı 456-ya qədər idi. İndi 100-ə qədərdir. Artıq Rusiyada qadınlar metro qatarlarında maşinist kimi işləmək səlahiyyəti də qazanıblar.
Rusiyalı qadınlar indi yük maşınları, traktorlar, gəmilər sürür, hətta avtomobil təmiri ilə məşğul olurlar. Onlar paraşütlə atılmağı belə bacarırlar. Amma onlar daha əvvəlki kimi yanğınsöndürən, aviamexanik, dalğıc, qaynaqçı peşələrinə yiyələnə bilməyəcəklər. Yaxın gələcəkdə rusiyalı qadınların xüsusilə ağır işlərdə – domna sobalarında, kömür mədənlərində, kimyəvi maddələr istehsalında çalışmasına yasaqlar nəzərdə tutulur. Rusiya hakimiyyəti hesab edir ki, belə işlər qadınların həyatı üçün çox təhlükəli ola bilər. Daha dəqiq söyləsək, hakimiyyətin məntiqinə görə, qadınların ancaq bir vəzifəsi var – uşaq dünyaya gətirmək”.
Müəllif oxşar qadağaların ötən əsrin 70-ci illərində də olduğunu qeyd edir: “Qadınlara qadağan edilən peşələrin siyahısı 1970-ci illərdən mövcuddur. İndiki kimi o vaxt da Kreml bəzi göstəricilərdən narahat idi. Bu gün də eyni problem özünü büruzə verir. Səbəb isə son zamanlar Rusiya ərazisində əhalinin azalması, doğum sayının xeyli aşağı düşməsidir. Rusiya prezidenti Vladimir Putin var qüvvəsi ilə mühafizəkar ailə təbliğatı aparır. Hətta bu yaxınlarda ölkə konstitusiyasına ailə hüquqları, ailənin qorunması ilə bağlı yeni təsnifatlar daxil edilib. Rusiya iqtidarının yeganə mesajı budur ki, qadınların əsas vəzifəsi uşaq tərbiyə etmək olmalıdır”.
Məqalədə qadınların mövcud durumu SSRİ dövründəki həyat şəraiti və fəaliyyəti ilə müqayisə edilir. Müəllif yazır: “Qadınlar yalnız uşaq böyütmək naminə evdə oturmamalıdırlar. SSRİ dövründə sovet qadınlarının məişət problemləri, ictimai məsuliyyətləri Qərb ölkələrində yaşayan qadınlarla müqayisədə daha çox idi. Ancaq SSRİ dövləti qadın bərabərliyinə həssas yanaşır, onları dəstəkləyirdi. Unutmaq olmaz ki, rus qadını hələ 1917-ci ildə səsvermə hüququ qazanıb, 1963-cü ildə isə dünyanın ilk qadın kosmonavtı sovet vətəndaşı olub. Bundan yalnız 20 il sonra kosmosa ilk amerikalı qadın uçub.
Sovet qadınları işləyirdilər, çünki ailələrin əksəriyyəti dolanışığı təmin etməkdən ötrü buna məcbur idi. Bununla belə uşaqların təlim-tərbiyəsi yenə qadınların öhdəsinə düşürdü. Bəzən qadınlar elə iş axtarırdılar ki, uşaqlara yetərincə vaxt ayıra bilsinlər. Bu da diskriminasiya, emansipasiya hallarana gətirib çıxarırdı. Məhz bu səbəblər qadınlara qadağan edilən peşələr siyahısını formalaşdırmışdı”.
Zilke Biqalke sonda Rusiya paytaxtındakı yeniliyi də qeyd edir: “Moskva metrosunda “kiçik inqilab”ın şərəfinə maraqlı bir təqdimat düzəldilib. Bu, tək yeni xətlərin açılması ilə bağlı deyil, həm də qadınlara maşinist işləmək hüququnun verilməsi ilə bağlıdır. Təqdimatda dikdaban ayaqqabı, göy rəngli forma geyindirilmiş “Barbi” kuklası gözə dəyir. Maşinist geyimində olan “Barbi”nin şüarı belədir: “Sən kim istəsən ola bilərsən”.
Amma təəssüf. Rusiyalı qadın nə yanğınsöndürən, nə dalğıc, nə də qaynaqçı ola bilər”.
Mənbə: Sueddeutsche.de