“The Federal” portalında bütün dünyada demokratiyanın təhlükə altında olduğu barədə məqalə dərc edilib. “Kapitolinin o üzü: demokratiya hər yerdə təhlükə altındadır” başlıqlı məqalənin müəllifi hindistanlı yazar K.S. Dakşina Murtidir. Müəllif demokratiyaya olan təhdidləri bu il yanvarın 6-da ABŞ Konqresinin binasına – Kapitoliyə edilən hücum kontekstində araşdırıb. Novator.az saytı məqaləni ingiliscədən tərcümə edərək bəzi ixtisarlarla oxucuların diqqətinə çatdırır. Qeyd edək ki, “The Federal” (Thefederal.com) Hindistanda ingilis dilində fəaliyyət göstərən analitik portaldır.
Son on ildə dünyada demokratik təşəbbüslərə davamlı müdaxilələr narahatlıqları artırıb. Kimin ağlına gələrdi ki, dünyanın ən demokratik ölkəsi sayılan ABŞ-da prezident Donald Tramp biabırçı bir üsyan başlada bilər.
Konqres binasında – Kapitolidə baş verənlər ABŞ-ın nüfuzunu zədələdi və demokratiyanın hər yerdə böhran içində olduğunu sübut etdi. Demokratiya “Azadlıqlar torpağı və cəsurlar evi” sayılan ABŞ-da da sarsıla bilərmiş.
Dünyada demokratiyanın zəiflədiyi xeyli vaxtdır hiss olunur. Hazırda dünyanın bir neçə yerində demokratiya sözün əsl mənasında tənəzzülə uğramaqdadır.
2010-cu ilin sonlarında Tunisdə demokratik tələblərlə baş qaldıran üsyan ərəb dünyasını bürüdü. Tunis diktatoru Zeynəlabdin bin Əli qaçandan sonra ölkə demokratikləşməyə doğru getdi. Misir, Liviya, Bəhreyn və Suriyada xalqların diktaturaya son qoyulması tələbi ilə küçələrə axışması demokratiyanın nə dərəcədə yoluxucu olduğunu göstərdi.
Üstündən 10 il ötəndən sonra isə biz Orta Şərqdə demokratiya əvəzinə qırılan ümidləri, anarxiyanı, vətəndaş müharibələrini və avtoritarizmin yeni formalarını görürük. Yalnız Tunis təxribat cəhdlərinə baxmayaraq indiyə qədər demokratiyanı qoruyub saxlaya bilib. Misir də daxil olmaqla bölgənin qalan hissəsində isə vəziyyət qiyamların baş qaldırdığı dövrdəkindən daha acınacaqlıdır.
Bəzi təhlilçilər bunu “ərəb baharı”nın “ərəb qışı”na çevrilməsi adlandırırlar. Suriya da, Yəmən də paramparça olub, Liviyada anarxiya hökm sürür, Bəhreyn isə demokratiya tələblərini qulaqardına vurur.
Hindistanda Bharatiya Сanata Partiyasının hakimiyyətə gəlməsi, Narendra Modinin baş nazir postunu tutması ilə nəticələnən 2014-cü il seçkisindən sonra demokratik təşəbbüslər zəifləyib. Hökumətin hər şeyə, vətəndaşların şəxsi həyatına da müdaxilə etməsi ölkədə ictimai-siyasi institutların fəaliyyətinə mənfi təsir göstərib. Ölkədə vətəndaşların hətta istədiyi qidanı seçmək, istədiyi adamla evlənmək hüquqları da tapdanır.
Harvard Universitetinin professorları Stiven Levitski və Daniel Ziblattın “Demokratiyalar necə ölür” adlı kitabında belə bir yer var: “Demokratiya artıq gurultuyla, birdən-birə, inqilab və ya hərbi çevrilişlə yox, kirimişcə, yavaş-yavaş, məhkəmə və mətbuat kimi mühüm institutların ardıcıl şəkildə zəifləməsi və köhnə siyasi normaların get-gedə çat verməsi ilə yıxılır”.
Dünyada demokratiyanın ciddi şəkildə zəiflədiyi və hakim partiyanın müxalifətə qarşı sərt mübarizə apardığı ölkələrdən biri də Türkiyədir. Ərdoğan hökuməti 2016-cı ildə dövlət çevrilişinə cəhd bəhanəsi ilə minlərlə jurnalisti və müxalifət fəalını həbs etdirib. Türkiyədə dünyəvi demokratik quruluşun teokratik quruluşa çevrilmək təhlükəsi yaranıb.
Təqribən 20 il əvvəl demokratik dalğanın yaşandığı, populyar hökumətlərin formalaşdığı Latın Amerikası ölkələrində, o cümlədən Braziliya və Venesuelada indi demokratiya təhdid altındadır. Dilma Russeff hökuməti devriləndən bəri Braziliyanı demokratiya tərəfdarı olmayan Jair Bolsonaru idarə edir. ABŞ Venesuelada bir neçə dəfə Nikolas Maduro hökumətini devirməyə və müxalifət lideri Xuan Guaydonu prezident elan etməyə cəhd göstərib, amma alınmayıb. ABŞ-ın buna nail ola bilməməsi ayrıca mövzudur.
Rusiya prezidenti Vladimir Putin demokratiyanı alt-üst etməyi bacardı. O, bir adamın iki dəfədən çox prezident seçilməməsini nəzərdə tutan qanundan yan keçə bildi. İki müddət prezident oldu, sonra baş nazir postunu tutdu. Ardınca qanundakı kiçik boşluqdan yararlanıb yenidən prezident postuna qayıtdı. 2020-ci ilin yayında keçirilən referendum sayəsində isə Putin 2036-cı ilə qədər prezident postunda qala biləcək.
Maodan sonra Çin eyni şəxsin iki müddətdən artıq ölkə rəhbəri ola bilməməsi üçün islahatlar aparmışdı. Amma Çinin indiki lideri Si Cinpin ölkəni idarə edən Kommunist Partiyasına təsir göstərməklə bu qaydaya düzəliş etməyi bacardı və özünü ömürlük dövlət başçısı elan elədi. Çində heç olmasa vəzifəyə demokratik yolla gəlmək görüntüsü vardı. Si Cinpin o görüntünü də silib atdı.
Avropada demokratiyaya ən böyük təhlükə faşizmin açıq şəkildə parlament demokratiyasına alternativ kimi təbliğ olunmasıdır. Eynən 1930-cu illərdə olduğu kimi. Almaniya kansleri Adolf Hitlerə və İkinci Dünya müharibəsinə görə faşizm gözdən düşsə də, indi – 70 il sonra o, əsasən millətçilik və teokratiya maskası altında geri dönüb.
Bu ay ABŞ-da Konqres binasına – Kapitoliyə edilən hücum uğursuzluqla başa çatdı. Amma belə bir akta cəhdin özü demokratiyanın nə qədər böyük təhlükə altında olduğundan xəbər verir. Demokratlar bu məsələyə barmaqarası baxsalar dünya daha bir liberal dozalı avtoritarizmə və onun doğurduğu bəlalara düçar ola bilər.
K.S. Dakşina Murti
Mənbə: Thefederal.com