Putin niyə “peyvənd nəhəngi” ola bilmədi?
- 15 Yanvar 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetTribunaYazarlar
Almaniyanın “Velt” (“Die Welt”) qəzetində prezident Vladimir Putin başda olmaqla Rusiya hakimiyyətinin apardığı təbliğat kampaniyasının əksinə olaraq “Sputnik V” koronavirus peyvəndinin istehsalında və ixracında ciddi uğursuzluqların baş verdiyi haqda məqalə dərc edilib. Məqalənin müəllifi “Velt”in Moskva müxbiri Pavel Lokşindir. Məqalə “Putin – peyvənd nəhəngi” adlanır. Aydındır ki, müəllif “peyvənd nəhəngi” ifadəsini Rusiyanın məşhur “12 stul” filmində fırıldaqçı Ostap Benderin “Kisa” ləqəbli İppolit Vorobyaninovu təqdim edərkən dediyi “Fikir nəhəngi! Rus demokratiyasının atası!” sözlərinə eyham edərək, yəni istehza ilə işlədib. Novator.az saytı Pavel Lokşinin məqaləsini almancadan çevirərək oxucuların diqqətinə çatdırır.
SSRİ-nin “Sputnik-1” adlı ilk süni peyki kimi Rusiyanın “Sputnik V” peyvəndi də dünyanı heyrətə gətirməliydi. 1957-ci ildə “Sputnik-1” orbitə buraxılanda Qərb öz texnoloji və hərbi üstünlüyünə şübhə etməyə başlamışdı.
2020-ci ildə “Sputnik V” peyvəndi də eynilə bu rolu oynayırdı. Həmin ilin avqustunda Rusiyada məşhur Qamaleya Mərkəzinin (N.F.Qamaleya adına Milli Epidemioloji və Mikrobioloji Tədqiqatlar Mərkəzi) hazırladığı “Sputnik V” peyvəndinin təxirəsalınmaz yardım məqsədilə istifadəsinə icazə verildi. Bununla da dünyaya car çəkildi – ruslar yenə birincidir!
Amma bir neçə ay sonra Moskvanın uğur hekayəti uğursuzluğa düçar olmağa başladı. Rusiya paytaxtında Misir, Braziliya, Nepal və Venesuela kimi ölkələrin 1,2 milyard doza həcmində peyvənd sifariş etməsindən danışırlar. Ancaq “Sputnik V” həmin dövlətlərdə lisenziya almayınca və oralara çatdırılmayınca bütün bunlar sövdələşmə variantından savayı bir şey deyil. Birinci olmaq azdır, onu çatdırmağı da bacarmaq lazımdır.
Və əczaçılığın bu sahəsində Rusiyanın çətinlikləri var. Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bu yaxınlarda “Rossiya 24” dövlət kanalının efirindən bəyan edib ki, artıq 2 milyon doza həcmində peyvənd istehsal olunub və bu, planın artıqlaması ilə yerinə yetirilməsi deməkdir. Nazirin sözlərinə görə, istehsalın bu həcmi ixraca da kifayət edir. Amma burada yalnız 500 min dozanın ixracından söhbət gedə bilər, çünki 1,5 milyon doza Rusiyanın özündə aparılan vaksinasiya üçün tədarük olunub.
ABŞ-ın əczaçılıq nəhəngi olan “Pfizer” şirkətinin Almaniyanın “BioNTech” şirkəti ilə birgə hazırladığı vaksinin artıq 50 milyon dozasını paylaşdırdığı haqda məlumatın fonunda Rusiyanın göstəriciləri qeyri-ciddi görünür. İlin sonuna kimi isə “Pfizer” və “BioNTech” şirkətləri o qədər də böyük olmayan şirkətlərlə geniş əməkdaşlıq sayəsində 1 milyard dozaya yaxın peyvəndi dünya boyu yayacaq. Moskvanın bu sahədə zəifliyi indi özünü açıq-aşkar büruzə verir. Kremlin verdiyi məlumata görə, bir neçə gün qabaq Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında baş tutan telefon söhbətində “birgə peyvənd istehsalının mümkün perspektivləri” də müzakirə olunub.
Amma Rusiya peyvənd ixracı sahəsində hər halda bir uğuruna istinad edə bilər. Milad bayramı ərəfəsində Argentina “Sputnik V” peyvəndini sertifikatlaşdıraraq tətbiq etməyə başlayıb. Argentina keçmiş sovet məkanından kənarda bu işi görən ilk dövlətdir. Lakin bu hadisə də qalmaqalsız ötüşməyib. Rusiyanın 68 yaşlı prezidenti Vladimir Putin yaşını əsas gətirərək peyvənd olunmaqdan imtina edəndən sonra Argentinanın 61 yaşlı prezidenti Alberto Fernandes də öz bəyanatlarına xilaf çıxaraq peyvənd vurduranların sırasında birinci dayanmayıb. Halbuki Argentina Rusiyanın hazırladığı vaksini təxirəsalınmaz yardım kimi, üstəlik, yaşlı insanların mənafeyini nəzərə alaraq təsdiqləyib.
Argentinaya “Sputnik V” vaksinindən cəmi 10 milyon doza çatdırılacaq. Çünki Argentina təkcə bir vaksinə söykənmək fikrində deyil. Bu ölkə “Oxford/AstraZeneca” peyvəndindən 22 milyon doza, “Pfizer”-“BioNTech” peyvəndindən isə ilkin olaraq 750 min doza almağı planlaşdırır.
Macarıstan istehsalın ləngiməsindən gileylidir
Rusiyanın digər potensial tərəfdaşları daha incik əhvaldadır. “Sputnik V”ə maraq göstərən Macarıstan Rusiyanı kifayət qədər istehsal gücünə malik olmamaqda qınayıb. Bu mövqeni Macarıstanın baş naziri Viktor Orbanın administrasiyasının rəhbəri Sergey Qulyaş ifadə edib. Rusiyadan Macarıstana göndərilmiş 6 min dozada vaksinin isə istifadə olunmamış qaldığı bildirilir. Rusiyada peyvənd istehsalını maliyyələşdirən Birbaşa İnvestisiyalar Fondu bu xəbərin yalan olduğunu bəyan edib. Fonddan bildiriblər ki, Macarıstan gələcəkdə də Rusiyadan peyvənd almaq niyyətindədir.
Rusiya Hindistan və Braziliya bazarına böyük ümid bəsləyirdi. Amma vaksin üzrə həlledici – üçüncü sınaq mərhələsini hələ də başa çatdıra bilməməsi Rusiyanın bu bazarda “Sputnik V”in lisenziya alması uğrunda apardığı yarışa ciddi əngəl törətməkdədir. Çinə gəlincə, o ümumiyyətlə daxili bazara peyvənd buraxmayacaq, yalnız ixrac edəcək. Braziliyaya “Sputnik V” hələ ötən ilin noyabrında gedib çıxmalı idi. Braziliyanın şimal-şərq ştatı olan Baiya ştatı Rusiyadan 50 milyon doza almaq istəyir. Eyni zamanda ştatdakı iki yerli şirkət bildirib ki, onlar rusiyalılarla birgə peyvənd istehsal edəcəklər. Amma bu işə razılıq verilməsi elə vaksinin çatdırılması qədər uzanır. Baiya indi Rusiyaya ümidli olmaqdansa üçüncü sınaq mərhələsini özü həyata keçirmək istəyir.
Rusiya Hindistanda yerli istehsalçılarla birgə ildə 300 milyon dozaya qədər vaksin istehsal etmək niyyətində idi. Bundan ötrü Rusiyaya 2020-ci ilin oktyabr ayında təxirəsalınmaz qaydada lisenziya veriləcəyi gözlənirdi. Ancaq Hindistanın tənzimləyici orqanları “Sputnik V”i qeydiyyata almaq əvəzinə bu vaksin üzrə əlavə sınaqlar aparılmasını tövsiyə etdilər. Rusiya Hindistanda “Sputnik V”in istifadəsinə 2021-ci ilin yanvar ayında razılıq verilməsinə çalışır, amma hindistanlı tərəfdaşlar məsələni yenə uzadırlar. “Sputnik V”in Hindistanda 2021-ci ilin ikinci rübündən tez lisenziya alacağı gözlənmir.
O biri yandan Hindistan artıq “Oxford/AstraZeneca” peyvəndinin tətbiqinə lisenziya verib. Hindistanın Peyvənd İnstitutunun “Covishield” adı altında hazırladığı yerli vaksinin istehsalına isə rəsmi lisenziya alınmamış, “etimad votumu” prinsipi əsasında başlanıb. Rusiya da öz vaksininə “etimad votumu” prinsipi ilə yaşıl işıq yandırılmasını istəyirdi, amma buna nail ola bilmədi.
Marketinqin aqressiv şəkildə aparılması, vaksinə hələ ikinci sınaq mərhələsindəykən təcili lisenziya verib diqqət cəlb etmək cəhdi, hədsiz tələskənlik, hətta peyvəndin adı – bütün bunların fəsadı indi üzə çıxır. Peyvənd məsələsində ona birinci kimin lisenziya verməsi önəm daşımır. Vacib olan vaksini beynəlxalq meyarlara uyğun, stabil, planlı şəkildə istehsal etmək, çatdırmaq, xüsusən də ona etimad göstərilməsinə nail olmaqdır.
Rusiya vəd etdiyi kütləvi peyvənd istehsalını həyata keçirsəydi, qabağa düşə bilərdi. Vur-tut bir neçə ay qabaq Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev söz vermişdi ki, ölkə 2020-ci ilin sonunadək 30 milyon doza vaksin istehsal edəcək. O zaman hətta sənaye və ticarət naziri Denis Manturov kimi məmur da başa düşürdü ki, bu, mümkün deyil.
Bununla belə Dmitriyev bu yaxınlarda “Rossiya 24” dövlət kanalına müsahibəsində deyib ki, vaksinin istehsalı və qeydiyyatı sahəsində yaranan problemlər Rusiyanın özü ilə əlaqəli deyil. O, problemləri dəbdə olan tezislə – xaricdə Rusiya peyvəndinə qarşı “informasiya müharibəsi”nin aparılması ilə izah edib.
Pavel Lokşin
Mənbə: Welt.de