Koronavirusun yan keçdiyi ölkələr – “The Guardian” qəzeti
- 11 Yanvar 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
Böyük Birtaniyanın “The Guardian” qəzetində koronavirus infeksiyasının indiyədək yol tapmadığı məkanlar, ölkələr haqda yazı dərc olunub. Novator.az saytı yazını ingiliscədən çevirərək təqdim edir.
Dünyada koronavirus pandemiyasının hələ də yan keçdiyi və bəlkə də heç vaxt çata bilməyəcəyi yerlər var. Bu yerlərdə maskasız, məsafəsiz, daxili karantin rejimləri, qapanmalar, təcridlər olmadan həyat davam edir.
Belə ölkələrin əksəri adalarda və ucqar ərazilərdə yerləşir. Onlar indiyədək koronavirusa yaxa tutdurmayıblar. Amma virusun, pandemiyanın yaratdığı qlobal problemlər bu ölkələrdən də yan keçməyib.
Sakinləri COVİD-19-a yoluxmayan ölkələrin əksəri Okeaniyada yerləşir.
Okeaniya – Sakit okeanın mərkəzi və qərb hissəsində yerləşən adalar qrupuna verilmiş addır.
Bu adaların 15-i Kuk adaları dövlətindən ibarətdir.
Koronavirus Kuk adalarında eləcə haqqında söz-söhbət gəzən kabusdan savayı bir şey deyil.
Kuk adalarının paytaxtı Rarotonqa adasında yerləşir. Pandemiyanın baş qaldırdığı ilk aylarda əhalinin daha sıx məskunlaşdığı, ölkənin ən böyük adası olan Rarotonqada məktəblər bağlandı və ictimai yerlərdə sosial məsafənin gözlənməsi təbliğ edilməyə başlandı.
Rarotonqa adasında görülən tədbirlər faktiki olaraq Kuk sakinlərinin virusa yoluxacağı təqdirdə görülməli olan tədbirlərə bərabər idi.
Kuk adaları dövlətinin əhalisi 17 min 500 nəfərdir. Bu ölkədə cəmi 22 həkim və iki süni nəfəs aparatı var.
Pandemiyanın ilk dövlərində ölkədə çoxları virus qorxusu ilə yaşayırmış. Rarotonqa adasının sakini Qlenda Tuayn deyir: “İndi özümüzü virusa hazırlıqlı hiss edirik. Amma hazırlıqlı olduq, ya olmadıq, biz COVİD-19-un cəmiyyətdə yaratdığı real problemlərdən uzaq, təhlükəsiz bir guşədəyik”.
Kuk adalarında ümumi daxili məhsulun üçdə iki hissəsindən çoxu turizmin payına düşür. 2020-ci ilin mart ayının ortalarından hökumət sərhədləri əcnəbi turistlərin üzünə bağlayıb. Ona görə virusdan uzaq olsa da, pandemiyanın təsiri bu ölkədə açıq duyulur.
Sərhədlərin bağlanmasının əhalinin maddi vəziyyətinə mənfi təsir göstərdiyini Kuk adalarının baş naziri Mark Braun da bir çıxışında vurğulayıb.
Sərhədlər bağlanandan ölkə iqtisadiyyatı hökumətin ayırdığı yardımlar hesabına duruş gətirir. Yardımlar turizmdən gəliri olmaya-olmaya fəaliyyətini davam etdirən kommersiya sektorunun qorunmasına, iş yerlərinin saxlanmasına yönəldilir.
Baş nazir Mark Braun iddia edir ki, çətinliklərə baxmayaraq, yaxud bəlkə də elə bu çətinliklərə görə əhalinin mübarizə ruhu daha da güclənib: “İnsanlar bir-birinin qayğısına qalır, hər kəs qonşularının, qohumlarının vəziyyətini düşünür, çörəyini başqaları ilə bölüşür. Əhalimizin quruculuq eşqi, yaradıcı imkanları ikiqat artıb”.
Kuk adalarında biznes sektoru öz işinə ara verməmək üçün Yeni Zelandiya ilə mövcud turizm dəhlizindən də yararlanır (bu dəhlizdə yumşaq karantin rejimi tətbiq olunub).
Kuk adalarının sakinləri heç bir tibbi maskadan istifadə etmədən, virusa görə başqa ölkələrin daxildə tətbiq etdiyi hər hansı məhdudiyyətə bənzər bir məhdidiyyətlə qarşılaşmadan öz həyatlarını yaşamağa davam edirlər.
Sakit okean hövzəsində virusun qarşısını almaq üçün əslində sərhədləri qətiyyətlə bağlamaq lazımdır.
Tonqa Krallığı belə də edib: öz ərazisini kənardan demək olar tam təcrid edib, giriş-çıxışı tam dayandırıb və Kiribati, Tuvalu, Nauru, Niue dövlətləri kimi o da virusdan yan ötməyi bacarıb.
Tonqa, Kiribati, Tuvalu, Nauru, Niue – bunlar ada dövlətlərdir.
Tonqa və Kiribatinin hər birində 100 mindən, Tuvaluda 11 mindən, Nauruda 10 mindən, Niuedə 1600-dən çox adam yaşayır.
Aviasiya ilə gediş-gəlişin olmadığı, daha dəqiqi, uçuş zolaqlarının olmadığı Tokelau və Pitkern adaları da COVİD-19 infeksiyasından yan ötə bilib. Bu bir daha onu göstərir ki, izolyasiya işə yarayır.
Tokelau – Yeni Zelandiyanın tabeliyində 3 adadır. 5 il qabaqkı hesablamaya görə, 1500 nəfər əhalisi var.
Pitkern – Böyük Britaniyanın tabeliyində 5 adadır. Birində yaşayış var. 7 il qabaqkı hesablamaya görə, burada 49 nəfər yaşayır.
Lakin izolyasiya tədbirlərini bir qırağa qoyub, tam əks addımlar atan ərazilər də var.
Sakit okeanın cənubunda yerləşən, Fransanın tabeliyində olan Fransız Polineziyası (dənizkənarı ərazi vahidi; 300 minə yaxın əhalisi var) turizmdən asılı olan durğun iqtisadiyyatı canlandırmaq üçün öz sərhədlərini yenidən açıb və iyul ayında karantindən imtina edib. Həmin vaxt bu ərazidə yalnız 62 yoluxma qeydə alınmışdı. İndi yoluxanların sayı 15 min nəfərdən çox, xəstəlikdən ölənlərin sayı isə 100 nəfərə yaxındır.
Sərhədləri bağlı saxlamağın da mənfi nəticələri var. COVİD-19 pandemiyası səbəbindən sərhədlərin bağlanması Sakit okean hövzəsində onsuz da kövrək olan iqtisadiyyatı (ona görə kövrək ki, turizmdən asılıdır) diz çökdürüb.
2020-ci ildə Fici (yüzlərlə adadan ibarət dövlət; 900 min nəfərə yaxın əhalisi var) iqtisadiyyatı 20%-dən çox azalıb. Burada minlərlə insan turizm sektorundakı işindən ayrılıb, öz torpaqlarında kənd təsərrüfatı fəaliyyətinə qayıdıb.
İqtisadiyyatın inkişafı qəfil dayandığına görə Papua-Yeni Qvineyanın bəzi yerlərində insanlar balıqqulağından hazırlanmış pullardan istifadəyə, belə pullarla mübadilə üsuluna qayıdıblar.
Yeni Qvineya adasının şərq hissəsini, Bismark arxipelaqını, Solomon adalarının şimal hissəsini və çoxlu başqa adanı əhatə edən Papua-Yeni Qvineyanın 7 milyon nəfərdən çox əhalisi var.
Dünya Bankının pandemiya dövründə apardığı sorğuya görə, Papua-Yeni Qvineyada yaşayan ailələrin yarıdan çoxu (52%-i) uşaqlarının təhsil haqqını ödəyə bilmədiyinə görə onları məktəbdən çıxarıb.
Papua-Yeni Qvineyanın şərqində yerləşən Solomon adalarında (yaxud Süleyman adaları; minə yaxın adadan ibarət dövlətdir) yarım milyondan çox adam yaşayır. İndiyədək Solomon adalarında cəmi 17 nəfər koronavirusa yoluxub. Amma Dünya Bankının bu ölkədə keçirdiyi sorğuda iştirak edən ailələrin 57%-i deyib ki, gəlirləri azaldığına görə istifadə etdikləri ərzaqları azaldıblar.
Sakit okean arxipelaqının qərbindəki Palaunun ən böyük şəhəri olan Kororda indiyədək koronavirusa yoluxma faktı qeydə alınmayıb.
Palau 328 adadan ibarət dövlətdir. 21 min nəfərə yaxın əhalisi var. Ölkə əhalisinin yarıdan çoxu Koror şəhərində yaşayır.
Kororda koronavirusun olmaması giriş-çıxışın vaxtında bağlanmasının nəticəsi kimi qiymətləndirilir.
Palau dövləti hətta ABŞ-ın köməyilə koronavirus əleyhinə 2800 dozada “Moderna” peyvəndi əldə edib (Palau ABŞ-la sərbəst assosiasiyada olan dövlətdir). Palauda bu ilin ortasına qədər əlavə dozalar da almaq və bütün əhalini peyvənd etdirmək planlaşdırılır.
Palau hökumətinin təmsilçisi Semdiu Deçeronq “Guardian”a müsahibəsində deyir: “Pandemiyanın yaratdığı vəziyyət zahirən bizə adi görünən ailə yığıncaqları kimi toplantıların, yaxud məzuniyyət gecələri kimi sosial tədbirlərin qədrini bilməyimə səbəb oldu. Hətta gündəlik həyatımızın bir hissəsi olan nəqliyyatın da qədrini bilməyə başlamışam”.
Semdiu Deçeronqun ABŞ-da yaxın qohumları yaşayır. Onların bəzisi təcili tibbi yardım xidmətində işləyir: “Mən onların pandemiya dövründə üzləşdiyi vəziyyəti yaxşı təsəvvür edirəm. Çünki biz özümüz də hər zaman qorxu içərisində yaşayırıq ki, birdən kimsə virusa yoluxar və hər yeri bağlamaq məcburiyyətində qalarıq”.
Semdiu Deçeronq pandemiyaya görə adadan çıxa bilməməsindən də narahatdır: “Gözəl bir adada yaşamağın üstünlükləri çoxdur. Amma adam bəzən bir müddətə buradan uzaqlaşmağa da ehtiyac duyur”.
Semdiu Deçeronq deyir ki, adadan çıxa bilməməsinin əlavə faydası da olub: o, çoxdandır getmədiyi, ya da vaxt tapıb görə bilmədiyi yerləri yenidən kəşf edib.
Müsbət əhval-ruhiyyənin izolyasiya dövründə ona kömək durduğunu bildirən Semdiu Deçeronq inanır ki, evinə qayıtmaq istəyən ailələrə o günü görmək tezliklə qismət olacaq.
Mənbə: Theguardian.com