Müsahibim anamdı. Koronavirus xəstəliyi dünyanı bürüyüb, deyirlər əlacı peyvənd olunmaqdadı. Artıq dünyanın bir neçə ölkəsində yeni kəşf olunmuş peyvəndləri vurmağa başlayıblar. İnşallah, yaxın vaxtda bizdə də peyvəndləmə başlanacaq.
Bu bizim ilk peyvəndimiz olmayacaq. Əvvəlki peyvənd təcrübələrimiz də var – sovet dövründən üzü bəri. Yaxşısı, anamdan soruşmaqdı.
Anamın iki adı var: Gülzar, Mələk. Sənəddə adı Mələkdi.
Əliyeva Mələk Musa qızı 1948-ci ilin sentyabr ayının 10-da Ağdam rayonunun Çullu kəndində doğulub. Uşaqlığı babamın ev tikib yurd saldığı Quzanlı kəndində keçib. 1967-ci ildə ailə qurandan Bakıya köçüb. Beş uşaq anasıdı. Uşaq deyəndə ki, ikinci övladı mənəm – 49 yaşım var.
Anam həmişə evdar qadın olub. Pensiyaçıdı.
– Mama, sən peyvənd olunanda neçə yaşın olardı, yadındadı?
– Uşaq vaxtıma düşüb, çox da yadıma gəlmir. Təxminən 10 yaşım olardı. Amma dayılarına, xalana peyvənd vurulduğunu yaxşı xatırlayıram. Onlar məndən balacadılar axı. Yeniyetmə çağında sağalmaz xəstəlikdən ölmüş o biri bacıma da peyvənd vurulduğu yadıma gəlir.
– O vaxt peyvəndi hansı xəstəliklərin qabağını almaq üçün vururdular?
– Hökumətin bu bəla bir dəfə başına gəlmişdi deyə peyvənd ehtiyatı həmişə vardı. Böyüklərimiz danışırdılar ki, bizim yaşımızdan qabaq Qarabağda, ən çox da aranda taun, malyariya, qara qızdırma xeyli adamı qırıbmış. 1920-30-cu illərdən sonra bir dəfə də epidemiya olubmuş. Onda dərman az olsa da öhdəsindən gələ biliblər. Amma sonradan yenə yoluxucu xəstəliklər yayıldı, 60-cı illərin sonunacan davam elədi. Sonra kökü kəsilməsə də xeyli azaldı.
O vaxt deyirdilər ən güclü dərmanlardan biri “Pensilin”di. İndiki “Pensilin” yox e…
Hə, sonra da ortalığa suçiçəyi (çiçək), qızılca, yenə malyariya çıxdı. İnsafən həkimlər əllərindən gələni eləyirdilər. Hökumətin qərarı vardı ki, Azərbaycanın bütün rayonlarında, kəndlərində peyvəndləmə aparılsın. Ciddi nəzarət vardı, ən ucqar kəndə də gedib çıxırdılar. Bildiyim, eşitdiyim qədər Ağdamda, Ağcabədidə bir ailə də peyvəndsiz qalmadı. Özləri çağırıb peyvənd eləyirdilər. Çoxuşaqlı ailələrin evinə gedirdilər. Bir evə düşəndə bütün qonşu ailələri ora yığırdılar. Tarlada, əkində olanı çağırtdırıb gətirirdilər. Bizə gələndə də belə eləmişdilər. Peyvəndin xeyrinə hamı inanırdı, ona görə heç kim peyvəndləmədən yayınmırdı.
– Yayınmaq olardımı heç? Yəqin sovet dövründə peyvənd könüllü olmazdı, məcburi olardı.
– Qərar vardısa, belə çıxır ki, məcburi olub, amma heç etiraz eləyən də yoxudu axı. Hamı inanırdı ki, belə məsləhətdi. 1970-ci illərdə yoluxucu xəstəliklər təhlükəsi aradan qalxsa da, peyvənd yenə davam elədi. Sizə – sənə, qardaşlarına peyvəndi poliklinkada vurdular. O peyvənd iynə deyildi, dərini çərtib nəsə bir dərman tökürdülər. Yeri də qalırdı.
Həkim səni peyvənd eləyəndə qolun qəfil şişdi. Gecə qızdırman qalxdı. Poliklinikaya xəbər verdim, çox narahat olmadılar, dedilər eləcə yaş kompres qoy, qızdırması düşsün. Dedilər qızdırmanı salmaq üçün iynə vurmaq olmaz, amma “Aspirin” içə bilər. Dedilər narahat olmayın, keçib gedəcək. Elə də oldu. Səhər qızdırman düşdü.
Sənin, qardaşlarının qolunda ləkə var e, bax, o, peyvəndin yeridi. Çərtəndə xəbərdarlıq eləmişdilər ki, izi qala bilər.
Qızlar da olanda, balaca vaxtlarında atan müraciət elədi ki, onlara da peyvənd vurulsun. Poliklinkadan dedilər daha ölkədə yoluxucu xəstəliklərin kökü kəsilib. Dedilər ehtiyac olsa özümüz çağıracağıq, amma çağırmadılar. Görünür, doğrudan da qorxulu yoluxucu xəstəlik qalmayıbmış.
– İndi vəziyyəti görürsən, koronavirus dünyanı ağzına alıb. Təzə vaksinlər kəşf eləyiblər. Amerikada, Avropada, Rusiyada peyvəndləməyə başlayıblar. Təzə peyvəndlərə də inanırsanmı? Özünü koronavirusdan peyvənd elətdirəcəksənmi?
– Allah baisə lənət eləsin! Bu koronavirus haradan çıxdı, bu nə əməl idi toruna düşdük?! Deyilməklə deyil ha, elm var, alim var, inşallah, buna da bir çarə tapılar. İndiki vaksinlər haqqında çox söz-söhbət gəzir, adam bilmir kimə inansın. Gah deyirlər Rusiya peyvəndi bekara şeydi, gah deyirlər ancaq amerikalıların, ingilislərin, almanların peyvəndinə etibar eləmək olar, gah da deyirlər türk ər-arvad tapıb virusun dərmanını…
– Türk ər-arvadın tapdığı elə Amerikanın, Almaniyanın peyvəndidi. Sən Uğur Şahinlə Özləm Türəcinin kəşf elədiyi peyvəndi deyirsən. Onlar Almaniyada yaşayırlar, orda iri bir şirkətləri var. Amerikanın bir başqa şirkətiylə peyvənd hazırlayıblar, dünyada koronavirus əleyhinə ən yaxşı peyvənd sayılır, Amerikada, Avropanın neçə ölkəsində istifadə olunur. Təzəcə istifadəyə veriblər.
– Hə… Amma peyvənd gərək hamıya vurula. Ən birinci də uşaqlara. Vallah nə deyim, inansam da, inanmasam da ortalıqda olan budu. Olan nədisə onunla peyvənd elətdirmək lazımdı. Mütləq peyvənd olunmaq lazımdı. Mən də peyvənd olunacam.
Oqtay Qorçu