İsrailin “Yerusəlim Post” qəzeti Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalın məqaləsini dərc edib.
“Azərbaycan yəhudiləri Dağlıq Qarabağda “mədəni soyqırımı” təhlükəsinin əsassız olduğunu yaxşı bilirlər” başlıqlı məqalədə deyilir: “Ötən ay Dağlıq Qarabağda sülh elan ediləndə Azərbaycanın paytaxtı Bakının küçələrində şənliklərin keçirilməsi gözlənilən idi: 30 illik qanunsuz işğaldan sonra təxminən 700 min köçkün azərbaycanlı evinə qayıdacaq. Bu bayramlarda İsrail bayraqlarının Azərbaycan bayraqları ilə birgə qürurla dalğalanması isə bəlkə o qədər də gözlənilən deyildi.
Amma bir azərbaycanlı, bir yəhudi və bir din xadimi kimi bu mənə sürpriz olmadı. Azərbaycan, bəzi KİV-lərin təqdim etmək istədiyi kimi, xristian Ermənistanla dini qarşıdurmaya qalxmış dözümsüz bir müsəlman ölkəsi deyil. Əksinə – Azərbaycan etnik və dini gərginliklə dolu bir bölgədə dini və mədəni tolerantlığın, həmçinin inklüzivliyin hökm sürdüyü məkandır”.
Azərbaycan yəhudilərinin həm sünni, həm şiə müsəlmanlarla, həm də xristianlığın müxtəlif cərəyanlarının nümayəndələri (katolik icması da daxil olmaqla) ilə birgə dinc yanaşı yaşadığını vurğulayan Şneor Seqal bildirir: “Burada hətta Azərbaycanı nəsillər boyu öz vətəni adlandıran 30 min erməni də var. Birlikdə yaşayır və birlikdə işləyirik”.
Müəllif daha sonra Azərbaycan hökumətinin katolik icmasına yeni kilsənin inşası üçün torpaq sahəsi ayırmasından, ölkənin müsəlman və yəhudilərinin birləşib bu tikintiyə yardım etməsindən, 2016-cı ildə Roma papası Fransiskin Azərbaycana səfərindən və buradakı dinlərarası münasibətlərə heyran qalmasından bəhs edir: “Mənim tanıdığım Azərbaycan budur. İndi beynəlxalq medianın cızdığı mənzərə mənə məlum deyil. Yeni sülh müqaviləsinə uyğun olaraq Azərbaycana qaytarılmalı olan torpaqlarda xristian erməni mədəni irsini yer üzündən silmək intiqamı ilə alışıb yanan “işğalçı müsəlman” xalqı haqda mənzərə isə mənə heç məlum deyil.
Eybəcər “mədəni soyqırımı” ifadəsi xarici medianın yaydığı materiallarda bir çox başlıqda yer alıb. Bu məlumatlar yerlərdə isteriyanı artırır, ərazidə yaşayan ermənilər təlaşla kilsələrdən xaçları sökür, hətta evləri yandırırlar. “Bloomberg” agentliyinin bu yaxınlarda yaydığı bir materialda Kəlbəcər bölgəsində bir etnik erməni kameraya dönərək “Evləri yandıracağıq, qoymayacağıq müsəlmanlara nəsə qalsın” kimi ifadə işlətmişdi”.
Şneor Seqal yazır ki, o, İsraildən Azərbaycana gəlməmişdən, baş ravvin kimi fəaliyyətə başlamazdan qabaq yəhudilərlə müsəlmanlar arasında münasibətlərin yaxşılaşdırılmasına ehtiyac olması formulunun universal xarakter daşıdığını düşünürmüş. Amma Azərbaycanı görəndən sonra düşüncələri tamam dəyişib: “Mən burada böyük tolerantlığın şahidi oldum. Bu ölkədə İbrahimi dinlər arasında əlaqələrin mümkünlüyünü nümayiş etdirən bir tolerantlıq hökm sürür”.
Müəllif bildirir ki, bu tolerantlığı küçələrdə də aydınca görmək olar, Azərbaycanda yəhudi araxçınını başına qoyub küçədə qürurla gəzmək mümkündür: “Bəzi Avropa ölkələrində hücum qorxusundan sinaqoqların qapısı çöldəkilərin üzünə bağlı saxlanır, mənim sinaqoqumun qapısı isə həmişə açıqdır”.
Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini qeyd edir ki, mediada ədalətsiz şəkildə təqdim olunmağın insana necə ağır təsir bağışladığını yəhudilər çox yaxşı bilirlər: “Ona görə də mən Azərbaycandakı müsəlman bacı-qardaşlarımın müdafiəsinə qalxmağı özümə borc bilirəm”.
Azərbaycanın işğal olunmuş ərazilərində islam abidələrinin dağıdıldığını, işğal olunmamış ərazilərdəki minlərlə xristian abidəsinin isə mühafizə olunduğunu xatırladan Şneor Seqal yazır ki, guya işğaldan azad edilən ərazilərdə xristian irsinin məhv ediləcəyi haqda bəzi KİV-lərdə irəli sürülən fərziyyələr tamamilə əsassızdır.
Müəllif vurğulayır ki, fərqli mədəniyyətləri qorumaq Azərbaycanda milli prioritetdir.
Azərbaycanın hətta beynəlxalq səviyyədə xristian abidələrinin, irsinin bərpasını maliyyələşdirdiyinə diqqət çəkən Şneor Seqal buna dair xeyli misalın olduğunu deyir: “İndi Azərbaycan hökuməti Dağlıq Qarabağdakı xristian irsini qorumaq və diqqətlə bərpa etmək üçün YUNESKO ilə əməkdaşlıq edir”.
Sonda müəllif qeyd edir ki, bütün bunlara baxmayaraq, şübhəsiz, fikir ayrılıqları da mövcuddur, Qarabağda sülh sənədlərin imzalanması ilə əldə olunub, onu real həyatda möhkəmləndirmək üçün zamana ehtiyac var.
Eyni zamanda Şneor Seqal bildirir ki, diqqəti fikir ayrılıqlarını qızışdırmağa yox, dağıdılmış, boş qalmış bölgədə fərqli irq, mədəniyyət və dinləri bir araya gətirməyə yönəltmək gərəkdir: “Bu, həllolunmaz məsələ kimi görünə bilər. Ancaq bunu etmək mümkündür. Azərbaycan buna bariz nümunədir”.
Mənbə: Jpost.com