Koronavirus əleyhinə vaksinlər hələ hazır olmadığı vaxt onsuz da peyvənd etdirməyəcəyini deyən adamların sayı çox idi. Amma son həftələrdə, ABŞ-da, Avropa ölkələrində vaksinlərin kütləvi tətbiqinə start veriləndən bəri ictimai rəy peyvəndlərin, vaksinasiya prosesinin xeyrinə dəyişməkdədir.
Novator.az saytının məlumatına görə, ABŞ-ın “Nyu-York Tayms” qəzeti yazır ki, əvvəlki mərhələlərdə vaksinlərə şəkk edənlər indi peyvənd olunmaq üçün qolunu çırmamağa hazırdır.
Qəzetin bildirdiyinə görə, ABŞ-ın ictimai rəy üzrə ixtisaslaşan Gellap İnstitutunun, Kayzer Ailə Fondunun və “Rew” tədqiqat mərkəzinin apardığı sorğular peyvənd olunmaq istəyənlərin miqyasının 50 faizdən 60 faizə yüksəldiyini göstərib.
Sorğuların birində bu göstərici hətta 73 faizə çatıb.
73 faiz isə elə bir rəqəmdir ki, kollektiv immunitetin yaranmasına bəs edir.
Kayzer Ailə Fondunun bir sorğusu pandemiyanın başqa ciddi problemində də irəliləyişin olduğunu üzə çıxarıb. Məlum olub ki, hazırda amerikalıların 75 faizi evini tərk edəndə maska taxır.
Bu ilin yayında “Nyu-York Tayms”a açıqlamasında peyvənd olunmaq istəmədiyini bəyan edən, ABŞ-ın Alyaska ştatının 68 yaşlı sakini, ibtidai sinif müəllimi Coann Barns indi başqa fikirdə olduğunu bildirib. O, qəzetə yeni açıqlamasında deyib: “Növbəm çatan kimi peyvənd olunmağa gedəcəm. Çox həyəcanlı və ümidliyəm”.
Ekspertlər hesab edirlər ki, ictimai rəyin peyvəndin xeyrinə yönəlməsində bir sıra faktorlar – ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin və onun komandasının vaksinlərin lehinə ardıcıl təbliğat aparması, virusun qurbanı olan adamların sayının artması, insanların pandemiyadan yorulması, mediada vasinlərin xeyri barədə məlumatların əks məlumatları üstələməsi, tanınmış alimlərin, ictimai-siyasi xadimlərin, səhiyyə işçilərinin jurnalistlərin gözü qarşısında, özü də həvəslə peyvənd olunması kimi hallar ciddi rol oynayıb.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 220 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyası 1 milyon 773 mindən çox adamın həyatına son qoyub.
Mənbə: Nytimes.com