Hansı vaksində donuz məhsulundan istifadə olunur?
- 24 Dekabr 2020
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetTribunaYazarlar
Müsəlman aləmində vaksinlərin halallığı sarıdan narahatlıq var. Çünki bir çox vaksinin hazırlanması prosesində donuz məhsulundan da istifadə olunur. ABŞ-ın “Associated Press” agentliyi müsəlmanların bu narahatlığı ilə bağlı araşdırma aparıb. Araşdırmanın müəllifi agentliyin sağlamlıq və elmi məsələlər üzrə reportyoru Viktoriya Milkodur. Novator.az saytı materialı ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır.
Oktyabrda İndoneziyanın bir qrup diplomatı və ruhanisi Çinə yollanmışdı. Diplomatlar vaksin sövdələşməsini yekunlaşdırmağa getmişdilər, din xadimlərini isə COVİD-19 vaksininin islam qanunlarına uyğun olub-olmadığı maraqlandırırdı.
Bir yandan şirkətlər vaksin hazırlamaq uğrunda yarışır, dövlətlər öz vətəndaşlarını lazımi miqdarda doza ilə təmin edib-etməyəcəyi sarıdan təlaş keçirir, o biri yandan da bəzi dinlərin donuz ətindən istifadəyə qoyduğu qadağa vaksin şirkətlərinin işinə mane olur.
Vaksinlərin təhlükəsiz, effektli saxlanması və daşınması üçün donuz mənşəli jelatindən stabilizator kimi geniş istifadə olunur. Bəzi şirkətlər illərdir donuzsuz vaksin hazırlamaq üçün iş aparır. Həmin şirkətlərdən biri – İsveçrənin “Novartis” əczaçılıq şirkəti artıq meningit əleyhinə donuzsuz vaksin istehsal edir. Səudiyyə Ərəbistanı-Malayziya şirkəti olan “AJ Pharma” isə donuzsuz vaksin istehsalı üzərində işi davam etdirir.
Britaniya İslam Tibb Assosiasiyasının baş katibi Salman Vaqar deyir ki, içinə donuz jelatini qatılmayan, saxlama müddəti az olan vaksinlərə tələb yüksəkdir. Ehtimal olunur ki, gələcəkdə bir çox vaksinin hazırlanmasında bu üsuldan istifadə ediləcək.
ABŞ-ın “Pfizer”, “Moderna” şirkətlərinin və Böyük Britaniya-İsveç şirkəti olan “AstraZeneca”nın sözçüləri bildiriblər ki, onların hazırladıqları COVİD-19 vaksinlərinin tərkibində donuz məhsulları yoxdur. Ancaq ləvazimat məhdudluğu və digər şirkətlərlə əvvəlcədən bağlanmış milyonlarla dollar dəyərində sazişlər onu deməyə əsas verir ki, İndoneziya kimi əhalisinin əksəri müsəlmanlardan ibarət olan bəzi ölkələr tərkibinə donuz jelatini qatılıb-qatılmamasından asılı olmayaraq vaksinləri alacaqlar.
Salman Vaqar deyir: “Donuz məhsullarının dini cəhətdən natəmiz sayılması, tibdə tətbiqinə qadağa qoyulması dini icmalar, o cümlədən mömin yəhudilər və müsəlmanlar üçün bir dilemmadır. Donuz jelatini üzərində ciddi kimyəvi dəyişikliklər etmək mümkündür, lakin buna münasibətdə də islam alimləri arasında fikir ayrılığı var. Kimyəvi dəyişikliyə uğramış donuz məhsulu da haram sayılmalıdırmı? İslam alimlərinin bu suala cavabı birmənalı deyil”.
Sidney Universitetinin (Avstraliya) dosenti Harun ər-Rəşid deyir ki, vaksindən imtina daha böyük ziyana səbəb ola bilər, ona görə Avstraliyada müzakirələrdən sonra donuz jelatininin vaksinlərdə istifadəsinə icazə verilib.
Yəhudi icmasının dini liderləri də bu məsələdə həmrəylik nümayiş etdirirlər.
İsrailin “Tzobar” ravvin təşkilatının sədri David Stav bildirib ki, yəhudi qaydalarına görə, donuz ətinin yeyilməsi qadağandır, amma digər yollarla istifadəsinə icazə verilir. Vaksin bədənə yeridilir, ağızdan alınmır. Söhbət xəstəliklərdən gedirsə, o zaman heç bir qadağa və problem yoxdur.
Amma müsəlman aləmində bu məsələdə fikir ayrılığı mövcuddur və bu, 225 milyon müsəlmanın yaşadığı İndoneziyada ciddi sağlamlıq probleminə çevrilib.
2018-ci ildə İndoneziyanın Üləmalar Şurası tərkibində donuz jelatini olduğuna görə qızılca və məxmərək əleyhinə vaksinləri haram elan etmişdi. O zaman dindarlar, icma başçıları valideynləri övladlarını peyvənd etdirməməyə çağırırdılar.
“Research Partnership” səhiyyə araşdırmaları qrupunun direktoru Reyçel Hovardın sözlərinə görə, bundan sonra İndoneziyada qızılcaya yoluxma halı artdı; İndoneziya bu xəstəliyə yoluxmaların sayına görə dünyada üçüncü yerdə durdu. Sonralar Üləmalar Şurası vaksin vurulmasına icazə verdi, amma hələ də İndoneziyada qızılca və məxmərək əleyhinə vaksinasiyanın səviyyəsi aşağıdır. Çünki ruhani idarənin qərarını dəyişməsinə baxmayaraq bəzi müsəlmanlar hələ də tərkibində donuz jelatini olan vaksinləri qəbul etmək istəmirlər.
Belə problemlər müsəlman ölkələrində hökumətləri bir sıra tədbirlərə əla atmağa sövq edib. Malayziyada valideynlər vaksinlərin halallığına xüsusi önəm verirlər. Ona görə də bu ölkədə uşaqların vaksinlənməsinə nəzarəti gücləndirmək üçün sərt qanunlar qəbul edilib. Malayziyada övladının peyvənd olunmasına izn verməyən valideyni nəinki cərimə, hətta həbs cəzası gözləyir.
Dini və siyasi səbəblərdən vaksinə inamın itdiyi Pakistanda övladlarının poliomiyelit xəsətəliyinə qarşı vaksinlənməsini rədd edən valideynlər həbs olunurlar.
Sidney Universitetinin dosenti Harun ər-Rəşid deyir ki, bütün dünyada vaksinə şübhəli yanaşma və dezinformasiya artmaqdadır. Bu baxımdan dini icmaların təbliğat işinə müdaxiləsi çox vacibdir. Hökumət və səhiyyə işçiləri dini icmalarla əməkdaşlıq etməlidirlər, yoxsa vəziyyət fəlakətli həddə çata bilər.
İndoneziya hökuməti bəyan edib ki, COVİD-19 vaksininin alınması və sertifikatlaşdırılması prosesinə müsəlman ruhani idarəsi də cəlb olunacaq.
İndoneziya prezidenti Coko Vidodo vurğulayıb: “Vaksinin halallığı, qiyməti, keyfiyyəti və paylanması ilə bağlı ictimaiyyətə ətraflı məlumat verilməlidir”.
İndoneziyalı ruhanilər Çinə gedib koronavirusa qarşı vaksin hazırlayan “Sinovac Biotech” şirkətinin iş şəraiti ilə tanış olublar. İndoneziyada koronavirus vaksininin təcrübədən keçirilməsi üçün 1620 nəfər könüllünün iştirakı ilə keçirilən kliniki sınaqlar isə davam etməkdədir. Hökumət “Sinovac Biotech” şirkətindən bir neçə milyon doza COVİD-19 vaksini almağı planlaşdırır. Artıq bununla bağlı hökumətlə şirkət arasında razılıq əldə olunub.
“Associated Press” agentliyi Çinin “Sinovac Biotech”, “Sinopharm” və “CanSino Biologics” şirkətlərinə hazırladıqları koronavirus vaksinlərinin tərkibi barədə məlumat verilməsi üçün sorğu göndərib. Lakin kliniki sınaqların son mərhələsində olan, dünyaya milyonlarla dozada vaksin satan bu şirkətlər sorğunu cavabsız qoyublar.
Çində istehsal olunan COVİD-19 vaksinlərindən heç biri hələ ki, yerli bazara buraxılmayıb. Amma bu ölkədə 1 milyondan çox tibb işçisi və sağlamlığı yüksək risk altında olan insanlar peyvənd olunublar. Çin şirkətləri isə öz vaksinlərinin effekti, yaxud əks təsirləri haqda hələ də lazımi açıqlamaları verməyiblər.
Pakistanda Çinin “CanSino Biologics” şirkətinin istehsalı olan vaksinlə bağlı keçirilən kliniki sınaqlar son mərhələdədir.
Banqladeş dövləti də kliniki sınaqların keçirilməsi üçün Çinin “Sinovac Biotech” şirkəti ilə razılığa gəlmişdi, amma maliyyə problemləri üzündən məsələ təxirə salındı.
Pakistan və Banqladeş müsəlman əhalisinin sayına görə dünyanın ən böyük ölkələridir.
Britaniya İslam Tibb Assosiasiyasının baş katibi Salman Vaqar deyir ki, hazırda İndoneziyada tibb işçiləri virusun yayılmasının qarşısını almağa, hökumət isə əhalidə vaksinə inam yaratmağa çalışır.
Vaksin istehsal edən şirkətləri ictimaiyyətlə sıx əlaqələr qurmağa çağıran Salman Vaqar bildirir: “Şirkətlər nə qədər şəffaf olsalar, öz məhsullarına aid məsələlərdə nə qədər dürüst davransalar, o qədər cəmiyyətin etibarını qazanarlar. Onlar unutmamalıdırlar ki, son nəticədə vaksinasiyaya gedib-getməmək ayrı-ayrı fərdlərin seçimindən asılıdır”.
Viktoriya Milko
Mənbə: Apnews.com