İtaliyanın dövlət xadimi Franko Frattini “Dağlıq Qarabağ sülh sazişinin verdiyi dərslər” adlı məqalə yazıb.
Məqalə Böyük Britaniyanın Reaction.life portalında dərc olunub.
63 yaşlı Franko Frattini 1994-1995-ci illərdə İtaliya Nazirlər Şurası Rəyasət Heyətinin baş katibi, 1995-1996-cı illərdə İtaliyanın dövlət idarəçiliyi və regional məsələlər naziri, 1996-2004-cü illərdə İtaliya parlamentinin kəşfiyyat, təhlükəsizlik və dövlət sirri komitəsinin sədri, 2001-2002-ci illərdə həmçinin ölkənin dövlət idarəçiliyi, kəşfiyyat və təhlükəsizlik xidmətlərinin koordinasiyası naziri, 2002-2004-cü və 2008-2011-ci illərdə İtaliyanın xarici işlər naziri, 2004-2008-ci illərdə Avropa Komissiyasının ədliyyə, azadlıq və təhlükəsizlik məsələləri üzrə komissarı vəzifələrində çalışıb.
Novator.az-ın məlumatına görə, Franko Frattini “Dağlıq Qarabağ sülh sazişinin verdiyi dərslər” məqaləsində vurğulayır ki, bu ilin payızında Ermənistanla Azərbaycan arasında 44 gün davam edən müharibənin dayandırılması ilə nəticələnən, noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan razılaşma ibrətamiz bir hadisədir və bu hadisə bir misal kimi beynəlxalq diplomatiya dərsliklərinə salınmalıdır.
Müəllif qeyd edir ki, Ermənistan dövlət institutlarının korrupsiyaya qurşandığı, pis idarəçilik üzündən iflic vəziyyətə düşdüyü bir vaxtda hərbi baxımdan təhlükəli oyunlara girmişdi və bu, Avropaya da dərs olmalıdır, Avropa Ermənistan hökumətinin buraxdığı səhvlərdən nəticə çıxarıb özünə ibrət götürməldir.
Franko Frattininin fikrincə, noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan saziş Ermənistan üçün, ermənilərin gələcək nəsilləri üçün ağır bir zərbədir və bu gözlənilən aqibətə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.
Sabiq nazir, sabiq komissar yazır ki, Ermənistanı hərbi uğursuzluğa onun rəhbərlərinin son 30 ildə yol verdiyi bir neçə ciddi strateji və siyasi səhvlər gətirib çıxarıb: “Bu səbəbdən erməni xalqının acınacaqlı durumuna görə Azərbaycanı günahlandırmaq yersizdir. Həqiqət ondan ibarətdir ki, Ermənistan hökuməti öz xalqının maraqlarını pis müdafə edib. İndi Ermənistan rəhbərliyi ölkənin düşdüyü vəziyyətə görə məsuliyyəti üzərinə götürməli və özünü elə aparmalıdır ki, xalqının uzunmüddətli maraqlarını təmin edə bilsin”.
Məqalədə bildirilir ki, Ermənistan illər uzunu ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda bölgədə etibarlı sabitliyin təmin edilməsi baxımından səmərəli mövqe tutmayıb: “Ermənistan hökuməti Azərbaycanın güzəştlərlə bağlı səmimi niyyətini qiymətləndirməyi bacarmayıb, işğal olunmuş ərazilərin mövcud statusu onu arxayınlaşdırıb, bu statusla özünə təsəlli verib. Bir sıra sammitlərdə, o cümlədən 2007-ci ilin Madrid, 2011-ci ilin Kazan görüşlərində Dağlıq Qarabağ ətrafında işğal olunmuş bəzi ərazilərin tədricən Azərbaycana qaytarılması məsələsi razılaşdırılmışdı. Amma Ermənistan inadkarlıq göstərdi, bu inadkarlıq onu daha da radikallaşdırdı, azərbaycanlılarda isə qisas almaq istəyini gücləndirdi”.
Get-gedə Yerevanın güzəşt konsepsiyasının üstündən tamamilə xətt çəkdiyini, Ermənistanda güzəştlərə dair istənilən xatırlatmanın milli kimliyin rədd olunması kimi qəbul edildiyini bildirən Franko Frattini yekunda radikal ritorikanın hər iki tərəfdə adi oyun qaydasına çevrildiyini vurğulayır: “Yerevan gözləyirdi ki, Bakı axırda geri çəkiləcək. Bunu gözləmək ən yaxşı halda sadəlövhlük, ən pis halda isə özünü təhlükəyə atmaq demək idi”.
Ermənistanın birinci Qarabağ müharibəsindəki uğurundan sonra öz hərbi gücü barədə xülyalara qapıldığını deyən italiyalı dövlət xadimi məqaləsində erməni tərəfinin daha bir aldanışından bəhs edir. O, Moskvaya hədsiz və əsassız inamı Yerevanın ən təhlükəli arxayınlığı kimi qiymətləndirir. Bildirir ki, düzdür, bu iki ölkəni çoxdankı dostluq əlaqələri, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı birləşdirir, Ermənistanın Gümrü şəhərində Rusiyanın hərbi bazası var: “Ancaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı paktı Dağlıq Qarabağ regionuna şamil edilmir. Ermənistan hökuməti döyüş başlasa Rusiyanın köməyə gələcəyini arxayınca düşünməklə özünü yalana inandırmışdı”.
Franko Frattini hesab edir ki, əslində 2016-cı ilin Aprel döyşləri Ermənistan üçün həyəcan təbili olmalı idi. Çünki həmin döyüşlər Azərbaycanın texnoloji baxımdan mühüm üstünlüyünü və Rusiyanın Yerevana tam dəstək vermək fikrində olmadığını göstərmişdi.
Məqaləsində Ermənistan rəhbərliyinin öz hərbi gücünü şişirtdiyini, Azərbaycanın gücünü nəzərə almadığını təkrar-təkrar qeyd edən müəllif ermənilərin daha bir probleminə diqqət yönəldir. Bildirir ki, bütün bu dövr ərzində korrupsiya və pis idarəçilik Ermənistanın siyasi qurumlarını içindən yeyib, ölkə rəhbərliyi isə əhalinin nəzərini bundan yayındırmaq üçün güc nümayişinə çıxıb, diqqəti Dağlıq Qarabağa yönəldib, özünü bununla təbliğ etməyə çalışıb”.
“Dağlıq Qarabağ sülh sazişinin verdiyi dərslər” məqaləsi bu sözlərlə bitir: “Henri Kissincer bir dəfə deyib ki, vaxt ötdükcə qalib tərəfin danışıqlarda mövqeyi zəifləməyə başlayır. Yerevan güclü olduğu dövrdə Dağlıq Qarabağın uzunmüddətli statusunu nizamlamalı idi. Amma bunun əvəzində Ermənistan ordunu tarıma çəkdi, daxili islahatları isə inkişaf etdirə bilmədi. İndi Ermənistan bütün mümkün ssenarilərdən ən pisinin içindədir. İndi beynəlxalq birlik sazişin Azərbaycana aid hissəsinin yerinə yetirilməsini təmin etməlidir. Amma Yerevan da yüksək standartlara cavab verməyə borcludur. Ermənistan hökuməti həmişə öz xalqını pis vəziyyətdə qoyub. Biz Yerevanın beynəlxalq ictimaiyyətin rəğbətindən öz xalqının ziyanına istifadə etməsinə yol verməməliyik”.
Mənbə: Reaction.life