Emin Hüseynzadə
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) son elanı jurnalistlər üçün ciddi problemlər yaradır.
Dekabrın 9-da KİVDF müxtəlif mövzularda yazı müsabiqəsi elan edib. Müsabiqəyə qatılmaq istəyən jurnalistlərə dekabrın 16-sı saat 12:00-dək vaxt verilib.
Ancaq müsabiqə iştirakçılar üçün başağrısına çevrilə bilər, çünki yarışa qatılanlar öz şəxsi məlumatlarını da ortaya qoymalı, beləliklə, şəxsi təhlükəsizliklərinə problem yaratmalıdırlar. Üstəgəl, bəzi mövzular üzrə materialları təqdim etmək faktiki olaraq mümkün deyil.
Sonuncu məsələdən başlayaq.
Mövzuların ikinci istiqaməti kimi fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, “fake xəbər” və “deep fake”lə mübarizə üsulları göstərilib.
“Fake” xəbərlərin (əslində azərbaycanca bu, “saxta xəbər” kimi ifadə oluna bilər) əksəriyyəti vizual mediada yayımlanır. Əksər saxtakarlığa foto, video, aktiv vizuallaşdırma, animasiya, gif və digər multimedia vasitəsiylə yol verilir.
KİVDF-nin tələbi isə belədir: bütün materiallar yalnız yazıdan ibarət olmalıdır.
Bəli, siz nə foto, nə video, nə də digər nümunələrdən istifadə edə bilərsiz. Materialları kağızda təhvil vermək tələb olunur.
Alternativ yol materialları KİVDF-nin saytında onlayn qeydiyyatdan keçib elektron qaydada çatdırmaqdır ki, burada da yenə yalnız yazıların təqdim olunması üçün xana var.
“Deep feyk” materialların hamısı video və səs fayllarından ibarətdir. Onları göstərmədən, müqayisə etmədən problemi oxucuya necə çatdırmaq olar? Belə üsul dünyanın heç bir yerində icad olunmayıb.
Beləliklə, ən azı bir bənd üzrə materialların təqdim olunması mümkün deyil. Halbuki mövzunun özü çox vacibdir və gündəmdədir.
Jurnalistlər üçün daha böyük problem materialların hazırkı sərt karantin dövründə təqdimatı olacaq.
Ya kağızda təqdim etməlidirlər ki, burda da çox qəribə standartlar qoyulub. Rəsmi sənəddə belə deyilir: “Yazı A4 kağızına uyğun formatda, səhifədə soldan 25 mm, sağdan 15 mm, yuxarı və aşağıdan 20 mm boş sahə saxlanılmaqla tam düzləndirmə (Ctrl+J) nizamında, “Times New Roman” şriftində, ölçüsü 12 və sətirarası intervalı 1 vahid olmaqla tərtib olunmalıdır”. Əgər gözəl yazı 1.5 intervalla verilibsə, bunu jurnalistin qeyri-peşəkarlığı kimi qiymətləndirəcəklər?
Və bu kağız versiyadan 1 deyil, nəyəsə görə 3 nüsxə tələb olunur.
Yəqin ki, bir çox jurnalist alternativ variantdan – müsabiqəyə elektron qaydada müraciət etmək üsulundan istifadə edəcək, bundan ötrü onlayn qeydiyyatdan keçəcək.
KİVDF bu məqsədlə yaxşı izahedici video da hazırlayıb: Video
Ancaq sistemi yoxlayanda ortaya ciddi problem çıxır: xeyli şəxsi məlumat tələb edən anket sizi kənar hücumlardan heç cür qorumur. Yəni anketi dolduran jurnalistin verdiyi bütün məlumatlar – parolları, şəxsiyyət vəsiqəsinin surəti, email ünvanı, ev ünvanı, jurnalist vəsiqəsinin üzü və s. cinayətkarlar və ya hər hansı məqsədli hakerlər tərəfindən rahatca ələ keçirilə bilər.
KİVDF bu təhlükəsizlik xətasını təcili düzəltməli, jurnalistlər isə diqqətli olmalıdırlar.
Qaliblərə 500, 700 və 1000 manat mükafat verəcəklər. Bunu almaq üçün jurnalist yazıları indiyə qədər heç yerdə çap edilməməlidir.
Yəqin ki, vacib mövzular üzrə müsabiqədə jurnalistin hazırladığı materialın auditoriyaya təsir qüvvəsini hesablamaq başlıca məqsədlərdən biridir. Yazılar birinci mükafatlandırılıb, sonradan hardasa dərc ediləcəksə, onda onların əhalinin diqqətini yetərincə cəlb etdiyi necə bilinəcək, necə ölçüləcək? Bunun üçün hansı meyarlar ortaya qoyulur?
Əfsus ki, bu dəfə də müsabiqədə qeydiyyatlı mediada rəsmi və ştatdankənar işləməyən, ancaq minlərlə onlayn auditoriyası olan jurnalistlər iştirak edə bilməyəcəklər.
Məncə, jurnalistin peşəsini nə hansısa vəsiqə, nə də baş redaktorun verdiyi kağız arayış müəyyən edir. Bu, çox vacib məqamdır. Onlarla yaxşı mütəxəssisisi müxtəlif tədbir və fəaliyyətlərdən kənarda qoyan məsələdir.
Müəllifin başqa yazıları:
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?
Mediamızı idarə edən gözəgörünməzlərin adları
Azərbaycan mediasının bacarmadığını avtobus şirkəti etdi
Jurnalistlərdə özünüsenzuranın Azərbaycansayağı səbəbi və nəticəsi
Casus jurnalistlər, hərbi zavodlar və bölgələrimiz
Susdurmağa çalışanlar, ya da özünüsenzuranın yeni növü
Koronavirus mediamızı dəyişə bilməz
Koronavirusu öldürərkən başqa xəstəliklər arta bilər
Koronavirusun yaratdığı yeni biznes imkanı
Koronavirus dövründə Azərbaycanda başqa viruslar da yayılıb