Qalib Toğrul
Hikmət Hacızadə həmişə məndə günümüzdən uzaq, əsrlərlə yol gələn romantik demokrat təəssüratı yaradıb. Bir neçə il öncə İstanbulda buna bir daha əmin oldum.
Türkiyədə keçirilən bir konfransa Sabit Bağırovla mən Kiyevdən, Avropa İttifaqının Şərq tərəfdaşlığına dair toplantıdan, Hikmət bəy Bakıdan gəlmişdi. Təyyarədə Sabit müəllim iştirakçılar arasında Hikmət bəyin də olacağını deyəndə çox sevinmişdim.
İki günlük konfransda təqdim olunan məsələlərə baxışını özünəməxsus şəkildə, zarafatyana ciddiyyətlə çatdırması müzakirələrdə fikir ayrılıqlarının yaratdığı gərginliyi götürməklə yanaşı tədbir iştirakçılarına xüsusi zövq vermişdi.
Mehmanxanamız Taksim meydanında yerləşdiyindən axşamlar azərbaycanlı nümayəndə heyəti (təxminən 10 nəfər) birlikdə gəzməyə çıxırdıq.
İlk günün gəzintisi maraqlı bir əhvalatla yadda qaldı. Hikmət bəy 2013-cü ilin “Gəzi Parkı” hadisələrindən sonra İstanbulda olmamışdı. Hoteldən çıxanda hökumətin ərazidə apardığı tikintilərin doğurduğu etiraz aksiyalarına meydan olmuş həmin parka getmək istədiyini söylədi. Artıq “Gəzi” hadisələrindən xeyli keçmişdi, park ləğv olunmuşdu, yerində tikinti gedirdi. Hikmət bəy israrlı idi. Həmin hadisələrdə iştirak eləmiş bir şəxsin köməyi ilə etiraz aksiyası keçirilən yeri tapdıq. Bu yer artıq park deyildi, avtobus dayanacağı idi. Biz dayanacağa çatanda orda avtobus gözləyən xeyli adam gördük. Hikmət bəy heç kimə fikir vermədən səliqə ilə qatlanmış və üstündə “Dirən, Gəzi Parkı!” yazılmış A:4 formatlı vərəqi cibindən çıxartdı, təmkinlə açdı, hər əli ilə bir tərəfindən tutub, sinəsi hündürlüyünə qaldırdı və kağıza yazılmış şüarı səsləndirməyə başladı. Ətrafdakılar ona təəccüblə baxsalar da, Hikmət bəy heç kimə fikir vermədən təxminən 2 dəqiqə sürən təkadamlıq aksiyasını bitirib kağızı tələsmədən, əvvəlki qaydada səliqə ilə qatlayıb pencəyinin yan cibinə qoydu və baxışları ilə onu izləyənlər arasından Azərbaycan nümayəndə heyətini tapdı, heç nə olmamış kimi “İndi gedə bilərik” dedi.
Hamımız çox mütəəssir olmuşduq. Bununla o, qəlbən, ruhən dəstəklədiyi, ancaq iştirak edə bilmədiyi aksiyaya, gec də olsa, öz dəstəyini nümayiş etdirməklə sanki borcundan çıxırdı.
Parkdan bu hisslərin təsiri altında ayrıldıq. Xəstəliyimlə bağlı dərmanları Türkiyədən alırdım. Aptekə girəndə hansı xəstəlikdən əziyyət çəkməyimlə maraqlandı, məlum oldu ki, ikimiz də aortanın anevrizmasına mübtəla imişik. Bu bizi daha da doğmalaşdırdı. Mənə xəstəliklə bağlı faydalı məsləhətlər verdi, əməliyyata getmək fikrimdən daşındırdı. Maraqlıdır ki, dedikləri tibbin ənənəvi yanaşmasından fərqli idi. Bu, onun xarakterindən irəli gəlirdi. Çünki mövzudan asılı olmayaraq “ənənəvilik” ona yad idi. İndi xatırlayıram ki, Bakıya qayıdandan sonra dediklərinin sübutu kimi mənə xeyli yazı da göndərmişdi.
Hikmət bəy komplekssiz adam idi. Bu üstünlüyü imkan verirdi ki, onunla açıq danışasan, istədiyini soruşasan. Onun hələ sovet dövründən rejimə qarşı gizli mübarizə apardığını bilirdim. Sadəcə, rusdilli olması, ipə-sapa yatmazlığı, hədsiz müstəqilliyi məndə onun Əbülfəz Elçibəyin rəhbərliyi altında mübarizəyə qoşulması ilə bağlı cavabsız suallar yaradırdı. Bir dəfə nəhayət ki, ürəyimi deşən sualı verdim: “Hikmət bəy, Siz xarakter etibarilə Elçibəylə bir-birinizə zidd adamlarsınız. Necə oldu ki, Elçibəyin rəhbərliyini qəbul etdiniz?”
Cavab həmişəki kimi orijinal idi: “Mənim atam professor idi, cild-cild kitablar yazmışdı, xalq hərəkatı başlayanda o, hərəkata qoşulmadı, küçəyə çıxmadı. Ancaq Elçibəy küçəyə çıxdı və xalq hərəkatına rəhbərliyi üzərinə götürdü. Atam çıxaydı, ona qoşulaydım”.
Hikmət bəy 1918-ci ildə demokratik cümhuriyyət quran sələfləri kimi çox şərəfli, eyni zamanda kədərli bir həyat yaşadı. Bu, onun taleyi idi, 66 illik ömrü boyu bu kədər onu qarabaqara izlədi, yaxasından düşmədi.
İstanbulda olanda Hikmət bəy özünə palto almaq istəyirdi. Hamımız həvəslə bu prosesə qoşulmuşduq, fikrimizi deyir, məsləhətlər verirdik. Çox mağazaya baxdı, xoşuna gələn paltoları geyinib yoxladı, ancaq təəssüf ki, pulu çatmadı. Sonuncu gün Taksimdə şam yeməyindən sonra paltosunu geyinmək üçün asılqana yaxınlaşanda köhnə, ancaq sədaqətli yol yoldaşını kədərli baxışları ilə süzüb, dedi: “Yox, hələ çox köhnəlməyib, bu qışı da yola verə bilərəm”.
İndi, üstündən illər keçəndən sonra istəsək də, istəməsək də, qurğuşun yüklü sükut qədər ağır və qulaqbatırıcı reallıq belədir: daha bir də Hikmət bəy soyuq qışı köhnə palto ilə yola verməyin dərdini çəkməyəcək.
Yerin behişt olsun, bəy!
Hikmət Hacızadə 2020-ci il noyabrın 20-də vəfat edib.
1954-cü il təvəllüdlü Hikmət Hacızadə fizika-riyaziyyat elmləri namizədi idi.
Milli azadlıq hərəkatının (1988-1991) liderlərindəndir. Azərbaycan Xalq Cəbhəsinin “Svoboda” qəzetinin redaktoru olub.
Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) baş nazirin müavini, Azərbaycanın Rusiya paytaxtı Moskvada səlahiyyətli nümayəndəsi postlarını tutub.
1993-2015-ci illərdə Müsavat Partiyasının üzvü olub.
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin qurucusudur.