Bu xamır o xamırdan deyil – 10 noyabr bəyanatının təhlili
- 15 Dekabr 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Vatan-online.com saytında sonuncu Qarabağ müharibəsi və Azərbaycan, Ermənistan, Rusiya liderlərinin noyabrın 10-da qəbul etdikləri birgə bəyanat haqda dərc edilmiş təhlil yazısını oxucuların diqqətinə çatdırırıq. Bu yazı müəllif Çingizin “Yeddinci günün düşüncələri” silsiləsindən qələmə aldığı birinci məqalədir.
10 noyabr bəyanatının hərbi və siyasi nəticələri
44 günlük müharibə bitdi. Bakıda Qələbə paradı keçirildi, Yerevanda isə müxalifətin xain adlandırdığı Paşinyanın istefaya göndərilməsi prosesi gedir.
Azərbaycan bu 44 günlük müharibənin zəfəri ilə yaşayır. Amma cəmiyyətdə bir narahatlıq da var. Şuşanın alınmasından doğan geniş və dərin sevinc hissinə üçtərəfli 10 noyabr bəyanatına əsasən Rusiya qoşunlarının sülhməramlı adı altında Dağlıq Qarabağda yerləşdirilməsindən irəli gələn narahatlıq əlavə edilib.
Ürəklərimizdə iki hiss bir-birinə qarışıb. Cəmiyyət daxilində isə iki cinah düşüncəsi yer almaqdadır. Bir cinahın tərəfdarları Rusiya qoşunlarının Dağlıq Qarabağda sülhməramlılar qismində yerləşdirilməsini Xalq Cəbhəsi hakimiyyətinin 1992-1993-cü illərdə Azərbaycandan çıxardığı Rusiya qoşunlarının yenidən Azərbaycana qayıdışı kimi qiymətləndirir və “Daha onları 1992-1993-də çıxartmağa dəyərdimi?!”, “Bu qədər əziyyət çəkdik, 7+ rayonlarımız tamamilə dağıldı, minlərlə şəhid verdik ki, Rusiya qoşunları yenidən Azərbaycana qayıtsın?!”, “Elçibəy Rusiya qoşunlarını Azərbaycandan çıxartdı, amma indiki hakimiyyət onları yenidən Azərbaycana gətirdi” deyirlər.
Digər cinahın tərəfdarları isə əksinə, Rusiya qoşunlarının 1992-1993-cü illərdə Azərbaycandan çıxarılmasını səhv addım sayır, məhz bunun nəticəsində Azərbaycanın Dağlıq Qarabağı itirdiyini deyirlər.
Bu fikir ayrılığı ilk baxışdan zərərsiz, sırf nəzəri bir məsələ kimi görünsə də, özündə böyük təhlükə daşımaqdadır. İş burasındadır ki, bizi hələ uzun illər gərgin iş gözləyir. İndiki və üzümüzə gələn həssas dövr ərzində ikitirəlik arzuolunan deyil, birliyə, “dəmir yumruğa” hələ uzun müddət ehtiyac olacaq. Düşüncələrimizdə yaranan belə şübhə və ziddiyyətlər isə həmin yumruğu zəiflədə bilər.
1992-1993-cü illərdə Rusiya qoşunlarının Azərbaycandan çıxarılması
Buna görə hökmən 1992-1993-cü illərdə Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasını indiki dövrlə, 44 günlük müharibədən sonra Rusiya qoşunlarının Azərbaycana qaytarılması ilə müqayisə etməyə çox ciddi ehtiyac var.
Başlayaq müstəqilliyimizin ilk dövründən. Yada salaq ki, 1992-1993-cü illərdə Azərbaycan çox zəif bir durumda idi, iməkləməkdən yeriməyə can atan uşaq kimi ilk müstəqil addımlarını atırdı, dövlət institutları yox dərəcəsində idi, ordu quruculuğu təzə-təzə başlayırdı, neft müqavilələri hələ imzalanmamışdı, ölkədə işsizlik və yoxsulluq hökm sürürdü. Bu azmış kimi, Bakıda, Gəncədə, Yevlaxda, Lənkəranda, Qəbələdə, ölkənin bir çox başqa bölgələrində Rusiyanın Sovet İttifaqından miras qalmış çoxsaylı hərbi qüvvələri və bazaları dururdu.
Kim bilir, bəlkə də Azərbaycan rəhbərliyi 1992-1993-cü illərdə Rusiya qoşunlarını çıxarmasaydı, ola bilsin, Azərbaycan Dağlıq Qarabağ üzərində nominal hakimiyyətini saxlayardı. Bu mümkün ehtimaldır. Amma Rusiya qoşunları Azərbaycanda küll halında və ölkənin müxtəlif bölgələrində ola-ola bizə müstəqil daxili və xarici siyasət aparmağa, sonradan baş tutmuş ordu quruculuğunu həyata keçirməyə, neft müqavilələrini istədiyimiz şərtlərlə imzalamağa imkan verməyəcəkdi.
Bunu da yada salaq ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov və Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilov qətlə yetirildilər. İndi təsəvvür eləyin ki, həmin dövrdə Bakıda Rusiya qoşunları qalmış olaydı. Onların nə edəcəyini və nə şəkildə edəcəyini təsəvvür eləmək üçün 1990-cı ilin yanvarını göz önünə gətirmək kifayətdir. Bir sözlə, Azərbaycan nə hakimiyyətini müstəqil şəkildə qura biləcəkdi, nə neft müqavilələrindən düz-əməlli qazanc götürə biləcəkdi, nə Türkiyənin hərbi məktəblərinə tələbələr göndərib milli hərbi kadrlar yetişdirməklə və ən qabaqcıl silahları almaqla güclü ordu qura biləcəkdi, nə də müstəqi dövləti necə idarə etməyi öyrənə biləcəkdi.
Üstəlik, Rusiya qoşunları Azərbaycandan çıxarılmasaydı, heç bir qarantiya da yox idi ki, Rusiya Azərbaycana Dağlıq Qarabağ üzərində suverenliyini tam qoruyub saxlamaq imkanı verəcəkdi. Çox güman ki, nə isə qarışıq, əslində suverenliyimizin mühüm hissəsini əlimizdən almış hibrid bir model tətbiq olunacaqdı.
Ona görə qəbul etməliyik ki, 1992-1993-cü illərdə Rusiya qoşunlarının Azərbaycandan çıxarılması bir çox digər səhvlər etmiş Xalq Cəbhəsi-Elçibəy hakimiyyətinin uzaqgörən və Azərbaycanın gələcək inkişafına imkan verən ən böyük və uğurlu addımlarından biri olub. Məhz bunun hesabına Azərbaycanda müstəqil dövlət quruculuğu mümkün oldu, xaricdən asılılığı olmayan milli hakimiyyət formalaşdı, müstəqil və vətənpərvər nəsil yetişdi, iqtisadiyyat dirçəldi, müdafiə sənayesi quruldu, ordumuzun Rusiyada yox, Türkiyədə təhsil almış zabit korpusu və xüsusi təyinatlıları formalaşdırıldı və nəticədə biz 44 günlük müharibədə Ermənistan üzərində şanlı zəfər çaldıq.
Bir sözlə, razılaşaq ki, 1992-1993-cü illərdə Rusiya qoşunlarının Azərbaycandan çıxarılması çox düzgün və uzaqgörən addım idi.
10 noyabr bəyanatı ilə Rusiya sülhməramlılarının Azərbaycanda yerləşdirilməsi
İndi keçək 10 noyabr bəyanatı əsasında Rusiya qoşunlarının Azərbaycanda sülhməramlı adı ilə yerləşdirilməsinə.
Yəqin Azərbaycanda tək-tük adam tapılar ki, bunu alqışlasın. Qətiyyən! Bu, istər-istəməz Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyinin bir hissəsinin itirilməsi deməkdir. Amma Azərbaycanın bununla razılaşmamaq imkanı var idimı? Bu suala “hə” cavabı verənlərin nə siyasətdən, nə də hərbdən anlayışı yoxdur.
Fikir verək, 10 noyabr bəyanatı gecə ikən imzalandı. Heç səhəri də gözləmədilər. Niyə? Ona görə ki, Şuşa kimi çətin bir ərazini azad edən hərbçilərimiz cəmi bir neçə saat ərzində, səhərə artıq Xankəndini də azad etməyə qadir idilər. Onda Ermənistanla Azərbayan arasında Dağlıq Qarabağ münaqişəsi bitmiş və Rusiyanın Qafqazda mövqeləri xeyli zəifləmiş olardı. Rusiya ümumiyyətlə dünyada və Qafqazda hələ kifayət qədər güclüdür, buna görə onun maraqları ilə hesablaşmaq gərəkdir. Həmin axşam Naxçıvan yaxınlığında Rusiya helikopterinin vurulması, Bakı ətrafındakı boş əraziyə ballistik raketin qeyri-müəyyən nöqtədən atılması Rusiyanın müzakirə masası arxasındakı mövqeyini xeyli gücləndirirdi və onun niyyətinin nədən ibarət olduğunu aydın göstərirdi.
Azərbaycan rəhbərliyi də çox düzgün olaraq qələbənin limitlərini real qiymətləndirib Ermənistanın xeyrinə işləyə biləcək iki yanlışlığa yol vermədi – nə özü Rusiya ilə hərbi qarşıdurmaya getdi, nə də qardaşı-müttəfiqi Türkiyəni bu mənasız davaya təhrik etdi. Çox düzgün və hesablanmış addım idi.
Ölkə rəhbəri bu 44 günlük müharibə dövründə nə dərəcədə güclü siyasi bacarıq və iradəyə malik olduğunu göstərdi. Tam əminliklə demək olar ki, əgər Rusiya qoşunlarını Azərbaycana buraxmamaq imkanı olsaydı, ölkə rəhbərliyi bunu mütləq edərdi. İndiki hakimiyyətin Qəbələdəki radiolokasiya stansiyasını bağlamaqla Azərbaycan ərazisində son Rusiya hərbi bazasını ləğv etdiyini də unutmayaq.
10 noyabr bəyanatı Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə arasında həmin tarixdə mövcud olan hərbi-siyasi balansı əks etdirir. Rusiya vasitəçi qismində danışıqları apararaq bütün tərəflərin – dörd iştirakçının hər birinin maraqlarını təmin edən məqbul variant hazırladı. Bu bəyanat həm də 10 noyabr 2020-ci ilə mövcud olan geosiyası və regional reallıqları əks etdirir.
Bəs bu reallıqları əks etdirən 10 noyabr bəyanatının hansı nəticələri oldu?
Birincisi, Rusiya hələlik Qafqazda mövqelərini saxladı. (Bu mövqelərin 44 günlük müharibə nəticəsində gücləndiyi, yoxsa zəiflədiyi ayrıca məqalənin mövzusudur; növbəti “Yeddinci günün düşüncə”si məhz buna həsr olunacaq).
İkincisi, Azərbaycan öz ərazisinin mühüm hissəsi olan və otuz il qabaq itirilən 7+ rayon üzərində suverenliyini bərpa etdi. Bu sözlərin mahiyyətinə bir az dərindən nəzər salaq.
27 sentyabr 2020-ci ilə kimi Azərbaycanın Dağlıq Qarabağ və 7+ rayon uzərində de-yure suverenliyi olsa da, de-fakto suverenliyi yox idi. Ermənistan və onun havadarları bizdən 7+ rayonu de-fakto qaytarmağın müqabilində Dağlıq Qarabağın müstəqilliyinin de-yure tanınmasını tələb edirdi. 44 günlük müharibə nəticəsində biz 7+ rayon üzərində (Laçın dəhlizini çıxmaq şərti ilə) de-fakto suverenliyimizi də bərpa etmişik. İndi 27 sentyabradək işğal altında olan həmin rayonlardan bizə qarşı təhdid kimi istifadə edə bilməzlər. Dağlıq Qarabağın özü üzərində (halbuki Şuşa və Hadrut da daxil olmaqla Dağlıq Qarabağın bir hissəsi tam suverenliyimizə keçib) de-fakto suverenliyimiz hələlik tam bərpa edilməsə də, düşmənlərimizin artıq 7+ rayondan təhdid aləti kimi istifadə etmək imkanları yoxdur, biz bu “aləti” məhv elədik, Azərbaycan prezidenti demişkən, “cəhənnəmə göndərdik”.
Üçüncüsü, torpaqlarımızın azad olunması qədər vacib olan daha bir proses getdi, – xalqımızın özünə, öz ordusuna və rəhbərliyinə inamı bərpa edildi. Başımızı dikəltmişik, hər bir xalq üçün olduqca gərəkli olan milli qürurumuzu gücləndirmişik.
Dördüncüsü, qardaş Türkiyə də bölgəyə qədəm qoydu. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəlində bu bölgədən ayağı üzülmüş Türkiyə regional qüvvə kimi qayıtdı. Bakının Naxçıvanla, oradan da Türkiyə ilə birbaşa yerüstü rabitəsi yaranır. Əslində, bütün Mərkəzi Asiyanın, elə Rusiyanın özünün də və nəhayət, Çin kimi get-gedə güclənən superdövlətin də maraqlarına cavab verən tarixi “İpək yolu” bərpa edilir.
Beşincisi, uduzan Ermənistan oldu. Təkcə zəbt etdiyi torpaqları itirmədi. Ondan da vacib nəticə budur ki, ermənilərin illərlə yetişdirib əzizlədikləri miflər iflasa uğradı, onlar reallıqları görüb dəhşətə gəldilər. Necə deyərlər, araba kölgəsində yatdıqları halda elə bilirlərmiş öz kölgələridir. Bir daha aydınlaşdı ki, 1992-1994-cü illərdə ilk müstəqil addımlarını atan Azərbaycana qalib gələn Ermənistan deyil, Rusiyanın 366-cı alayı olubmuş. Ermənilərin yaxşı siyasətçi, diasporlarının hər şeyə qadir, erməni ordusunun və onun generallarının məğlubedilməz olması mifi də puça çıxdı.
Pasiyent nə edəcək?
İndi ermənilər həqiqəti görüb reallıqları qəbul etmək zorundadırlar. Əlbəttə, bizim üçün xeyirlidir ki, onlar bu reallıqları qəbul etsinlər, müharibə bitsin, qan tökülməsin, bölgədə əmin-amanlıq, tərəfdaşlıq olmasa da, heç olmasa əməkdaşlıq bərpa olunsun.
Ermənistanda hadisələrin hansı məcrada inkişaf edəcəyini indidən demək çətindir. Ağır cərrahiyyə əməliyyatını həyata keçirmişik. Üzümüzə gələn həftələr və aylar xəstənin sağalacağını, yoxsa onun halının daha da kəskinləşəcəyini göstərəcək. Əlbəttə, bu dövrdə “cərrah” ehtiyatı əldən verməməlidir, ayıq qalmalıdır, çünki hələ bilinmir huşu qayıdan xəstə “cərraha” təşəkkürmü bildirəcək, yoxsa “Sən niyə mənim bədxassəli şişimi kəsdin” deyə bağırıb cərrahın üstünə cumacaq.
Ona görə ayıq-sayıq qalıb ehtiyatı əldən verməməliyik.
Rusiya qoşunlarının indi Azərbaycanda yerləşdirilməsi ilə onların 1992-1993-cü illərdə Azərbaycanda qalması arasında da böyük fərq var – həm de-yure, həm də de-fakto.
Başlayaq de-yuredən. Rusiya qoşunları Azərbaycana, Ermənistandan fərqli olaraq, hərbi baza statusunda yox, sülhməramlı statusunda gəlib. Bu statuslar arasındakı müddət fərqi olduqca vacibdir. Hərbi bazalar uzunmüddətli sazişlərlə tənzimlənir, çünki başqa dövlətin ərazisində öz hərbi bazasını yaradan dövlət böyük vəsait sərf edir, tikinti aparır, hərbi qurğular yaradır və sair. Ona görə heç vaxt razılaşmır ki, belə böyük vəsaiti qısamüddətli müqavilə əsasında yatırsın.
Vaxt tez gedir, biz ətraf rayonları dirçəldənə kimi 3-4 il keçəcək. Bu 3-4 ildən sonra Rusiya öz qoşunlarını Dağlıq Qarabağda saxlamaq istəsə, bizimlə daha mülayim davranmalı olacaq. Çünki Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddəti 5 ildir və bu müddətin bitməsinə 6 ay qalmış Azərbaycanın Rusiya qoşunlarının ərazidən çıxarılmasını tələb etmək imkanı olacaq. Bu imkan 10 noyabr bəyanatının Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə dair müddəasında əksini tapıb. Orada deyilir ki, 5 illik müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hər hansı biri bu müddəaya xitam verilməsi niyyəti ilə çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Bu isə o deməkdir ki, Rusiya öz qüvvələrinin qalma müddətini uzatmaq istəyəndə Azərbaycan müəyyən şərtlər irəli sürmək imkanı da əldə edəcək.
Əlbəttə, Rusiyanın müəyyən təxribatlarla öz qoşunlarını burada saxlamaq üçün səbəblər yaratmaq cəhdləri olacaq. Bu, aydındır. Belə olduqda gərək həmişə de-fakto vəziyyətin nədən ibarət olmasına fikir verəsən. Sözsüz ki, hərbi cəhətdən Rusiya de-fakto çox güclüdür, Azərbaycan onunla rəqabət apara bilməz. Amma unutmayaq ki, Türkiyə də, Azərbaycan da günü-gündən güclənir. Türkiyə və onun silahlı qüvvələri də regionda güclü faktora çevrilib. 2016-cı ildə mümkün olmayan 2020-ci ildə mümkün oldu. Vaxt bizim xeyrimizə işləyir. Bunu təkcə biz görmürük. Ermənistanın birinci prezidenti Ter-Petrosyanın 1997-ci ildə dediyi “Biz indi rədd etdiyimizi sonra yalvararaq istəyəcəyik, amma daha onu bizə təklif etməyəcəklər” sözləri nəinki qüvvəsini itirməyib, hətta günü-gündən öz doğruluğunu təsdiq edir.
Sonra, unutmayaq ki, Rusiya bir neçə “cəbhədə” vuruşur. Dnestryanı, Osetiya-Abxaziya, Ukrayna, Mərkəzi Asiya, Suriya, Liviya və sair. Üstəgəl Qərbin Rusiyaya qarşı mövqeyi. Azərbaycan hərbi cəhətdən Rusiya ilə nə qədər müqayisəolunmaz olsa da, Rusiya üçün də Azərbaycanla müttəfiq münasibətdə olmaq xeyirlidir. Elə Türkiyə ilə də. Bu qədər “cəbhədə” əlləşən ölkə üçün hansısa “cəbhədən” arxayın olmaq vacibdir, ona görə Rusiya ilə çox incə siyasət aparmaq vacibdir. Hakimiyyət 44 günlük müharibə zamanı bunu da məharətlə edə bildiyini göstərdi.
Ona görə ardıcıl siyasətlə Dağlıq Qarabağ üzərində suverenliyimizi get-gedə gücləndirmək imkanımız var. Bu prosesdə nə tələskənlik, nə də arxayınlıq olmalıdır. Müharibəyə hazırlıq və 44 günlük müharibə dövründə atılmış hərbi, siyasi, diplomatik addımlar göstərdi ki, Azərbaycan hakimiyyətinin aydın, ardıcıl planı və bu planı həyata keçirmək üçün səriştəsi və siyasi iradəsi var. Bütün bunların hamısı bizə gələcəyə ümidlə baxmağa imkan verir.
Yekunlaşdıraraq deyə bilərik ki, 7+ rayonun qaytarılması müqabilində Rusiya qoşunlarının Azərbaycanda sülhməramlı kimi yerləşdirilməsinə razılıq vermək də çox düzgün və uzaqgörən addımdır.
Amma siyasətdə bu gün atılan bir addımın düzgün, ya səhv olduğunu çox vaxt təkcə həmin addımın özü yox, bundan sonra atılacaq addımlar göstərir. Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ məsələsinin onun üçün nə dərəcədə həssas və əziz olduğunu tam nümayiş etdirdi. Bunu şübhə altına alanlar ən azından naşıdırlar. Hakimiyyətin bu sahədə atdığı addımları müzakirə etmək olar – bu, normal və faydalıdır, – müzakirələr hansısa daha yaxşı variantları üzə çıxara bilər. Amma hakimiyyətin niyyətinin vətənpərvər, bacarığının professional, güzəştlərinin reallığı əks etdirdiyini şübhə altına almaq qətiyyən yolverilməzdir və yalnız bəd niyyətlərdən xəbər verə bilər.
Azərbaycanda həm hakimiyyət, həm müxalifət ölkədə həmrəyliyin qorunmasına görə məsuliyyət daşıyır. Siyası ritorikaya fikir vermədən atılmış addımlara diqqətlə və dərindən baxsaq görərik ki, xoşbəxtlikdən 1992-ci ildən bu yana mövcud olmuş hakimiyyətlər arasında siyasi varislik elə də zəif olmayıb. Unutmayaq ki, Xalq Cəbhəsinin, Elçibəyin Rusiya qoşunlarını Azərbaycandan çıxarmaq qərarı düzgün olduğu kimi, digər çox düzgün, yerinə düşən və çox uzaqgörən addımı məhz ən çətin, ölkə üçün ölüm-dirim anında Heydər Əliyevi hakimiyyətə dəvət etmək olub. Heydər Əliyevin qarşısında o dövrdə daxili hərc-mərclik, hərbi müxalifət, xarici siyasi qüvvələr olsa da, hər halda Azərbaycanda Rusiya qoşunlarının yoxluğu onun taleyüklü məsələləri həll etmək işini asanlaşdıran mühüm bir faktora çevrilib.
Öz növbəsində Heydər Əliyev də AXC hakimiyyətinin uğurlu nailiyyətlərini qoruyub daha da inkişaf etdirdi. Əlifba dəyişikliyindən tutmuş ali məktəblərə tələbə qəbulunun test üsulu ilə həyata keçirilməsinə qədər. Amma burada biz artıq növbəti “Yeddinci günün düşüncələri”nə keçirik ki, bunu da növbəti dəfələrə saxlayaq.
Çingiz,
Vatan-online.com