
Pandemiya gəncləri nə vəziyyətə salıb? – Tədqiqat nəticələri
- 12 Dekabr 2020
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərh
Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin aparıcı elmi işçisi, sosioloq Monika Daqno pandemiyanın yeniyetmələrin, ilk gənclik dövrünə qədəm qoyan insanların həyatına təsirindən yazıb. Onun “COVİD-19, məşğulluq, demokratiya… Gənclər bədbinlik burulğanında” başlıqlı məqaləsi Fransanın Slate.fr portalında yerləşdirilib.
Slate.fr – ən müxtəlif mövzularda oxuculara analitik məqalələr, şərhlər təqdim edən müstəqil onlayn resursdur.
Novator.az-ın məlumatına görə, Monika Daqnonun məqaləsində deyilir: “COVİD-in qəfil ortaya çıxması yeni nəsli ikiqat çətin vəziyyətə salıb. Birincisi, pandemiya müstəqil həyata qədəm qoyan nəslin qarşısında gözlənilməz maneələr yaradıb. Bəzi maneələr onsuz da vardı. Məsələn, təhsilsiz yeniyetmələrin cəmiyyətə inteqrasiyası, yaxud oxumuşların təhsilini davam etdirməyə çətinlik çəkməsi, tələbələrin, xüsusilə işləyən tələbələrin mənzil haqqını ödəyə bilməməsi və sair”.
Pandemiyanın ortaya çıxardığı yeni maneələrdən danışarkən müəllif bildirir ki, ən asas problemlərdən biri gənclərin rahat təhsil ala bilməməsidir: “Koronavirusa görə mart ayından bütün universitetlər distant təhsilə keçib. O vaxtdan ali məktəblər yalnız bir dəfə – oktyabr ayında, onda da qısa müddətə açılıb. Universitet həyatının təhsil üçün vacib elementləri – canlı ünsiyyət qurmaq, bu ünsiyyət sayəsində biliklərə daha dərindən yiyələnmək imkanları, qaynar mədəni tədbirləri, görüşləri təhsilə yeni başlayanlar üçün əsl maarif qapısıdır, otaqda ekran qarşısında oturub mühazirə dinləməyin buna zərrə qədər də aidiyyəti yoxdur”.
Sosioloq yazır ki, bu əlverişsiz pedaqoji şəraitə univeristet təhsili üçün zəruri olan başqa faktorlardan – təcrübə keçmək, sorğu və ya tədqiqat aparmaq imkanlarından məhrum olmalar da daxildir: “Xaricə səfərlərdən heç danışmağına dəyməz, halbuki bəzi kurslarda belə tələblər də qoyulur. O biri yandan bu əzabların üstünə məşğulluq böhranının yaratdığı problem də əlavə olunur – hazırda bütün gənclərin, hətta ən sanballı ali təhsil ocaqlarının məzunlarının da böyük dərdinə çevrilmiş bir problem.
İnsanın öz kimliyini və dünya ilə əlaqələrini ilk növbədə dostluq və sevgi münasibətlərində tapdığı, cismani həyatı, emosiyaları həyatın əsas mənası kimi dərk etdiyi bir yaş dövründə olan bu insanlar, yəni gənclər aşıb-daşan enerjilərini cilovlamaq məcburiyyətində qalıblar. İndiki gənc nəsil gənclik illəri qloballaşmanın, rəqəmsal texnologiyaların ortaya çıxdığı dövrə – 1980-ci illərin sonuna, 90-cı illərin əvvəllərinə düşənlərin vəziyyətindədir. Belə bir vəziyyət bir çox gənci tənhalığa, ya da ailəsinin qoltuğuna sığınmağa məhkum edir”.
Monika Daqno bildirir ki, koronavirusa görə tətbiq edilən ilk karantin rejimində fransalı tələbələrin 47%-i yaşadığı yeri dəyişməli olub, onların əksəriyyəti ya öz valideynlərinin yanına qayıdıb, ya da yaşayış üçün daha rahat məkan axtarıb tapıb. Yaşayış yerini dəyişənlərin 50%-i elitar ali təhsil ocaqlarında, 39%-i isə başqa univeristetlərdə təhsil alanlardır.
Məqalədə daha sonra qeyd edilir ki, ABŞ-da univeristetlərin bağlanması və işsizlik səbəbindən 30 yaşadək insanların kütləvi surətdə valideynlərinin yanına qayıtması halı müşahidə olunur. 2020-ci ilin sentyabr ayındakı hesablamalar bu yaş qrupundan olanların əksərinin dədə-baba evində yaşadığını üzə çıxarıb. Onların sayı hətta 2008-ci ilin böyük iqtisadi tənəzzülü dövründə ata ocağına qayıdanların da sayını keçir: “Özünütəsdiq dövründə manelər artdıqca gənclərin mənəvi ruhu zəifləyir”.
Monika Daqno hesab edir ki, cavanlar 2020-ci ildə karantində keçirdikləri ayları (istər ailəsi ilə keçirsin, istər də tənhalıqda) daima xatırlayacaqlar, çünki bu, nadir bir təcrübədir: “Sorğular göstərir ki, gənclər karantin dövrünü çox narahat keçirirlər, yuxuları pozulur, hətta bəziləri psixi tarazlığını itirəcəyindən, yaxud psixoloji asılılığa düşəcəyindən qorxur. Maraqlıdır ki, karantinə görə aprel-may aylarında bir çox gənc demək olar ki, evdən çıxmayıb. Yəqin ki, bunu həm uzaqdan-uzağa ünsiyyətə alışma, həm yoluxmadan qorxma, həm də sosial məsuliyyəti dərk etmə ilə izah etmək gərəkdir. Nəticə isə ondan ibarətdir ki, küçəyə daha çox yaşlı adamlar çıxıblar”.
Sosioloq vurğulayır ki, ilk karantin dövrünün heç olmasa bir cazibədarlığı vardı: bu ələdüşməz fürsətdən yararlanıb o qısa müddətdə nəyisə öyrənmək, tədqiq etmək istəyirdin. Sonrakı karantin rejimləri isə daha adamı bu cəhəti ilə cəzb eləmir. İndi yalnız təkrarçılıqdan yorulursan, stress keçirirsən.
Məqalədə bildirildiyinə görə, “Financial Times” nəşri müxtəlif mənblərə əsaslanaraq pandemiyanın 18-34 yaş arası cavanları hansı mənəvi vəziyyətə saldığını təsvir edib. Məlum olub ki, gənclərin demokratiyaya inamı daha da sarsılıb. Onsuz da 2016-cı ildən demokratiyaya inanmayan gənclərin sayı artmaqda idi. 2016-cı ildə 18-34 yaşda olanların 35%-i demokratiyaya inanmırdı. İndi bu rəqəm 50% olub və hazırda proses dayanmır, demokratiyaya inanmayan gənclərin sayı arta-arta gedir.
Tədqiqatlar bu bədbinliyin sırf nəsli xarakter daşıdığını göstərir. Məsələ burasındadır ki, Demokratiyanın Gələcəyi Uğrunda Mərkəzin eyni dövrlərdə, yəni 2016-cı ildə və sonralar 75 ölkədə apardığı araşdırma 1940-1959-cu illərdə doğulanların 50%-dən çoxunun demokratiyaya inandığını göstərib. Hətta daha yaşlı nəslin demokratiyaya inamı bundan da çoxdur.
Nəhayət, İqisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının araşdırması üzə çıxarıb ki, hazırda 15-29 yaş arasında olanların 55%-i üçün başlıca problem onların psixoloji sağlamlığıdır. Bu problem onları məşğulluq, hətta təhsil məsələlərindən də çox narahat edir.
“COVİD-19, məşğulluq, demokratiya… Gənclər bədbinlik burulğanında” məqaləsinin müəllifi Monika Daqno hesab edir ki, darıxdırıcı həyat tərzi gənclərdə heç də maneələrə qarşı kütləvi jestlər doğurmur. Əksinə – gənclər, qınaq mənbəyinə çevrilmiş bu insanlar əslində çox təmkinli davranır, ayıq-sayıqlıq nümayiş etdirirlər. Məsələn, Fransada koronavirusla mübarizənin prioritet məsələyə çevrilməli olduğunu düşünən və öz azadlığının daha artıq məhdudlaşdırılmasına razılaşan 18-24 yaşlı gənclərin sayı 25-34 yaşlı gənclərin sayından da çoxdur.
Müəllif ona da diqqət çəkir ki, gənclər arasında ehtiyatlı davranışa müsbət yanaşmanı biz bu yanaşma ilə ziddiyət təşkil edən, amma onların yaş dövrü üçün xas olan başqa faktlarla birlikdə müşahidə edirik. Məsələn, biz bəzi tələbələrin, yaxud gənc işçilərin sanitar təlimatlara məhəl qoymadan əvvəlki kimi küçələrə çıxıb əyləncələr təşkil etdiyini görə bilərik. Bu, gənclik dövrü üçün kəskin xarakter daşıyan bir tələbatı – ünsiyyət, əməkdaşlıq tələbatını ödəmək üsuludur. Belə riskli davranış təxminən bu cür düşüncəyə əsaslanır: “Bilirəm ki, özümü qorumalıyam, amma əvvəl-axır tərsinə hərəkət eləyirəm”.
Monika Daqno bildirir ki, gənclər arasında bu tip riskli davranışı başqa hərəkətlərdə, tutalım, hədsiz spirtli içki qəbul etməkdə və ya avtomobili çox sürətlə sürməkdə də müşahidə etmək mümkündür.
Mənbə: Slate.fr