ABŞ-ın “Forbes” jurnalının internet səhifəsində “Erməniləri Dağlıq Qarabağda sarsıdıcı məğlubiyyətdən sonra nə gözləyir?” başlıqlı məqalə dərc olunub.
Məqalənin müəllifi “Forbes”in icmalçısı Pol İddondur.
Novator.az-ın məlumatına görə, Pol İddon yazır ki, bu payız Azərbaycan işgal olunmuş bölgəsini azad etmək uğrunda apardığı savaşda Ermənistanın xeyli hərbi texnikasını məhv edib: “Bu sarsıdıcı məğlubiyyət Yerevana müasir dövrdə hərbi texnikanın necə sürətlə inkişaf etdiyini göstərdi. Çox güman ki, bu fakt Ermənistanın gələcəkdə xaricdən silah alışına təsir edəcək”.
Müəllifin fikrincə, Azərbaycanın İsraildən və Türkiyədən aldığı pilotsuz uçuş aparatları qələbədə həlledici rol oynayıb: “Prezident İlham Əliyev ölkəsinə məxsus pilotsuz uçuş aparatlarının Ermənistanın 1 milyard dollarlıq hərbi texnikasını məhv etməsi ilə qürur duyur”.
Pol İddon Ermənistanın döyüş zamanı havada üstünlük qazanmaq məqsədilə bu yaxınlarda Rusiya istehsalı olan Su-30 qırıcı təyyarələri əldə etdiyini bildirir: “Bu təyyarələr Ermənistan Hərbi Hava Qüvvələrinin ən aparıcı hərbi texnikası hesab olunur, amma sonuncu münaqişə zamanı onlardan istifadə edilməyib. Rusiyadan alınan hava hücumundan müdafiə sistemləri də qənaətbəxş olmayıb. Rusiyanın ixrac etdiyi, çoxdankı istehsal olan bu sistemlər ölçüsü kiçik, sürəti zəif PUA-larla deyil, reaktiv və bombardmançı təyyarələrlə mübarizə üçün nəzərdə tutulub”.
Məqalədə bir müddət ATƏT-in Minsk qrupunun həmsədri, daha sonra ABŞ-ın Azərbaycanda səfiri olmuş amerikalı diplomat Metyu Brayzanın fikirlərinə də yer verilib.
Metyu Brayza “Forbes”ə deyib: “Ermənistanla Azərbaycan arasında sonuncu savaş göstərdi ki, Rusiyanın silah sistemi İsrail və Türkiyənin istehsal etdiyi müasir PUA-ların yanında çox geri qalır. Rusiya sistemləri – istər C-300 zenit-raket kompleksi olsun, istərsə də T-72 tankları – tamamilə başqa dövrə aiddir”.
Brayza vurğulayıb ki, Ermənistan müasir döyüş silahlarına yiyələnmək istəyirsə, Azərbaycan kimi PUA-lar almalıdır: “Amma Ermənistan o PUA-ları və ya hava hücumundan müdafiə sistemini haradan alacaq?”
Məqalədə deyilir ki, İsrail Azərbaycana ən çox silah satan və Azərbaycandan neft idxal edən ölkə olduğu üçün onun Ermənistana müasir silah-sursat satacağı inandırıcı deyil. Türkiyənin də bunu etməyəcəyi bəllidir, çünki bu ölkə Azərbaycanın dostu, Ermənistanın isə düşməndir.
Pol İddon yazır ki, Metyu Brayza ABŞ-ın da Ermənistana müasir silah satacağına şübhə edir. Brayzanın fikrincə, Ermənistanın yeganə seçimi – onun ənənəvi tədarükçüsü Rusiyadır: “Amma Moskva Yerevana indikindən daha müasir silah satmaq istəməyə də bilər. Hətta istəsə də, Ermənistanın onu almağa pulu yoxdur. Həm də Ermənistan və onun xalqı hazırda başqa əhvaldadır. Son məğlubiyyətə qədər onlara elə gəlirdi ki, orduları yenilməzdir, azərbaycanlılar isə döyüşə bilmirlər”.
Metyu Brayza “Forbes”ə açıqlamasında ermənilərin hazırda daxildəki problemlərə kökləndiyini söyləyib: “Ermənistanın daxilində kifayət qədər problemlər var. Baş nazir Nikol Paşinyanın da siyasi karyerası sual altındadır. Yalnız bütün bunlar çözüləndən sonra Ermənistan öz ordusunu bərpa etməklə məşğul ola bilər”.
Mənbə: Forbes.com