Böyük Britaniyanın məşhur köşə yazarı Den Hodces Rusiya pezidenti Vladimir Putinə qarşı ittiham dolu yazı ilə çıxış edib.
Novator.az saytının məlumatına görə, Den Hodces “Daily Mail” qəzetinin “The Mail on Sunday” buraxılışında yazıb ki, Vladimir Putin britaniyalıların koronavirusdan peyvənd olunmasını istəmir, buna görə də Rusiya prezidentinin sifarişi ilə britaniyalıları peyvənd olunmaqdan çəkindirmək üçün təşviqat aparılır.
Müəllifin iddiasına görə, bu təbliğat Britaniyada həm birbaşa ayrı-ayrı şəxslərin timsalında, həm də uzaqdan-uzağa internet platformaları vasitəsilə, Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən informasiya texnologiyaları üzrə dəstənin əliylə təşkil olunur.
Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın və onun qızının 2018-ci il martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiyada istehsal olunan, sinir iflici törədən “Noviçok” maddəsi ilə zəhərləndiyini xatırladan Den Hodces öz yazısında iddia edib ki, Putin indi də britaniyalıları COVİD-lə qırmağa çalışır.
Müəllif britaniyalılara müraciətlə yazıb: “Vladimir Putin sizin COVİD-ə qarşı peyvənd olunmanızı istəmir. Putinin vaksin əleyhinə çıxan adamları koronavirusdan istifadə edib bizi öldürməyə çalışır, necə ki, bir vaxt onun agentləri Solsberidə buna cəhd göstərmişdilər. O zaman Putinin adamları Solsberinin küçələrində sərbəstcə “Noviçok”u işə salmışdılar. Bax, eynilə o qaydada Putin indi COVİD-dən istifadə edib bizi Britaniyanın küçələrində qırmaq istəyir”.
Den Hodces iddia edib ki, Rusiya hakimiyyətinin 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə etmək üçün sosial şəbəkələrdə yaratdığı bir sıra hesablar indi də vaksin əleyhinə müzakirələrdə fəallıq göstərir, vaksinasiyaya olan ictimai inamı azaltmağa, britaniyalıların sağlamlığını risk altına salmağa çalışır.
Müəllif bu işdə bəzi britaniyalıların iştirak etdiyini də bildirib və konkret adlar çəkib.
Den Hocesin yazdığına görə, oyun elə qurulub ki, Putinin təbliğatı ilə mübarizə aparmaq istəyəndə belə onun tələsinə düşə, həmin təbliğatı gücləndirə bilərsən: “Əgər siz çölə çıxıb vaksin əleyhinə yönəlmiş bu təbliğatla mübarizə aparmağa çalışsanız ehtiyatlı olmalısınız, yoxsa bir də ayılıb görəcəksiniz ki, təbliğatın özünə qoşulmusunuz”.
Yazısında Den Hodces vurğulayıb ki, bu, hansısa “mədəni müharibə” məsələsi deyil: “Bu, əsl müharibədir, sözün birbaşa mənasında ölüm-dirim məsələsidir”.
Den Hodces Rusiya hakimiyyətinin bu işi dayandırmayacağı təqdirdə Britaniya hökumətinin hərəkətə keçəcəyini də qeyd edib.
2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyası 196 ölkə, ərazi və məkanda 1 milyon 563 mindən çox adamın ölümünə səbəb olub.
Böyük Britaniya kütləvi peyvəndləməyə qərar vermis ilk ölkədir. Qərar 2020-ci il dekabrın 2-də qəbul olunub. Bunun ardınca dərhal Rusiya kütləvi peyvəndləmənin başlanması haqda qərarını elan edib. Hazırda hər iki ölkədə əhali koronavirusa qarşı peyvənd olunur. Britaniyada ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin birgə hazırladığı vaksindən, Rusiyada isə yerli istehsal olan “Sputnik V” vaksinindən istifadə edilir. Başqa ölkələrdə hələ ki, könüllülər öz dövlətlərinin sınaq mərhələsi kimi qəbul etdiyi müxtəlif vaksinlərlə peyvənd olunurlar. Tezliklə xeyli ölkədə və yəqin ki, sonda bütün dünyada vaksinlərin dövlət səviyyəsində qəbul ediləcəyi və kütləvi peyvəndləməyə gediləcəyi gözlənir.
Mənbə: Dailymail.co.uk