Böyük Britaniyanın “The Guardian” qəzetində insanları koronavirus vaksininə etibar etməyə çağıran və bunu elmi cəhətdən əsaslandıran məqalə dərc olunub. Dekabrın 2-də Böyük Britaniyada ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin birgə hazırladığı vaksinin kütləvi tətbiqinə rəsmən lisenziya verilib. Britaniyada vaksinasiya bu həftədən başlanır. “The Guardian”dakı məqalə belə bir ərəfədə işıq üzü görüb. Məqalənin müəllifi Kembric Universitetinin müəllimi, intensiv terapiya üzrə mütəxəssis Şarlot Sammersdir. Novator.az saytı məqaləni ingiliscədən çevirib qısa ixtisarla oxucuların diqqətinə çatdırır.
Bu il çoxumuz üçün çətin keçdi. Bəziləri işini itirəcəyi halda kommunal xərcləri necə ödəyəcəyi qorxusu ilə yaşadı, bəziləri evdən işləyə-işləyə övladlarının dərsləri ilə məşğul olmaq məcburiyyətində qaldı, bəziləri də mənim kimi COVİD-19 infeksiyasına qarşı mübarizədə elmi tədqiqatlarla klinik araşdırmalar arasında balans yaratmağa çalışdı.
Bir alim kimi əminəm ki, elm bu pandemiyadan çıxış yolu tapmağa kömək edəcək. Ancaq mən infeksiyanın yayılmasının qarşısını almaq üçün zəruri tədbirlərin görülə bilməyəcəyindən və ya bu tədbirlərin gecikəcəyindən narahatam. Kaş yanılaydım.
Böyük Britaniya COVİD-19 infeksiyasına səbəb olan Sars-CoV-2 virusu əleyhinə vaksindən fövqəladə hallarda istifadə olunmasına icazə vermiş ilk ölkədir. Bəs necə oldu ki, biz bu mərhələyə belə tez çata bildik?
“Pfizer” və “BioNTech” şirkətlərinin hazırladığı vaksin Böyük Britaniyanın dərman təhlükəsizliyini təmin edən qurumdan – Dərman Preparatlarını və Tibb Məhsullarını Tənzimləmə Agentliyindən lisenziya almaq üçün üç mərhələdə klinik sınaqlardan keçib. Üçüncü mərhələdə ciddi narahatlığı olmayan 43 mindən çox könüllüyə peyvənd vurulub. Nəticələr göstərib ki, vaksin koronavirus infeksiyasının qarşısını almaqda 95% effekt verir. Bu effekt müxtəlif yaşdan, cinsdən, irqdən və etnik qruplardan olan insanlarda, o cümlədən ahıllarda müşahidə olunub.
Vaksin RNT-yə, yəni informasiya ribonuklein turşusuna (mRNT) əsaslanır. RNT – hüceyrədə informasiyanın genlərdən zülala ötürülməsi prosesidir. Orqanizmə daxil edildikdə vaksinin tərkibindəki informasiya RNT-si viruslu zülala çevrilir və insanın immun sistemi bu zülalı aşkar edir. Orqanizm viruslu zülallara cavab olaraq immun reaksiyası yaradır. Viruslu zülallar təkbaşına xəstəlik yarada bilmir, ona görə də immun reaksiyası koronavirus infeksiyasına qarşı müdafiəni təmin etmiş olur.
Vaksin araşdırmaları sahəsində texnologiyanın bu növü tamamilə yenidir. Bəzi alimlər mRNT vaksinlərinin pandemiyaya nəzarət etmək imkanına şübhə ilə yanaşırlar. Bununla belə, təəccüblü olsa da, mRNT vaksinləri sadə prinsiplə işləyir: onlar eləcə viruslu zülalın immun reaksiyasına səbəb olmasını təmin etmək üsuludur və mRNT orqanizmdə həll olduqdan bir neçə gün sonra koronavirus infeksiyasına qarşı immunitet yaranır.
Yaxşı immun reaksiyası yaratmaq üçün vaksin 21 günlük fasilə ilə iki dozada tətbiq edilir. İkinci dozadan bir həftə sonra artıq peyvənd insanı qorumağa başlayır.
Lazımsız gecikmələrin qarşısını almaq məqsədilə Dərman Preparatlarını və Tibb Məhsullarını Tənzimləmə Agentliyi koronavirus əleyhinə vaksin tədqiqatları zamanı əldə edilən məlumatları davamlı olaraq ciddi ekspertizadan keçirib. Agentlik bunu hökumətin ixtisaslaşmış elmi məsləhət qurumu olan İnsanlar üçün Dərman Preparatları üzrə Komissiyanın tövsiyəsi ilə edib.
Ekspertiza vaksinin təhlükəsiz olduğunu göstərib, ona görə də Böyük Britaniya əhalisinin peyvəndlənməsinə qərar verilib.
Həllini tapmayan əsas problem isə insanların vaksini qəbul edib-etməyəcəyi, ona etibar göstərib-göstərməyəcəyidir. Bəziləri narahatdır ki, peyvəndi tez istifadəyə vermək üçün ola bilsin hər şeyi axıracan dəqiqləşdirməyiblər, bəzi məqamların üstündən keçiblər. Amma belə deyil.
Bəziləri deyir ki, mRNT vaksini peyvəndlənmiş insanın DNT-sində dəyişiklik yarada biləcək bir yeni texnologiyadır. Bu da əsassızdır.
Dəqiq olan budur: əvvələr vaksinləri hazırlamaq üçün bir neçə il vaxt lazım olurdu, amma bu vaxtın böyük hissəsi klinik araşdırmalara deyil, sınaqları həyata keçirmək üçün pul yığmağa, müqavilə bağlamaq üçün danışıqlar aparmağa və tənzimləyici orqanlardan lisenziya almağa gedirdi. Əvvəlki vaksin sınaqları nadir hallarda bu tip pandemiya dövrünə təsadüf edib. Həmin eksperimentlər zamanı gündə milyonlarla insan infeksiyaya yoluxmayıb və indiki kimi minlərlə insan peyvənd sınaqlarına qatılmaq üçün könüllü təşəbbüs göstərməyib.
2020-ci ildə baş vermiş bir çox dəhşətli hadisəyə baxmayaraq, bu ilin bizə qazandırdığı faydalar da var: biz öyrəndik ki, külli miqdarda vəsaiti bir sahəyə yönəltsək, dünya alimlərinin, tənzimləyici qurumların və digər mühüm infrastrukturların böyük hissəsini bir məqsəd uğrunda birləşdirsək, çox qısa zamanda böyük uğurlar qazana bilərik.
Fikrimcə, əsas məsələ o deyil ki, COVİD-19 əleyhinə vaksin niyə bu qədər qısa müddətdə kəşf edildi; əsas məsələ odur ki, biz niyə uzun illər ərzində milyonlarla insanın ölümünə səbəb olmuş vərəm, HİV və malyariya kimi xəstəliklərə bu cür reaksiya verə bilməmişik. Görəsən, bu cür təxirəsalınmaz qlobal təşəbbüsləri ətraf mühitin məhvi və ya antibiotiklərə qarşı müqavimətin artırılması kimi problemlərə yönəltsəydik nə baş verərdi?
Bizim üçün xoş olmasa da etiraf etməliyik ki, insan bir o qədər də ağıllı varlıq deyil. Bizə elmi məlumatları təqdim edənlər vaksinlərlə bağlı qorxumuzu azalda bilməyəcəklər. Biz çox vaxt məsləhətin özünə görə yox, ona inanıb-inanmadığımıza görə qərar qəbul edirik. Mən sizə vaksinin nəyə görə təhlükəsiz olduğu barədə saysız-hesabsız tədqiqat məlumatı təqdim edə bilərəm, ancaq inanmıram ki, həkimlərin, alimlərin gördüyü bu böyük işlər insanları vaksini qəbul etməyə vadar edə bilər.
Vaksinasiyada növbə mənə də çatacaq. Onda siz mənim o növbədə necə səbirsizliklə gözlədiyimi görəcəksiniz.
Şarlot Sammers,
Kembric Universitetinin müəllimi,
intensiv terapiya üzrə mütəxəssis
Mənbə: Theguardian.com