ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” qəzetində “Onların dişləri tökülüb. Görəsən bu da COVİD-19-un fəsadlarından biridir?” başlıqlı yazı dərc olunub. Jurnalist Vudan Yanın hazırladığı yazıda koronavirus infeksiyasının dişlərin tökülməsinə və başqa stomatoloji problemlərə səbəb olub-olmadığı məsələsi araşdırılıb. Novator.az saytı yazını ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Noyabrın əvvəllərində Fərəh Hemili ağzına nəfəs təravətləndirən nanəli şəkər atandan sonra alt dişinin tərpəndiyini hiss edib.
Nyu-Yorkun Vurhesvil qəsəbəsinin sakini olan 43 yaşlı xanım Hemilinin yetkin çağında heç vaxt dişi düşməyib. O, dişinin tərpəndiyinə inana bilməyib, amma əli ilə toxunanda başa düşüb ki, dişi laxlayır. Əvvəlcə elə bilib buna səbəb nanəli şəkərdir. Ertəsi gün dişi ağzından ovcuna düşüb; nə qan çıxıb, nə də ağrı hiss edib.
Yazda COVİD-19-a yoluxmuş Hemili özündə xəstəliyin bir çox simptomunu – beyin dumanlanması, əzələ və sinir ağrıları hiss etdiyi üçün onlayn yardım qrupuna qoşulub.
Koronavirus infeksiyasının diş tökülməsinə, o cümlədən digər stomatoloji problemlərə səbəb olduğu indiyədək dəqiq sübut edilməyib. Amma qrup üzvləri arasında dişlərinin düşdüyünü, qırıldığını, rənginin tutqunlaşdığını, diş ətinin həssaslaşdığını söyləyənlər də var.
Xanım Hemili və onun kimi virusdan sağalan, amma COVİD-in qan dövranı sisteminə təsiri, o cümlədən ayaq barmaqlarının şişməsi, saç tökülməsi simptomlarından əziyyət çəkən adamlar virusun dişlərin tökülməsi kimi şübhəli bir simptomla əlaqəsi olub-olmadığı sarıdan da narahatlıq keçirirlər. Amma bəzi stomatoloqlar COVİD-19-un stomatoloji problemlərə yol açdığına şübhə ilə yanaşırlar, hərçənd onlar bu şübhələrini hər hansı fakta söykənmədən ifadə edirlər.
Solt-Leyk-Sitidə yerləşən Yuta Universitetinin parodontoloqu doktor David Okano deyir: “Dişin öz-özünə düşməsi çox nadir hadisədir. COVİD-19 səbəbindən mövcud stomatoloji problemlər kəskinləşə bilər. Bu özünü kəskin stomatoloji infeksion xəstəliklərdən sağalan və həmin xəstəliklərin uzunmüddətli təsirləri ilə mübarizə aparan pasiyentlərdə daha qabarıq büruzə verə bilər”.
Bəzi mütəxəssislər söyləyirlər ki, həkimlər, eləcə də stomatoloqlar gərək bu cür hallara hazırlıqlı olsunlar. Belə ki, xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzlərin 2012-ci il hesabatlarına əsasən, 30 yaşdan yuxarı insanların 47 faizindən çoxunda müxtəlif diş əti xəstəliklərinə, o cümlədən diş əti və çənə sümüyünün infeksiyalarına və iltihabına rast gəlinir.
“Koronavirusdan sağalan bəzi pasiyentlər aylar sonra huşu dağınıqlıqdan əziyyət çəkir, fikirlərini cəmləyə bilmirlər. Bəzən bu simptomlar hətta əlillik dərəcəsində olur. O biri yandan da stomatoloji problemlər, diş tökülməsi kimi hallar ortaya çıxıb. Biz indi bu məsələləri araşdırmağa başlamışıq”. Qan damarları xəstəlikləri üzrə tədqiqatçı, qeyri-kommersiya təşkilatı olan Angiogenez Fondunun prezidenti doktor Uilyam Li belə deyir.
Xanım Hemilinin dişlərində koronavirusa yoluxmamışdan da problemlər olub, ona görə diş problemini heç vaxt başlı-başına buraxmayıb. Dişi düşəndən bir gün sonra həkimə gedib. Müayinə zamanı stomatoloq onun diş ətində infeksiya aşkarlamayıb, amma siqaret çəkdiyi üçün ciddi sümük əriməsi problemi olduğunu söyləyib. Həkim dişlərinin bərpası məqsədilə xanım Hemilini başqa mütəxəssisin yanına göndərib. Stomatoloji bərpa proseduru çox güman ki, qadına 50 min dollara başa gələcək.
Xanım Hemilinin dişi düşən gün əri “Facebook”da COVİD-19-dan sağalan insanlar üçün açılmış “Survivor Corp” səhifəsində bu barədə xəbər verib. Səhifənin yaradıcısı Diana Berrent 12 yaşlı oğlunda da eyni halın baş verdiyini yazıb. Onun koronavirusu yüngül keçirən oğlu sağlam dişlərindən birini itirib. Hemilidən fərqli olaraq, 12 yaşlı uşağın çox sağlam dişləri var, indiyədək heç bir diş xəstəliyi də olmayıb, bunu uşağın ortodontisti də təsdiqləyib.
“Facebook” qrupundakı digər şəxslər də dişlərinin qanamadan düşdüyünü yazıblar. Bir qadının dişi dondurma yediyi vaxt düşüb. Nyu-Cersi ştatının Edison qəsəbəsində yaşayan Eylin Luçiano diş ipi ilə dişlərini təmizlədiyi vaxt üst azı dişi çıxıb. Luçano deyir: “Ağlıma da gəlməzdi ki, dişim öz-özünə düşə bilər”.
Doktor Uilyam Li bildirir ki, dişin qansız düşməsi qeyri-adi haldır və bu bizə diş ətindəki qan damarlarında nəyinsə baş verdiyini düşünməyə əsas verir.
COVİD-19 insan orqanizminin hər tərəfində geniş yayılan ACE2 zülalını vurub dağıdır. Bu virus təkcə ağ ciyərlərdə deyil, sinir hüceyrələrində, endotel hüceyrələrdə də aşkarlanıb. “Görünür, COVİD-19-dan sağalan insanlarda dişlərin ağrısız tökülməsi virusun qan damarlarını zədələməsi ilə izah edilməlidir” – doktor Uilyam Li belə düşünür.
Ola bilsin ki, ağzın içində “sitokin fırtınası” kimi tanınan immun sistemi reaksiyası baş verib.
Kaliforniyanın Sonora şəhərində çalışan həkim-prostodontist Maykl Şerer deyir: “COVİD-in ağızdakı reaksiyası virusa qarşı müdafiə mexanizminin göstəricisidir. Ürək-damar, şəkərli diabet və digər iltihabi xəstəlikləri olan koronaviruslu pasiyentlərdə də diş əti problemləri meydana çıxır”.
Doktor Şererin sözlərinə görə, diş əti xəstəlikləri kəskin iltihabi reaksiyalara olduqca həssasdır və şübhəsiz ki, COVİD də bu kateqoriyaya daxildir.
Stomatoloqlar belə hallarla çox rastlaşmırlar, bəziləri rastlaşsalar da, bu məsələni böyütmürlər. Amma doktor Li və onun kimi həkimlər söyləyirlər ki, COVİD-19-un “sürprizləri” mütəxəssislərdən xəstəliyin gözlənilməz nəticələrinə göz yummamağı tələb edir.
Doktor Li: “Pasiyentlər yeni kəşflərin üstünü aça bilərlər. Buna görə də, uzun sürən COVİD-19-un dişlərə təsirini öyrənmək üçün həkimlər və stomatoloqlar birgə əməkdaşlıq etməlidirlər. Hələlik xanım Hemili ümid edir ki, onun başına gələnlər ibrətamiz hadisə kimi faydalı ola bilər. İnsanlar koronavirusdan qorunmaq üçün ehtiyat tədbirləri görməsələr bu hadisə onların da başına gələ bilər”.
Vudan Yan
Mənbə: Nytimes.com