“Biz kənarda qalmışıq” – Amerikalı generalın Qarabağ yazısı
- 03 Dekabr 2020
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetTribunaYazarlar
ABŞ-ın Avropadakı quru qoşunlarının sabiq komandanı, istefada olan general-leytenant, hazırda analitik kimi fəaliyyət göstərən Ben Hodces sonuncu Ermənistan-Azərbaycan müharibəsi haqda məqalə ilə çıxış edib. “Böyük münaqişələrin qarşısını almaq üçün Cənubi Qafqazın Qərbə ehtiyacı var” adlı məqalə “EUobserver” müstəqil internet nəşrində (redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşir) dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Noyabrın 9-da Türkiyə və Rusiyanın vasitəçiliyi ilə imzalanan Dağlıq Qarabağ sülh müqaviləsi qanlı müharibəni müvəqqəti olaraq dayandırır və dağlıq anklavın daha işıqlı bir gələcəyinə ümid yaradır.
Müqavilə Rusiya sülhməramlılarını ən azı 5 il müddətinə regionda saxlayacaq. Sonra onlar orada 5 il də qala bilərlər.
İndi Moskvanın hər üç Cənubi Qafqaz ölkəsində ordusu var – Gürcüstan (torpaqlarının 20 faizi 2008-ci ildən işğal altındadır), Ermənistan (sovet hökuməti dağılandan burada rus hərbi bazaları qalır) və Azərbaycan.
Yeri gəlmişkən, Fransa və Rusiya ilə bərabər ABŞ da Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) bir qolu olan Minsk qrupunun həmsədridir.
Təcrübəli diplomatlar 1993-cü ildən Minsk qrupu çərçivəsində dayanmadan münaqişənin həlli üzərində çalışıblar. Amma son hadisələr dövründə nə Amerika hökuməti gözə dəydi, nə Fransa hökuməti, nə də Avropanın qalan hissəsi – sanki itkin düşmüşdülər.
Dağlıq Qarabağda və onun ətrafında yaşayanlar indi bunun cəzasını çəkirlər. Və onların uzun müddət ən çox məhz Qərb tərəfindən görməzliyə vurulan acınacaqlı vəziyyəti bütövlükdə Cənubi Qafqazın durumu haqda suallar ortaya çıxarır.
Biz böyük güclərin rəqabəti dövründə yaşayırıq və mən əminəm ki, böyük güclərin rəqabəti böyük güclərin münaqişəsinin qarşısını alır.
Biz hansısa bölgə, məkan və ya hadisə ilə maraqlandığımızı nümayiş etdirəndə öz potensial rəqibimizə həmin bölgə, məkan və ya hadisənin bizi qayğılandırdığını, ona resurslar qoyduğumuzu və bu strateji marağımızı qoruyacağımızı çatdırmış oluruq.
Bu, münaqişəni dəf etməyə imkan verir, çünki rəqibimizin bizim maraqlarımız barədə yanlış fikrə düşmək ehtimalını azaldır.
Rəqabət bütün sahələri əhatə etməlidir: diplomatiya, informasiya sahələrini, hərbi sahəni, iqtisadi sahəni.
Bizim Böyük Qara dəniz regionunda tam və davamlı şəkildə, bütün sahələr, o cümlədən Cənubi Qafqaz üzrə rəqabət apara bilməməyimiz bu qanlı qarşıdurmanın yenidən alovlanmasına və minlərlə insanın ölümünə gətirib çıxardı.
Biz təşəbbüsü Kremlə vermişik, ona görə də indi kənarda qalmışıq, yalnız nəticələri müşahidə edirik.
Amerika və Avropa üçün kənarda durmaq artıq sərfəli bir variant deyil.
Beynəlxalq aləmdə Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsi Avropa ilə Avrasiyanı birləşdirən yeganə şərq-qərb quru dəhlizidir ki, Rusiyadan, yaxud İrandan keçmir.
Mahiyyətcə bu, Böyük Qara dəniz bölgəsinin iqtisadi potensialını inkişaf etdirməyin açarıdır və Qərb artıq bu məsələdə ayağını sürüməməlidir.
Biz beynəlxalq hüququ qorumaq səylərimizi artırmalı və azərbaycanlılarla ermənilər arasında davamlı sülhü şərtləndirə biləcək şəraitin yaradılması üçün yerlərdə tərəflərlə daha sıx işləməliyik.
Bundan ötrü daimi diplomatik səylər, eləcə də iqtisadi dəstək və özəl investisiya imkanları lazımdır.
Bölgədə aktuallığını saxlamaq və sülhün qorunmasında rol oynamaq üçün Qərb Türkiyə ilə münasibətlərindəki gərginliyi aradan qaldırmalı, əlaqələri bərpa etməli, yeniləməli, Türkiyə ilə birgə işləməlidir.
Turkiyə ilə 2.0 vaxtıdır
Türkiyə-ABŞ və Türkiyə-NATO 2.0 – münasibətləri bu parametrə uyğun yeniləməyin vaxtıdır. (Redaksiyanın izahı: “2.0” informasiya texologiyaları sahəsində işlənən termindir. Web 2.0 – ikinci nəsil şəbəkə xitmətləridir ki, hazırda internetdə fəaliyyət göstərir. Birinci nəsil xidmətlərdən – Web 1.0 xidmətlərindən fərqli olaraq Web 2.0 internet xidmətlərindən birgə istifadə etmək, informasiya mübadiləsi aparmaq üçün geniş imkanlar açır. Artıq dünya Web 2.0 saytlarına keçib. Əvvəllər ancaq məlumat verən Web 1.0 saytları var idi. Web 1.0 saytlarını bir nəfər idarə edirdi. Belə saytlar yalnız məlumat verirdi və bu işi də bir nəfər görürdü. Yeni fikir əlavə etmək istədikdə problemlər yaranırdı. Web 2.0 saytlarında isə ziyarətçilər istədiklərini əlavə edə bilirlər. Misal olaraq “Google Adsense”, “Wikipedia”, “Flickr”, “WordPress”, “Blogger” kimi saytları göstərmək olar. Təqdim olunan məqalədə müəllif “2.0” terminindən məzaci mənada istifadə edir – Novator.az).
Türkiyə dünyanın bu hissəsində müdafiə və təhlükəsizliyi koordinasiya edən bir mərkəz kimi NATO-ya hələ yüz il bundan sonra da lazım olacaq.
Türkiyə ilə işgüzar əlaqələrin canlandırılması Ankaraya Qərb alyansının hörmətli və etibarlı üzvü kimi öz həlledici rolunu diriltmək və təsdiqləmək imkanlarının verilməsi deməkdir. Əgər NATO üzvləri Böyük Qara dəniz bölgəsində uğurlu rəqabət aparmaq istəyirlərsə, bunu etməlidirlər.
Qərb Rusiya sülhməramlılarının yerləşdirilməsini və fəaliyyətini də diqqətlə izləməlidir. Bura rus sülhməramlılarının döyüş qaydalarının analizi, ermənilərin humanitar qayğılarının Türkiyə ilə birgə həlli və insan haqlarına riayət olunması məsələləri daxildir.
Tutalım, Türkiyə ilə Ermənistan arasında sərhədin açılması yeni ticarət və investisiya imkanları yarada bilər ki, bu da öz növbəsində inam və etibarın bərpasına, həmçinin Ermənistanla Azərbaycanın Transatlantik ailəyə yaxınlaşmaq istəyinin güclənməsinə təkan verə bilər.
Azərbaycanlılar bölgədə erməni icmasının təhlükəsizliyini, habelə mədəni irsini, abidələrini qorumaq öhdəliyi götürüblər.
Qərb Bakıya razılaşmanın onun üzərinə düşən hissəsini qorumaqda kömək etməlidir, onsuz da beynəlxalq hüquq Bakının tərəfindədir.
Rusiya “sülhməramlıları” orada olsa da, sülh müqaviləsi Qərbə yeni fürsətlər də verir – xüsusən Rusiyanın yerlərdəki roluna münasibətdə ayıq-sayıqlığı itirməmək baxımından.
Bizim ümidli olmağa əsasımız var. Bu gün işğal altındakı bölgəni saymasaq, 30 mindən çox erməni Azərbaycanı öz vətəni adlandırır.
Azərbaycanın suveren bir hissəsi kimi dinc Dağlıq Qarabağ – regionda sabitliyin əldə olunması üçün çox vacib amildir.
Gürcüstan NATO-ya lazımdır
Gəlin Ermənistanla və Azərbaycanla yeni, daha möhkəm əlaqələr quraq, Türkiyə ilə çoxdankı müttəfiqliyimizi gücləndirək, Gürcüstanda yerimizi bir az da bərkidək – ora ABŞ hərbi hava qüvvələri və donanmasının infrastrukturunu yerləşdirək.
Biz həm də Gürcüstanı təcili NATO-ya üzv olmağa dəvət etməliyik.
Onda Kreml dərk edəcək ki, bizim bu regionda strateji marağımız var.
Əgər biz böyük güclər arasında münaqişənin qabağını almaq istəyiriksə, onda Qərb Cənubi Qafqazda rəqabət aparmalıdır, hələ ki, buna imkanımız var.
Ben Hodces,
istefada olan general-leytenant
Mənbə: Euobserver.com