Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
Son 12 ildə ABŞ-da, Avropa İttifaqı dövlətlərində, postsovet ölkələrində onlarca beynəlxalq tədbirdə, konfrans və dinləmədə iştirak etmişəm. Demək olar ki, hər bir tədbirdə Qarabağ, Cənubi Qafqazın gələcəyi, postsovet ölkələrindəki münaqişələr müzakirə olunurdu. Hər dəfə işğalçı Ermənistandan gələn rəsmi şəxslər də, sivil toplum nümayəndələri və jurnalistlər, analitiklər də “sülh göyərçininə” dönür, bölgəmizdə sülhdən, əməkdaşlıqdan danışır, işğalın artıq geri dönməz fakt kimi qəbul edilməsini, hamının bununla barışaraq sülh şəraitində yaşamasını təklif edirdilər.
Qarabağın nə keçmişini, nə bu gününü anlayan, xəritədə belə yerini tanımayan amerikalı, avropalı siyasi xadimlər, deputatlar ermənilərə simpatiya ilə baxırdılar – görürsünüz, adamlar sülh istəyir, əmin-amanlıq diləyir, əməkdaşlıqdan danışır.
Biz isə təbii olaraq işğaldan, dağıdılan torpaqlarımızdan, əks-həmlənin, müharibənin bu gedişlə qaçılmaz olduğundan bacardıqca mədəni-diplomatik dildə danışmağa çalışırdıq, amma kənardan “militarist” kimi görünürdük, ermənilərin “sülh” istəməsi onları üstün duruma salırdı.
Ermənistan nümayəndələri bilərəkdən bu taktikanı seçmişdilər – özlərini qalib sayır, torpaqlarımızın daim onlarda qalacağını düşünür, işğalı sülhlə pərdələməyə çalışırdılar.
İndi zaman və dövran dəyişdi – ordumuzun fədakarlığı, diplomatiyamızın doğru həmlələri, xalqın birlik göstərməsi 44 günlük müharibənin qələbə ilə başa çatmasına səbəb oldu. Doğrudur, bu hələ tam zəfər deyil, amma böyük qələbədir, hərbi, diplomatik, hətta psixoloji üstünlük bizim – Azərbaycanın tərəfindədir. Ona görə də indi məhz biz sülhün carçısına, inteqrasiyanın tərəfdarına, əməkdaşlığın simvoluna çevrilməliyik. Bütün beynəlxalq tədbir və görüşlərdə əvvəldən axıra kimi sülhü təbliğ edib əməkdaşlıq haqqında car çəkməliyik. İndi Ermənistan məğlub durumdadır, indi onlar “revanşist” moda keçib sivil dünyanın qəbul etmədiyi “militarist” ritorikanın girovuna çevriləcəklər.
Daxildə də qalib davranışı zəruridir. Prezident İlham Əliyev bir neçə dəfə elan etdi ki, ərazi bütövlüyümüz bərpa edilib, müharibə tam qələbə ilə başa çatıb. Bəzi müxalif kəsim və sivil toplum nümayəndələrinin buna etiraz etməsini anlamıram (halbuki problemlərin olduğunu görürəm, bilirəm, deyirəm). Məncə, elə bu fikri dəstəkləmək lazımdır. YAP hakimiyyəti 27 ildir demirdimi ki, bizim Qarabağ kimi problemimiz var, bəzi daxili islahatları ona görə apara, ona görə pozitiv addımlar ata bilmirik (hərçənd bu bəhanə idi)? Deyirdi, israrla deyirdi. İndi problem bitdi. Doğrudan da böyük ölçüdə problem həll olunub – demək artıq daxili xroniki problem və xəstəliklərin həllinin zamanı yetişdi. Əgər biz hər addımda, “yox, problem həll olunmayıb”, desək, hakimiyyət yenidən Qarabağ məsələsi ilə pərdələnərək sistem problemlərinin həllini gecikdirəcək. Ona görə daxildə də həm hakimiyyət, həm müxalifət, həm sivil toplum davranış qaydasını qələbə reallığına uyğunlaşdırmalıdır. Sistem problemləri çözülməlidir – məncə, indi hakimiyyət daha rahat davranacaq, daha dərin problemlərin həllinə start verəcək. Bu işdə hamımız əlimizi daşın altına qoymağı bacarmalı, qalib kimi yaşamağı öyrənməliyik…
Müəllifin başqa yazıları: