ABŞ-ın sabiq prezidenti Barak Obama bugünlərdə işıq üzü görən “Vəd edilmiş torpaq” adlı kitabında nədən bəhs edir?
Novator.az saytı ABŞ-ın CNN kanalına və Böyük Britaniyanın “Tatler” jurnalına istinadla xəbər verir ki, sabiq prezident kitabında təkcə tarixi siyasi hadisələrə toxunmur. Yəni bu, sırf siyasi məzmunlu bir memuar deyil.
Obama vurğulayır ki, “Vəd edilmiş torpaq”ı yazmaqda başlıca məqsədi həyatına məna verməkdir: “Mən oxuculara öz hisslərimi, xüsusilə ABŞ prezidenti olmağın necə bir yaşantı olduğunu çatdırmaq istəmişəm. Prezidentlik əzəmətli, təmtəraqlı ola bilər, amma hər halda bu da bir iş, məşğuliyyətdir. Bizim federal hökumətimiz də başqa müəssisələr kimi insan kollektivindən ibarətdir; Ağ evdə çalışan kişilər, qadınlar digər vətəndaşlarımız kimi gündəlik həyatda qarışıq hisslər yaşayır, bəzən şən, bəzən məyus olurlar”.
Kimlərəsə elə gələ bilər ki, prezident postunu tutan, yaxud bu vəzifəyə can atan adamda məxsusi bir eqoizm olur. Amma Obama açıqlayır ki, onun siyasi karyerası başqa motivlərlə formalaşıb. Sabiq prezidentin sözlərinə görə, o özünü uzun müddət autsayder kimi hiss edib və həmişə ona edilən hörmətə biganə yanaşıb: “Mənim siyasi karyeram özümə uyğun bir yer axtarışı ilə başlandı. Eyni zamanda, mən mənsubiyyət hissimi anlamağa çalışırdım”.
Hamı Obamanı gülərüz, zarafatcıl adam kimi tanıyır. ABŞ-ın 44-cü prezidenti hətta ciddi xəbərdarlıq edəndə belə yumorundan qalmayıb, gərgin ab-havanı təbəssümlə, zarafatla yumşaltmağa çalışıb. Maraqlıdır ki, natiqlik məharəti ilə məşhur olan Obama kitabında qeyd edir ki, özünü heç də belə bir məharəti olan adam saymır.
Barak Obama gəncliyində yol verdiyi səhvlərdən də söz açır: “Cavan vaxtı xanımları cəlb eləmək üçün özümü ağıllı göstərməyə çalışırdım. Amma Karl Marksı oxuyanda bildim ki, bunun gərəksiz üsul olduğu çoxdan sübuta yetirilib”.
Kitabında Obama Ağ evə gəldiyi ilk vaxtlarda gündə 10 ədədə yaxın siqaret çəkdiyini etiraf edir.
O yazır ki, prezidentliyi dövründə ən kədərli günü 2012-ci ilin dekabrında Konnektikutda 20 yaşlı yeniyetmə 26 adamı qətlə yetirəndə olub. Öldürülənlərin 20-si uşaq olub. Obama vurğulayır ki, bu hadisə onu ölkədə sərbəst silah satışına qadağa qoymaq üçün qanunvericilikdə islahat aparmağa yönəltdi. Amma sabiq prezident onu da xatırladır ki, bununla bağlı irəli sürdüyü qanun layihəsi Senatda qəbul edilməyib, çünki senatorların əksəri respublikaçı olub. Obama layihənin əleyhinə çıxan senatorları qınayır, deyir ki, onlar məsələyə insani cəhətdən yox, quru siyasətçi kimi yanaşıblar, özlərini qətlə yetirilən uşaqların valideynlərinin yerinə qoymağı bacarmayıblar.
“Vəd edilmiş torpaq”da Obama prezidentliyi dövründə təmasda olduğu bəzi dövlət xadimlərini də xarakterizə edir. O, Rusiya prezidenti Vladimir Putin haqda yazır: “Putinin nəzərində həyat nəticəsiz, sonu puç bir oyundur”.
Obamanın fikrincə, İsrailin baş naziri Benyamin Netanyahu xoş və qayğıkeş ola bilər: “Amma özünü yəhudi xalqının qoruyucusu kimi gördüyündən ona elə gəlir ki, hakimiyyətdə qalmaq üçün hər şeyə haqqı çatır”.
Çinin sabiq lideri Hu Szintaodan danışarkən Obama qeyd edir ki, onun çox çətin xasiyyəti var. Hu Szintao ilə görüşü “yuxulu bir iş” kimi xatırlayan Obama yazır ki, görüşdə əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün etdiyi cəhdlər heç bir nəticə verməyib. Obama Çinin o zamankı baş naziri Ven Szyabaonun ona daha xoş təsir bağışladığını bildirir.
Barak Obama Almaniya kansleri Angela Merkeli bir analitik kimi dəyərləndirir və Merkelin gözlərinin ona gah kədərli, gah məyus, gah da şən göründüyünü yazır. Əvvəl-əvvəl Merkel Obamaya elə də natiqlik məharəti olmayan bir lider təsiri bağışlayıb. Amma Obama qeyd edir ki, demaqogiyaya nifrət alman lideri üçün sağlam bir yanaşmadır. Obama bunu düşünərək Merkelin müəyyən qədər sönük nitqindən incimədiyini vurğulayır.
Obamanın sözlərinə görə, Fransanın sabiq prezidenti Nikola Sarkozi həddən artıq emosional və ritorikaya meyilli adamdır. Bununla belə Obama Sarkozinin cəsarətinə və müsbət enerjisinə rəğbət bəslədiyini diqqətə çatdırır.
ABŞ-ın sabiq prezidenti kitabında həm Sarkozinin, həm də Merkelin Amerika dəyərlərini dəstəklədiyini söyləyir.
Barak Obama Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeronu savadlı, inamlı, həyatın heç vaxt çox sıxmadığı dərd-sərsiz bir adam kimi xarakterizə edir, bildirir ki, bəzi məsələlərdə, o cümlədən büdcə ixtisarları məsələsində baxışları toqquşsa da, Kemeronla ünsiyyət qurmaq ona həmişə çox rahat gəlib.
Obama ünsiyyətdə olduğu liderlər arasında ən çox Hindistanın sabiq baş naziri Manmohan Sinqxə rəğbət bəslədiyini gizlətmir. Obama Sinqxin müdrik, dərin düşüncəli və çox dürüst bir insan olduğunu yazır.
Barak Obamanın 59 yaşı var. Onun siyasi karyerası İllinoys ştatının Senatından başlayıb. Obama 1997-ci ildən 2004-cü ilə qədər ştat Senatında Demokratlar Partiyasını təmsil edib. 2004-cü ildən ABŞ Senatının üzvü olub. 2008 və 2012-ci illərdə ABŞ prezidenti seçilib.
“Vəd edilmiş torpaq” kitabı 2020-ci il noyabrın 18-də işıq üzü görüb. 768 səhifəlik kitab satışa çıxarıldığı ilk gündən bestsellerə çevrilib. 24 saat ərzində ABŞ və Kanadada “Vəd edilmiş torpaq”ın təxminən 890 min nüsxəsi satılıb. Müasir tarixdə bu, ən çox satılan prezident memuarıdır.
Obama bu vaxta qədər səs-küy doğuran, milyonlarla nüsxəsi satılan daha iki əsərin – “Atamın arzuları” və “Ümidin cəsarəti” kitablarının müəllifidir.
Mənbələr: Tatler.com, CNN.com