AZƏRTAC xəbər verir ki, noyabrın 11-də prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.
Hərbçilər Azərbaycan Ordusunun sentyabrın 27-dən noyabrın 9-dək Qarabağda keçirdiyi əməliyyatlarda yaralanıblar. Həmin əməliyyatlarda Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun 3 qəsəbəsi və 52 kəndi, Xocavənd rayonunun 1 qəsəbəsi və 35 kəndi, keçmiş Ağdərə rayonunun Tərtərə aid 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi erməni işğalından azad olunub.
Noyabrın 10-dan münaqişə zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Razılaşmaya görə, Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarmalıdır.