Prezident İlham Əliyev noyabrın 10-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan dövlət başçısı deyib ki, bu, qələbədən sonra ilk görüşdür: “Bu gün səhər əziz qardaşım, cənab prezident Rəcəb Teyyub Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Əziz qardaşıma və bütün Türkiyə xalqına bu dəstəyə, həmrəyliyə görə öz adımdan, bütün Azərbaycan xalqı adından bir daha dərin təşəkkürümü bildirdim.
Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi. Yəni bizim türk qardaşlarımız bu qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir.
Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik.
Bu gün əziz qardaşımla söhbət əsnasında eyni zamanda Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu da çox önəmli addımdır. Bu, bölgədə iş birliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə və 286 kənd azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin birgə bəyanatı əsasında noyabrın 10-dan münaqişə zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılır.
Razılaşmaya görə, Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarır.
Erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir.
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara geri qayıdır.
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.