Nazirlər Kabineti tibb müəssisələrinin akkreditasiyası qaydasını təsdiqləyib. Noyabrın 10-da dərc olunan qərarda Səhiyyə Nazirliyinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla tibb müəssisələrinin akkreditasiyasına dair tələbləri üç ay müddətində müəyyən etmək tapşırılıb.
Novator.az bildirir ki, qaydaya görə, akkreditasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası həyata keçirir. Komissiyanın tərkibini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, digər tibb müəssisələrinə münasibətdə Səhiyyə Nazirliyinin rəhbəri təsdiqləyir. Qərarlar komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə bitərəf qalmaq yasaqdır.
Tibb müəssisələrinin akkreditasiyası hər 5 ildən bir keçirilir. Dövlət tibb müəssisələri və özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olan və həmin lisenziya üzrə ən azı 1 il fəaliyyət göstərən tibb müəssisələri akkreditasiyaya cəlb olunurlar.
Akkreditasiya zamanı bu istiqamətlər üzrə tibb müəssisələrinin fəaliyyətinin müvafiq normativ hüquqi aktlara uyğunluğu qiymətləndirilir:
– tibb müəssisəsinin ümumi idarə edilməsi, o cümlədən maddi-texniki bazasının və kadr potensialının formalaşdırılması, tibbi statistikanın aparılması;
– təhlükəsizliyin təmin edilməsi (binanın təhlükəsizliyi, sanitariya-gigiyena və mühəndis-texniki vəziyyəti, infeksion nəzarət, tibbi tullantıların idarə edilməsi, tibbi avadanlıqlara nəzarət və farmakonəzarət və s.);
– müalicə və pasiyentlərə xidmət (pasiyentin təhlükəsizliyinin və hüquqlarının təmin olunması, müayinə və müalicə tədbirləri, qidalanma və s.).