Emin Hüseynzadə
Qarabağ döyüşləri başlanan gündən Azərbaycan dilində saxta xəbərlərin sayı sürətlə artıb. Əksər saxta məlumat bazaları eyni prinsiplə işləyir. Məsələn, saxta məlumat bazalarından biri – Hamimiz.com saytına baxaq. Açan kimi yanıqlı və ürək ağrıdan kəlmələrlə dolu yazı və Azərbaycan bayrağının şəklini görürük. Müəllif yazır ki, Azərbaycan şəhidləri haqda məlumatları paylaşırlar və istifadəçilərə başqa adları da göndərmək təklif olunur.
İlk bir neçə adın üstünə klikləyən kimi məndə şübhə yarandı. Ətraflı düyməsinin altında şəxsin doğum tarixi və qeydiyyat yeri yazılır. Məsələn, Heydərabad – 1. Bax bu 1 rəqəmi məni şübhələndirdi. İrəli getdim və bir neçə səhifəyə baxandan sonra bütün adların saxtalığına tam əmin oldum.
Saytı yaradanlar Mərkəzi Seçki Komissiyasının data bazasındakı bütün adları kopyalayıblar və onları “şəhidlər” kimi qeyd ediblər. MSK-nın siyahısında Sədərək rayonu 1 saylı seçki dairəsidir deyə ilk adlar məhz bu rayondandır. “Şəhidlər” siyahısında bütün qohumlarımın, qonşularımın və yenicə küçədə söhbət etdiyim tanışımın da adı vardı.
Aşağıdakı şəkildə gördüyünüz mənim doğmaca bibimin “şəhid” olması xəbəridir. Özü də baxdı mənimlə, gözlərinə inanmadı, bir sözlə: “Qurumsaqlar!” deyə reaksiya verdi.
Rayonumuz bütövlüklə “şəhid” edilibmiş. İndi səhifəyə başqa yerlərdən də siyahılar əlavə olunur. Təsəvvür eləyin, yaxını döyüşdə olan adam – Bakı və digər yerlərdə yaşayan əhali bu siyahıdakı məlumatı yoxlaya bilərmi? Əlbəttə, yox. Deməli, saytın məqsədi qorxu və xof hissinin yaradılması və yayılmasıdır. Ona görə də belə saytlara qətiyyən inanmaq olmaz.
Saytın kim tərəfindən yaradıldığı görünmür – xüsusi xidmətlər vasitəsilə yaxşıca gizlədilib. Üstəgəl, serverin yerini “Cloudflare” xidmətinə qoşmaqla gizlədiblər. Ancaq saytın qeydiyyatdan keçmə tarixi açıqdır: 30 oktyabr 2020-ci il. Yəni sayt planlaşdırılmış şəkildə açılıb. Sayt durmadan yenilənir və bu yazı dərc olunana qədər minlərlə adamın adının ordakı siyahıya əlavə olunacağı ehtimalı böyükdür.
Burda göstərdiyim mexanizm bütün bu cür “şəhid” siyahılarında istifadə olunur. Onlarla müğənninin və hərbi formalı adamların təsadüfən tapılmış şəkillərini paylaşır, bu “şəhid” siyahılarına əlavə edib, Azərbaycan əhalisini qorxuya salmağa çalışırlar. İnanmayın və belə siyahı görəndə yazılanları bir daha oxuyun.
Xeyli şayiə və saxta məlumat həm Rusiya, həm də Ermənistan mənbələrindən gəlir. Saxta məlumatlar adətən müəyyən qaydalara riayət etməklə hazırlanır və əsas prinsip insanları onlara bu günlərdə maraqlı olan, ancaq “deyilməyən” məsələlərlə cəlb etməkdir.
Bir məqam da var: bir yer haqda şayiə adətən o yerdən uzaqda yaşayan, indiki məqamda kimisə qınamağa meylli, ya da hazır olan kütlə arasında yayılır. Məsələn, Sumqayıtda Samux haqda, Gədəbəydə İmişli haqda “xəbərlərin” dolaşması mümkündür. Yaxud Bakının bir rayonunda o biri rayon haqda şayiələr gəzir. Məsələn, Yasamalda Əhmədlidə “baş verəndən” danışılar və sair və ilaxır.
Daha bir qayda var: konkret ad çəkilmir, ona görə də şayiələri üzə çıxarmaq asandır və onları yazılı mətnə çevirmək alınmır.
Saxta məlumatlar şayiələrdən bir pillə üstündür. Onlar artıq hansısa məlumat, foto və ya videolarla “dəstəklənir”. Ona görə də belə məlumatları şayiə kimi tez məhv etmək olmur. Burda yaxşı araşdırma tələb oluna bilər.
Ermənistandan xeyli saytda Azərbaycanla bağlı saxta xəbər və məlumatların yayılması danılmaz faktdır. Yalan məlumatlar Azərbaycan auditoriyasına Telegram kanalları, Facebook və Twitter üzərindən ötürülməkdədir. Bu məlumatların əsas məğzi belədir: birincisi, Azərbaycan uduzur; ikincisi və ən populyarı – baxın Azə rbaycanın verdiyi “şəhidlərin” siyahısına.
Qarabağda birtərəfli jurnalisti ifşa etmək