Döyüş gündəliyi (25)
- 19 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
Bir azdan komanda verdilər ki, yenə əvvəlkitək zəncirvari düzülmək lazımdır. Artıq şəhərə girməliydik.
Tanklarımız tərpəndilər, lakin çox gedə bilmədilər, ermənilər şəhərin ətrafındakı yüksəkliklərdən atəşə başladılar. Onların atəşi getdikcə güclənirdi. Çox pis vəziyyət yaranmışdı. Hamı kiçik təpəciyin arxasında toplaşdığından, indi oradan çıxmaq mümkün deyildi. Sözün əsl mənasında güllə yağışına düşmüşdük. Başımızı qaldıra bilmirdik. Artıq bir neçə nəfərimiz ölmüşdü. Mən ha çalışırdım, təpənin arxasını haradan vurmağın mümkün olduğunu seçə bilmirdim.
Kombat qışqırdı ki, rotanı götürüb dərəyə en, o biri təpəciyin başına çıxın, sonra təpənin o biri üzünü vurun.
Uşaqları sürünə-sürünə bir yerə yığmağa çağırdım. Ancaq onlar çox lənglik edirdilər. Vzvod komandirlərinin üstünə qışqırdım. Onlar artıq vzvodlara komandirlik etmirdilər, hamıya qoşulub əmr gözləyirdilər. Gördüm ki, rotanın 10 nəfərə qədər əsgəri aşağıda, su maşınlarının yanında qalıb. İndi vəziyyət lap pisləşmişdi. Bayaq gizləndiyimiz təpənin dalından maşınlar olan yerə rahat gedib-gəlmək mümkün olurdusa, indi aralıqda olan yeri ermənilər gülləyə basmışdılar.
Kamil giyeləndi ki, qumbaraatanın mərmilərini daşımalı olan uşaqlar mərmilərlə maşınların yanında qalıblar. Oradakılar ya gəlməyə qorxur, ya da heç gəlmək haqqında fikirləşmirdilər. Kombat hirslənməyə başlamışdı. Artıq 10-15 dəqiqə keçməyinə baxmayaraq mən rotanı deyilən yerə apara bilməmişdim. Kombat uzandığı yerdən məni yanına çağırdı. Sürünə-sürünə onun yanına gəldim. Dedi ki, hələ bayaqdan Qivamini orada qalan əsgərlərin dalınca göndərib, o isə gedib onların yanında qalıb. Mənə dedi ki, özüm gedim.
Maşınlar olan yerə tərəf sürünməyə başladım. Tərslikdən həmin yerlərdə çoxlu qanqal var idi. Aralıqda olan təhlükəli yerə çatdım. Bir az arlıda tanımadığım əsgərimiz ölüb qalmışdı. Gəlib maşınların yanına çatdım. Uşaqları yığdım bir yerə. Maşından xeyli güllə götürüb geri döndük.
Üçüncü vzvodun komandir əvəzi Nəsib pulemyotla idi. Kombat ona dedi ki, rotanın aşağı, dərəyə enməsi üçün erməniləri yayındırmalıdır. Nəsib lap təpənin başından intensiv atəşə başladı. Bizim hamımı sağ-salamat dərəyə düşə bildik. Sonra bayaq kombat deyən təpənin başına çıxmağa başladıq. Elçin Nizamov, Ənvər Tağıyev, Arif Kərimov, Adıgözəl Hüseynov, Kamil Əsədov, Təbriz Yaqubov və Oruc Hümbətov ən təhlükəli olan sağ cinahla irəliləyirdilər. Onlar qorxmadan atışa-atışa düşmənin mövqelərinə tərəf sürünürdülər. Biz isə sol cinahla irəliləyirdik. Arifgil artıq taxıllığın içində idilər. Onlar yanmış zəmi ilə sürünürdülər. Bir azdan onlar tapşırılan yerə itkisiz çıxdılar və ermənilərin səngərlərinə çatdılar.
Biz də xeyli irəlilədik. Bu zaman bizi gülləyə basdılar. Ələsgər həvəslə ermənilərə cavab verirdi. Mən tez-tez tapşırırdım ki, gülləyə qənaət etsinlər. Biz də gəlib bizə lazım olan yerə çatdıq.
Bu zaman bizdən xeyli aşağıda olan ordumuzun başqa hissələrinin əsgərləri bizi gülləyə tutdular. Biz hamımız yerə uzanmışdıq. Vəziyyəti belə görüb rəngli siqnal tüstü buraxanını açdım. Yalnız bundan sonra bizimkilər işi başa düşdülər.
Bizim rota artıq tapşırılan mövqedə idi. Aşağıdakılarda tərpəniş hiss olunmurdu. Biz bilmirdik nə edək. Ratsiyamız yox idi. Təbrizlə Oruc dedi ki, onlar qayıdıb bir xəbər öyrənib qayıda bilərdilər. Onlar dərənin dibinə endilər. Aralı da olsa, onları yaxşıca görürdük. Birdən onlar sağ tərəfə baxıb tez yerə uzandılar. Görünür, ermənilər onları görmüşdülər. Onlar xeyli atışdılar. Sonra ehtiyatla qalxıb aşağıya doğru getdilər. Bir az getmişdilər ki, erməni gülləsi ikisini də dalbadal yerə sərdi. Sonra biz tutduğumuz mövqeni güclü atəşə tutdular. Biz Təbrizgili unudub atışmağa başladıq. Mən Ələsgərlə yanaşı uzanmışdım. Güllə yağış kimi yağırdı. Ermənilərin atdığı yeri yaxşıca görürdük. Ələsgərə dedim ki, gəl yerimizi 30-40 metr sağa dəyişək. Çünki ermənilər qumbaraatanla atsaydılar, pis olacaqdı.
Mən yanı üstə fırlanmaq istəyəndə çaşıb avtomatın lüləyindən tutdum. O qədər qızmışdı ki, elə bil əlim közə dəydi. Əlimin qabığı lüləkdə qaldı. Kamil yuxarıdan ermənilərin mövqeyinə qumbaraatanla bir mərmi atdı. Biz fürsətdən istifadə edib daha əlverişli yer seçdik. Bu zaman ikinci rotadan bir əsgər gəlib dedi ki, kombat deyir əvvəlki yerə qayıdaq.
Qayıdanda Təbrizlə Orucun meyitlərini də götürdük. Bir az getmişdik ki, yenidən bizi atəşə tutdular. Artıq meyitləri aparmaq mümkün deyildi. Çünki hər meyiti ən azı 4 nəfər götürməli idi. Biz onları bir yerə qoyub əvvəlki mövqeyə doğru irəlilədik. Bu zaman biz bayaq arxasında gizləndiyimiz təpənin ermənilər tərəfindən bir tank çıxdı. Yuxarıdakı lyuk açıq idi və bir əsgər çıxıb bizə əl edirdi. Biz onun erməni tankı olduğunu sonradan bildik. Tank qorxmadan, cəsarətlə bizim yanımızdan keçdi. Onu özümüzünkü bilib biz də əl etdik. Sən demə, bizimkiləri duyuq salmamaq üçün bizə atəş açmayıb. Həmin tank irəliləyib bayaqkı təpənin arxasında toplanmış texnikalarmıza çatdı. O, yolun kənarında dayanmış təcili yardım maşınını əzib keçdi. Biz yalnız indi başa düşdük ki, bizim tank deyil. Sonra o, bizim “Qrad”ımızı vurub dağıtdı.
Qumbaraatan Kamildəydi. Ancaq onun mərmisi yox idi. Onu özü ilə daşımalı olan uşaqlar qorxudan geriyə qaçmışdılar. Kamil hirsindən onları söyürdü. Erməni tankı qarşısına çıxan bizim tankı arxadan vurub yandırdı. Orada toplaşmış əsgərlərimiz bu gözlənilməz tankdan sonra pətən-pərən düşdülər. Onlar nə baş verdiyini başa düşə bilmirdilər. Hamısı dala çəkilməyə, sonra isə başıpozuq halda qaçmağa başladılar.
Bizim tanklar üzü Ağdərəyə tərəf durduğundan arxada nələr baş verdiyini bilmirdilər. Artıq bizim xeyli texnikamız alışıb yanırdı. Bu zaman ən dəhşətli bir hadisə oldu. Erməni tankı bir az da irəliləyib bizim yaralananlar yüklənmiş maşına atəş açdı. Mən bilirdim ki, orada ikinci rotanın komandiri Koroğlu Rəhimov, Əliqulu, Rəşid, bizim rotadan Elşən, Ələsgər, İslam, Sabir və başqa yaralılar maşında idi. Maşın atəşdən göyə sovruldu. O maşından atəş zərbəsi ilə kənara atılmış bir-iki əsgərimiz ağır yaralanaraq sağ qaldılar.
Bütün bunlar bir-iki dəqiqə içində baş verdi. Döyüşçülərimizin və texnikamızın bir hissəsi təpədən aşağı düşə bilmişdilər və ortada nələr baş verdiyindəm xəbərləri yox idi. Biz sürünməyi buraxıb avtomatla tankın dalınca qaçdıq. Artıq tüstü və alovdan o tərəfdə heç nə görünmürdü. Erməni tankı tüstü içində gözdən itmişdi. Biz 30-40 metr qalmışdıq ki, Kamili ayağından vurdular. Kamil yaralanmamışdan əvvəl bir əsgər heybəsi tapdı, onun içində 5 dənə qumbaraatan mərmisi var idi, birini qumbaraatana taxmışdı. Biz köməkləşib Kamili yola tərəf çıxarmağa başladıq. Güllələr yanımızdan vıyıldayıb keçirdi. Mən Kamilin qumbaraatanını götürdüm və heybəni də çiynimə aşırdım. Kamili birtəhər yola çatdırdıq, elə bu zaman Ağdərə tərəfdən bizim bir UAZ maşını gəldi və o qışqırdı ki, hamı qabağa getsin.
Biz Kamili həmin maşına mindirib Tərtərə yola saldıq. Burada lap az əsgərimiz var idi. Hamı mövqeyi qoyub geriyə qaçırdı. Bu arada birinci rotanın komandiri Elxanı gördüm. Biz yanımızda olan əsgərləri götürüb irəli getməyə başladıq. Bir az getmişdik ki, əsgərlərin bir yaralı zabitimizi gətirdiyini gördük. Həmin zabit bizə dedi ki, Saleh bəy (Xanlar batalyonunun komandiri) deyib geri çəkilək.
Yavaş-yavaş geri çəkilməyə başladıq. Elçin və Nazim yanımda idilər. Onlar geri qaçan əsgərlərimizi söyürdülər. Biz hiss edirdik ki, artıq ermənilər Ağdərəni qoyub qaçıblar. Onların şəhərin bizə yaxın olan hissəsindəki yüksəklikdə bir-iki nöqtələri qalıb axıradək vuruşurdu. Çünki şərq tərəfdən artıq bizimkilər şəhərə girmişdilər. Maşınlar elə gur yanırdı ki, onların yanından keçmək mümkün deyildi. Mən artıq sönmüş, ancaq qatı tüstü buraxan bir maşının yanında əyləşdim. Görünməyim deyə, çətin olsa da, tüstünün içinə girdim. Avtomatı yerə atıb qumbaraatanla bayaqdan qaraladığım yeri nişan aldım. Mərmilərin 5-ni də dalbadal ora atdım. Atəşin gücündən qulaqlarım heç nə eşitmirdi. Bu zaman ermənilər biz duran yeri top atəşinə tutmağa başladılar. Qərara aldıq ki, dərəyə tərəf enək. Ermənilərin mərmisi uğuldayanda uşaqlar qabaqcadan hiss edib yerə uzanırdılar. Mən heç nə eşitmədiyimdən həmişə gecikirdim.
Mən yazını yazanda kombat yaxınlaşdı və dedi ki, rotanı yığ irəli gedəcəyik. Artıq hiss edirdim ki, gündəliyi yazmağa vaxt tapa bilmirəm. Bəzən də vaxt az olduğundan olanların hamısını yaza bilmirəm. Mən gündəliyi qatlayıb qoydum qırağa.
Kombatın sözlərindən sonra hiss edirdim ki, yenə hücuma keçəcəyik. Aradan bir az keçmiş bildirdilər ki, polkovnik Kovalyov özü gəlib tapşırıb ki, hücumda iştirak etmiş bütün batalyonlar təyin edilmiş yerdə toplaşsınlar. Bizim rota deyilən yerə yaxın yerdəydi. Mən vzvod komandirlərinə tapşırdım ki, şəxsi heyəti deyilən yerə toplasınlar.
(Ardı var)
Gündəliyin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24