Azərbaycan əsgəri
- 28 Sentyabr 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Fəxri Uğurlu
Sən əllərin qoynunda oturub möcüzə gözləyirdin…
Ancaq möcüzə olmadı.
Başını qaldırıb yerə-göyə yaxşı-yaxşı baxsan, gördüyünü ağlının işığına tutsan, bilərsən ki, dünya başdan başa möcüzədi: ağacın bitməsi də, buludların axması da, doğulanın böyüməsi də, böyüyənin ölməsi də… Ancaq göz açıb gördüyümüz bu möcüzələrə alışmışıq deyə min-min möcüzənin içində yaşadığını düşünmək ağlına belə gəlmirdi. Əlin qoynunda oturub möcüzə gözləyirdin.
Yer üzündə sən deyən möcüzələrdən olmur.
Bu gün sənin ordu yaratmağın da bir möcüzədi, özü də görmədyimiz, alışmadığımız bir möcüzədi.
Yer üzündə sən deyən möcüzələrdən də olurmuş!
Kim yaratdı bu möcüzəni: Allahmı? Qorbaçovmu? Azərbaycan deputatlarımı?
Bütün möcüzələr kimi bu möcüzə də ilahidəndi.
Biz uzun illər, əsrlər boyu Allahın yaratdıqlarını, qurduqlarını dağıtmağa, məhv etməyə çalışmışıq. Tanrının bizə verdiyi nemətləri ürəyimizlə olmasa da, əlimizlə geri itələmişik. Bu gün Azərbaycan dövləti, Azərbaycan hökuməti xoşbəxt bir tarixi təsadüf nəticəsində qarşımıza çıxan ilahi nemətlərdən imtina etməyə nə qədər can atsa da, yavaş-yavaş görməyə alışdığımız, yaxasında üçrəngli bayraq nişanı olan Azərbaycan əsgəri ümid qaynağımızı quruyub-sovulmaqdan qoruyur. Təbii ki, bu ordunun gücü, qüdrəti hələlik ancaq ümidlərimizi qoruya biləcək qədərdi və əgər son aylar içində getdikcə daha artıq ümidsizliyə qapılıb “mənəvi aclıq” elan edən ruhumuzu dikəltməyə gücü çatırsa, demək, belə bir ordu artıq var. Sabahın ən möhtəşəm binaları ümid özülünün üstündə ucalır. Bu gün Azərbaycan əsgəri dişiylə-dırnağıyla, öz qeyrətiylə silahlanıb. Bu silah düşmən üçün dünyanın ən uzaqvuran, ən dəqiqvuran raketlərindən də təhlükəlidi, çünki bu silah insan beyninin yox, ruhun kəşfidi; insan beyni ruhun bildiklərinin milyonda birini belə həzm edə bilməz. Min illər üzü geri keçmişimiz, min illər üzü sabaha gələcəyimiz haqqında saysız-hesabsız biliklər, saysız-hesabsız yaddaş dastanları hopub ruhumuza. Ən qədim əlyazma kimi, ən dəyərli abidə kimi, yerə-göyə həkk olunmuş yazı kimi ruhumuzun qorunmağa ehtiyacı var. Ruhumuz namusla, milli bütövlüklə, Vətən havasıyla canlıdı; namusun, milli bütövlüyün, Vətən havasının qorunmağa ehtiyacı var. Bu qədər mənəvi korluqlar içində yaşayan xalq bəzən özünün maddi ehtiyaclarını da unutmağa başlayır, balalarının boğazından kəsib öz ordusuna vəsait yığır. Azərbaycan ordusunun gələcək avtomatları, gələcək tankları, təyyarələri balalarımızın payına şərik çıxır. Tarix boyu ordular dövlət hesabına yaradılıb, dövlət hesabına saxlanıb. Görəsən, Azərbaycan ordusu xalqın hesabına yaradılan (daha doğrusu, yaradılacaq) neçənci ordudu yer üzündə?.. Qoy belə olsun. İnanaq ki, bu körpüdən də keçəcəyik.
Bu gün Azərbaycan qadını əllərini ətəyinə silə-silə mətbəxdən çıxıb əri ilə çiyin-çiyinə döyüşə getməyə hazırlaşır.
Bu gün Azərbaycan əsgəri şəhid olmuş qardaşının məzarı üstündə hüznlü addımlarıyla, hüznlü baxışıyla el kədərinə güzgü tutur, imperiya ordusunun qanunlarını yazan qələmlə üzünə çəkilmiş qəddarlıq cizgilərini gözünün yaşıyla yuyub aparır.
Belə ola həmişə…
…Sən tanrını borclu çıxarırdın, göydən ordu gələcəyini gözləyirdin.
Göydən ordu gəlmədi.
Sonra yadına düşdü ki, axı bir vaxt sən də göydən gəlmişdin. Sənə “Göytürk” deyiblər, sənə “Tanrı ordusu” deyiblər…
Yer üzündə göydən gələn adamlarla yanaşı yerdən çıxan adamlar da var. Haqq qoşunuyla üz-üzə dayanan şeytan qoşunu da var. Bir də baxıb gördün ki, Tanrıyla nəfəs-nəfəsə duran dağların arasına şeytan ordusu doluşub. Yadına düşdü ki (nə bilim, bəlkə də heç düşmədi yadına?), şeytan ordusunun qarşısında ancaq haqq qoşunu duruş gətirə bilər. Ağlına gəldi ki (kim bilir, bəlkə heç ağlına gəlmədi?), təyyarələrinin üstünə “haqqın qanadları”, toplarının, raketlərinin üstünə “qeyrət”, tanklarının üstünə “mərdlik” yazılan bir ordu ilə şeytan ordusunu göyün altından qovub-çıxarıb öz diyarına – yerin dibinə qaytara bilərsən. Yalnız belə bir orduyla.
Baş tutsa, bu, dünyanın ən böyük möcüzəsi olacaq…
Dünyanın bu qarışıq, necə deyərlər, dostun düşməndən seçilməyən vaxtında ordusuz dövlət qurmaq, əlbəttə, gülünc görünə bilər. Yer üzündə böyük ordusu olan böyük dövlətlərlə yanaşı kiçik ordulu kiçik dövlətlər də var. Əslində, ordunun böyüyü-kiçiyi olmaz, hər bir dövlətin, xalqın qoşunu onu, azman rəqiblər bir yana dursun, heç olmasa xırda düşmənlərdən qoruya biləcək qədər güclü olmalıdı. Yer üzündə Kosta-Rika kimi ordusuz dövlətlər də var. Ola bilsin, dünya durduqca Kosta-Rikaya ordu gərək olmayacaq. Ancaq düşməni ocağının qırağında oturan bir xalqı ordusuzluq, gücsüzlük mənliyi – namusu, keçmişi, gələcəyi, hətta adını və dilini itirmək kimi bir təhlükəylə üz-üzə gətirə bilər. Ölüm ruhun qarşısında acizdi, deyirlər; ancaq ruhun da ruh ölümü var.
Qoy Azərbaycan əsgəri həmişə bu təhlükəylə xalqın arasında dursun və həmişə yalnız bu məqsədlə silahlansın.
Qoy Azərbaycan əsgəri heç vaxt öz silahını balasının boğazından kəsdiyi tikələrlə, cibinin qəpik-quruşuyla yaratdığı o silahları “yemləyənlərə” tuşlamasın.
Gün o gün olsun ki, yer üzünün bütün dövlətləri ordu saxlamaq qayğısından azad olsun. Gün o gün olsun ki, Azərbaycan əsgərinə də ömürlük “azad” komandası verilsin; bir şərtlə ki, bu “ideya” qıraqdan – adını eşidib üzünü görmədiyimiz yerlərdən nazil olmasın.
Acı da olsa həqiqətdi ki, hələ yaranmamış orduların dağılması üçün uzun-uzun yollar keçməliyik, ömür-ömür gözləməliyik.
Hələlik isə xalq ona belə komanda verir: “Farağat!”
…Sən hələ də oturub möcüzə gözləyirsən. Sənin xəbərin yoxdu, dünya özünün yeni bir möcüzəsini yaradıb, möcüzə böyüməkdədi, möcüzə ayaq açmaqdadı. Dur dünyanın möcüzəsinə tamaşa elə. Küçədən gələn ayaq səslərini eşidirsənmi? Evinin yanından ordu keçir, sənin ordun keçir evinin yanından. Bəlkə yolu dağlara düşdü, dağlardan gələn çayların, suyu haramlanmış çayların gözünü durultmağa getdi bəlkə. Bəlkə bir də buralarda görmədin onu, bəlkə yolu dağlara düşdü, dünyanın işini nə bilmək olar, bəlkə yolu dağlardan da o yana düşdü. Belə fürsət ələ keçməz, dur qapıya çıx, dünyanın möcüzəsinə tamaşa elə. Əllərini qoynundan çıxart, üzünün qırışığı açılsın, ürəyin təpərlənsin, bu qara-qorxudan çıx. Haydı, bir özünə qalxım ver, belə fürsət ələ düşməz. Tez ol, çıx qapıya, gələnləri qarşıla, gedənlərə sən də qoşul, biz də “yaxşı yol” deyək. Dur görək, dur, dur, dur ha!..
Ya Allah!
18 dekabr 1991-ci il,
“Novruz” qəzeti