Döyüş gündəliyi (7)
- 23 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
Axşamüstü Əlikram gəldi. Əlikram AXC üzvüydü. Hələ ayın 17-də “Gün” proqramında döyüş mövqeyindən fərarilik etmiş bir neçə əsgərin adını çəkmişdilər. Mən bu haqda əvvəlki xatirələrimdə qeyd etmişəm. Onlardan biri də Əlikram Əhmədov idi.
Məsələ belə olmuşdu. Biz Goran poliqonunda olarkən Mütəllibov dövlət çevrilişi etdi. Həmin anadək bizə demişdilər ki, təcili olaraq sizi silahlandıraraq döyüşə göndərəcəyik. Çevriliş olan kimi bizi meydana topladılar və dedilər ki, biz hələ uzun müddət burada məşqlər keçməliyik. Özü də poliqonu bizə aid olmayan əsgərlər əhatəyə almışdı ki, heç kəs kənara çıxmasın. Sadəcə olaraq yuxarılar buradakı könüllülərin əksəriyyətinin AXC tərəfdarı olduğunu bilərək nəinki onlara silah verərək döyüşə göndərmədi, hətta silahsız adamları xarici aləmdən təcrid etdi.
Həmin vaxt Əlikram burada qalmağın mənasız olduğunu dərk edib özünü Bakıya yetirdi. AXC Mütəllibov mafiyasına qalib gələndə Laçın da itirilmişdi. Rəhim Qazıyev özünə bəraət qazandırmaq üçün guya AXC üzvlərinin döyüş meydanından AXC-yə kömək məqsədilə Bakıya qaçdığını demişdi. O zaman Bakıda olan əsgərləri tutub televiziya ilə onların adını oxumuşdular. Əlikram da onların arasında olmuşdu. İndi isə o özünü yenə bizə çatdırmışdı. O, Bakıda olan bəzi ixtilaflar haqqında danışdı. Biz yenə də istər-istəməz ruh düşkünlüyünə qapıldıq.
23.05.1992-ci il
Səhər hava tutqun idi. Vahiməyə düşmüşdük. Çünki bu axşam döyüş xəttinə, posta getməliydik. Yağış yağsaydı, yenə ogünkü cəhənnəm əzabını təzədən yaşamalıydıq. Bir azdan hava aydınlaşdı. Bu arada bizə bildirdilər ki, posta getməyimiz sabaha keçirilir.
Fürsətdən istifadə edib Bərdəyə, hamama getməyi qərara aldım. O gündən cəmi 9 manat pulum qalmışdı. Nə qədər axtardımsa, tapa bilmədim. İtirmişdim. Sonra kimsə təsadüfən dedi ki, milli ordunun əsgərləri üçün pulsuzdur. Çimib qayıdanda Bərdənin çıxacağında Yasin əminin oğlu Sabiri gördüm. Avtobus sürürdü. Çağırıb saxlatdırdım. Dedi ki, Ağdama Bakıdan əsgərlər gətiribmiş. İndi Bakıya qayıdırdı. Avtobusda başqa adamlar olduğundan onu çox ləngitmədim, xahiş elədim ki, Rimaya və Ziyəddin əmimgilə zəng eləsin.
Hissəyə qayıdanda eşitdim ki, bu gün Davudun anasının yeddisidir. Və bir maşın ayırıblar ora getməyə. Əlövsət, Mustafa, mən, Xanməmməd, Eminağa, rota komandiri Eldar və yerli batalyondan daha iki nəfər yola düşdük. Davudgilin kəndi Oğuz rayonunun Zərdab kəndi idi. O, Yaqublu kəndi ilə qonşu olub, rayon mərkəzinə lap yaxın idi.
Yerli batalyondan olan əsgərlərdən biri sürücü idi. O birisi isə elə-belə gedirdi. Gedəndə Eldar və yerli batalyonun iki əsgəri özləri ilə avtomatlarını da götürdülər. Biz dedik ki, yas yerinə silahla getmək yaxşı deyil. Onlar qulaq asmadılar. Onlar bunu, necə deyərlər, fors etmək üçün edirdilər.
Kəndə çatdıq. Davudla görüşüb ona başsağlığı verdik. Çörək yeyib yola düşdük. Biz tərpənən vaxtı maşının üstündən xəbər aldım ki, burada Oğuz şəhərindən olan varmı? Davud yanındakı oğlanı göstərib dedi ki, bu oğlan Oğuzda qalır və özü də Bolnisidəndir. Maşın gedə-gedə ondan xahiş etdim ki, Rəhim doxtura de qardaşın oğlunu görmüşəm.
Biz Yaqubluya çatanda istədim uşaqlara deyim ki, gəlin bir on dəqiqəliyə Oğuza gedək. Sonra fikirləşdim ki, hələ ertədir, Rəhim əmimgildə heç kəs olmaya bilərdi. Olsaydı da, bu qədər adamı içəri aparmağa məcbur olacaqdı. Bəlkə buna heç imkanı olmazdı. Odur ki, bu fikrimdən vaz keçdim.
Xanabad kəndinə yaxınlaşanda onlar maşını bir yeməkxananın yanında saxladılar. Hiss etdim ki, əyinlərindəki əsgər formasından istifadə edib pulsuz yemək istəyirlər. Mən, Əlövsət və Mustafa buna etiraz etsək də, onlar düşüb yeməkxana işçiləri ilə danışdılar. Özü də əllərində avtomatla gedib danışmaları məni lap hirsləndirdi.
Onlar razılaşıb bizi də dəvət etdilər. Çox pərt olmuşdum. Düşmək istəmirdim. Lakin təkcə maşının kuzovunda qalmaq da düzgün deyildi. Könülsüz olaraq düşüb onların yanında əyləşdim. Yerli batalyondan olan Rövşən pivə və araq gətirtdi. Mənim hövsələm çatmırdı. Durub gedəndə onlar elə ərklə sağollaşdılar ki, elə bil belə də olmalıydı. Hiss etdim ki, utandığımdan qızarmışam. Axı Şuşanı və Laçını biabırçılıqla uduzan ordunun əsgərləri hansı haqla belə harınlıq edirdilər?
Bu yerli batalyonların əsgərləri getdikcə məni daha çox narahat edirdilər. Əslində bu adamların xeyli hissəsi onlara verilən yüksək maaşa görə orduya yazılıb, əllərinə nəzarətsiz silah alıb rayonda başıpozuqluq edirdilər. Gecələr şəhərdə tayfalararası atışmalar olurdu. Dünən artıq bir nəfəri güllələmişdilər. Onlar heç bir nizam-intizama tabe olmur və silahı özləriylə hara istəsələr aparırdılar. Marquşevan kəndini alan zaman onların əksəriyyəti soyğunçuluq və talanla məşğul olmuşdular. Özlərinin etiraf etdiklərinə görə, başları məhz bu işə qarışdığından ermənilər hücum edib kəndi o saatca geri alıblar və bizimkilərdən 18 nəfəri öldürüblər. Öyrəndiyimə görə, ölənlərdən biri Marneulidənmiş və onu Bərdədə basdırıblar.
Axşam saat yeddiyə işləmiş hissəyə çatdıq. Bir də məlum oldu ki, Əlövsətgilin zavodundan (Bakı Poladtökmə Zavodu) onların dalınca gəliblər. Gələnlərlə görüşdük. Onların içində Aydın da varıydı. Mən onu AXC-dən tanıyıram və biz birgə çox işləmişik. Qərar aldım ki, xatirələri qeyd etdiyim bu dəftərləri Aydından göndərim evə. Axı bilmək olmur qarşıda kimi nə gözləyir. Üstəlik, məlumat varıydı ki, ermənilərin sabah hücumu gözlənir və sabah da posta biz gedirik. Bundan sonra da xatirələri qeyd edəcəyəm. Aydıngil sabah saat 10-da gələcəklər. Aydınla ordudakı biabırçı vəziyyət haqqında söhbət edəcəyəm və hətta bəlkə bu haqda AXC-yə ismarış da göndərdim.
Hələlik bu qədər. 23 may 1992-ci il, saat 22:10.
24.05.1992-ci il
Gün çisəklə başladı. Bir azdan duman çəkildi. Əsil yay havasıydı. Saat 11-də poladtökmə zavodunun uşaqları şərtləşdiyimiz kimi yenə gəldilər. Mən xatirələri qeyd etdiyim I və II dəftəri Aydına verdim ki, Etibara çatdırsın.
Otaqda oturub söhbət edirdik. Gələnlərin arasında zavodun direktor müavini Sabir bəy də varıydı. O, əslən Tərtərdən idi. Dünən bizim rotamızdan gedəndən sonra evlərinə baş çəkmişdi. İndi deyirdi ki, gedib Bakı ilə haqq-hesabı çürüdüb bura gələcək. Söhbət əsnasında o bildirdi ki, sazı var və istəyirmiş sazı da gətirsin. Sonra fikirləşib ki, onu düzgün başa düşməzlər. Bu dəfə söz verdi ki, tezliklə qayıdacaq və onda həm sazını, həm də sevimli qadın aşığımız Ulduz Quliyevanı da gətirəcək.
Poladtökmə zavodunda prezidentliyinə namizəd göstərilən zaman Sabir bəy Etibar Məmmədovun namizədliyini irəli sürmüşdü. Mən də AXC-nin Binəqədi rayon şöbəsindən gəlmiş nümayəndə kimi Etibarın əksinə, Elçibəyin xeyrinə bir çıxış etdim. Uşaqların dediyinə görə, mən çox yaxşı çıxış etmişəmmiş. İndi Sabir bəylə söhbət zamanı o əhvalatı da şirin-şirin xatırladıq. Onlar gedəndə Sabir bəy mənimlə öpüşüb ayrıldı.
Bütün gün ərzində bekarçılıq oldu. Axşamüstü ağacların kölgəsində xeyli əsgər oturmuşduq. Uşaqlar domino oynayırdılar. Bu vaxt qarnizon rəisi Elçin bəy gəlib bizimlə salamlaşdı. Sonra isə bizə bildirdi ki, hazır olun, tezliklə ermənilərə hücuma keçəcəyik. Uşaqlar bu xəbəri yüksək ruhla və sevinclə qarşıladılar. Televiziya ilə hələ bizim batalyon bura gəlməmiş, mayın 10-da Bərdə batalyonundan hazırlanmış veriliş vermişdi. Həmin uşaqlar özlərini ekranda görüb fərəh hissi keçirirdilər.
Mustafa, Əlövsət, Eminağa və Xanməmməd İsaqgildən gəldilər. İsaq yenə hamını çimməyə və yeməyə aparmışdı. Gedəndə mənə də təklif etmişdilər. Lakin mən dünən Bərdə hamamında çimdiyimdən istəmədim.
“Gün” proqramından sonra qəfildən I vzvodun (Əlövsətgilin) uşaqlarını Bərdəyə patrul apardılar. Komendant saatı 22-dən səhər saat 5-dək idi. Patrul getmək çox təhlükəli idi. Srağagün bir əsgərimizi öldürüb avtomatını götürmüşdülər. Şəhərdə silahlı dəstələr varıydı. Onlar cəbhəyə yaxın şəraitdən istifadə edərək hamısı silahlanmışdılar. İndi onlar tayfa və mafiya münasibətlərini silah gücünə aydınlaşdırırdılar. Onlar komendant saatının tələblərinə əhəmiyyət vermir, əsgərləri təhqir edir və hədələyirdilər. Deyilənlərə görə, hətta o bandit qruplarının başçılarından biri gəlib bizim qarnizonun rəisi Elçin bəyi hədələmişdi. Düzü, həmin vaxt Elçin bəy burada olmamışdı. Həmin adam onu söyərək “dediklərimi ona çatdırın deyib” çıxıb getmişdi.
25.05.1992-ci il
Artıq neçənci gündür ki, hava səhər tezdən buludlu olur, lakin bir az keçməmiş aydınlaşır. Səhər yeməyindən sonra gecə şəhərdə patrulda olmuş Əlövsətgillə söhbət etdim. Vəziyyət həddən artıq qanqaraldıcı idi. Yenə şəhərdə silahlı dəstələr gəzirmiş və bizim əsgərləri hədələyirmişlər. Onlar gah özlərini “Milli qurtuluş”dan olduqlarını deyir, ya da Ələmşahın və ya Raqubun dəstəsindən olduqlarını deyirdilər. Faktiki olaraq komendant saatının heç bir xeyri yox idi, əksinə, havayı yerdən uşaqların həyatını təhlükə qarşısında qoyurdular. Komendant saatının tələblərini bizim əsgərlər yerinə yetirə bilmirdilər. Ya gərək onlar bizə tabe olmayan banditlərlə atışaydılar, ya da təhqirlərə dözəydilər. Atışmaq isə asan deyildi. Çünki həm onlar özləri silahlı idilər, həm də çoxlu silahlı dəstələri varıydı. Gərək onda şəhərdə möhkəm vuruşma gedəydi. Hətta bizə tabe olmayan maşındakıları yerində məhv etsək belə, gecə vaxtı küçədə gəzişən patrulları istənilən qaranlıq bir küncdən biçmək olardı və ya onlar bizim düşərgəyə gəlib rahatca kazarmada olanların hamısını güllələyə bilərdilər. Biz isə bura ermənilərlə vuruşmağa gəlmişik. Ona görə də arxadan vurulan gülləyə qurban getmək daha dözülməz olardı. Belə vəziyyətdə isə döyüşmək daha çətin idi. Hər şeyi atıb getməyə isə heç kəsin qeyrəti imkan vermirdi. Biz çalışırdıq ki, erməni ilə üzbəüz döyüş üçün özümüzü özümüzünkülərdən birtəhər qoruyaq.
(Ardı var)
Gündəliyin əvvəli: 1 2 3 4 5 6