Belarusda Aleksandr Lukaşenko rejiminə qarşı hərəkat davam edir.
Avqustun 9-u ölkədə prezident seçkisi keçirilib. 5 nəfərin yarışdığı seçkidə prezident Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib elan edilib.
İctimaiyyət seçkinin rəsmi nəticələrini qəbul etmir, Aleksandr Lukaşenkonun istefasını, yeni seçki keçirilməsini istəyir.
Avropa İttifaqı ölkələri, ABŞ və başqa demokratik dövlətlər prezident seçkisinin nəticələrini tanımır.
1954-cü il təvəllüdlü Aleksandr Lukaşenko prezident kürsüsünü 1994-cü ildən tutur. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.
9 avqust 2020-ci il seçkisindən sonra başlayan xalq hərəkatının tələbinə məhəl qoymayaraq istefa verməkdən imtina edən Aleksandr Lukaşenko konstitusiya islahatları, prezidentin səlahiyyətlərini azaltmağı vəd edir. Novator.az bildirir ki, Belarus Konstitusiyasına əsasən, prezidentin bu səlahiyyətləri var:
– ümumxalq referendumu təyin etmək;
– parlamentin yuxarı və aşağı palatalarına, yerli təmsilçi orqanlara növbəti və növbədənkənar seçkilər təyin etmək;
– parlamentin hər iki palatasını buraxmaq;
– Mərkəzi Seçki Komissiyasının 6 üzvünü təyin etmək;
– Prezident Administrasiyası, başqa dövlət idarəçilik orqanları, prezident yanında orqanlar yaratmaq, onları yenidən qurmaq, ləğv etmək;
– parlamentin aşağı palatasının razılığı ilə baş naziri təyin etmək;
– hökumətin strukturunu müəyyənləşdirmək, baş nazirin müavinlərini, nazirləri, hökumətin başqa üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
– parlamentin yuxarı palatasının razılığı ilə Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Ali Təsərrüfat Məhkəməsinin sədrlərini təyin etmək;
– parlamentin yuxarı palatasının razılığı ilə Ali Məhkəmənin, Ali Təsərrüfat Məhkəməsinin hakimlərini, Mərkəzi Seçki Komissiyasının sədrini, baş prokuroru, Milli Bankın İdarə Heyəti üzvlərini və sədrini təyin etmək və parlamentin yuxarı palatasına məlumat verməklə onları vəzifədən azad etmək;
– Konstitusiya Məhkəməsinin 6 hakimini və digər hakimləri təyin etmək;
– Dövlət Nəzarəti Komitəsinin sədrini vəzifəyə təyin və vəzifədən azad etmək;
– dövlət idarəçilik orqanlarının rəhbərlərini, prezidentin qanunverici orqandakı nümayəndələrini təyin etmək.
Belarus prezidentinin həmçinin vətəndaşlıq məsələlərinin həlli, sığınacaq vermək, dövlət bayramlarını müəyyənləşdirmək, təltif etmək, əfv etmək səlahiyyətləri var.
Konstitusiya prezidentə qanunlara veto qoymaq, yerli qanunverici orqanların qərarlarını ləğv etmək hüquqları da verir.
Belarus prezidenti eyni zamanda ali baş komandan, Təhlükəsizlik Şurasının sədridir.