Hikmət Sabiroğlu
Tofiqin kömür kimi yanmış üzünə, heydən düşmüş gözlərinə baxa bilmirsən. Biz Cənnəti yağmalanmış Qarabağ döyüşçüsünü Cəhənnəmdə saxlayırıq axı!
Müsavatçı Tofiqi həbsdə saxlaya bilərik, Müsavat çox məhbusluq görüb, amma Qarabağ döyüşçüsü Tofiqi buraxmalıyıq. Demirəm Tofiq gənc qızını itirib, bağrı paralanıb. Tofiq Torpaq uğrunda döyüşüb. Bizim Torpaq dərdindən irəli heç bir dərdimiz yoxdur axı!
…Müharibə veteranlarının üzünə baxa bilmirsən.
Göygöldə, Goranboyda düşmənlə döyüşüb Cənnəti bizə yaxın eləmiş İlham İsmayılın üzünə. Acılar içində olan, Cənnəti uzaqlarda olan gözlərinə.
Sinif yoldaşım Elçinin üzünə. Məğlubiyyət acısı yaşayan gözlərinə. Şuşa döyüşündə – 1992-ci il mayın 8-i – ən ağır mövqedə olub, neçə yağını təkbaşına məhv edib, adını çəkən də yoxdur indi.
Uşaqlıq dostum Elxanın üzünə. İlin hər gününü 8 may əzabı içində olan gözlərinə. Döyüşdə canı yarılanıb. Ürəyi al qan içindədir indi.
Canında qəlpə, gözündə kədər gəzdirən Reyin üzünə.
…Bizim toylarda bir hava var: “Cənnət uzaqlarda deyil, Qarabağ torpağındadır” çalıb-oxuyuruq.
Cənnət uzaqlarda deyil: Yevlax var Qarabağda, Bərdə, Ağcabədi, Beyləqan, Tərtər, Goranboy var. Hər qarışı bizdə olan torpaqlar.
Ağdərə, Ağdam, Xocavənd, Füzuli var. Bir qarışı bizdə olan torpaqlar.
Goranboydan əlini at, Kəlbəcərə çatacaq.
Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocalı, Xankəndi, Şuşa da uzaqda deyil, havası vurur.
Biz Cənnətin özündəyik – Yevlaxda, Bərdədə, Ağcabədidə, Beyləqanda, Tərtərdə, Goranboydayıq.
Biz Cənnətin bir qarışındayıq – Ağdərədə, Ağdamda, Xocavənddə, Füzulidəyik.
Biz Cənnətin iki addımlığındayıq – Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Cəbrayılın, Xocalının, Xankəndinin, Şuşanın iki addımlığında.
Amma Cənnətin özündə, bir qarışında, iki addımlığında ola-ola Cəhənnəm əzabındayıq.
…Qızının yasında özümdə güc tapıb Tofiqin kömür kimi yanmış üzünə, heydən düşmüş gözlərinə baxdım. Cənnət – əlimizdən çıxmış torpaqlar çox uzaq göründü mənə.
…Cənnət uzaqlarda deyil: Bakıda, Qubada, Şamaxıda, Şəkidə, Gəncədə, Lənkərandayıq.
Əlimizdə olan torpaqlara görə Qarabağ döyüşçülərinə borcluyuq. O torpaqları döyüşçülər üçün şadlıq sarayına (“Cənnət uzaqlarda deyil, Qarabağ torpağındadır”) və ya yas mağarına (Nərgiz Yaqublunun yas mağarındakı şəklini gördünüzmü???) çevirməli deyilik axı!..
7 may 2015
Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.
2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda ittiham olunub. Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.
Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da müsavatçı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Məhbus siyasətçinin oğlu Rəhim Yaqublu hərbi xidmətdədir.