2025-ci ilin ideyaları
Son vaxtlar texnologiyaların və internetin gələcəyi ilə bağlı təxminlər əsasən 2025-ci ilə və sonraya aid olur. İqtisadiyyat, səhiyyə, süni intellekt, enerji daşıyıcıları və başqa sahələr üzrə proqnozlar həm fərqli, həm də oxşardır.
Uğurlu iş adamları bazarın tələblərini tez görürlər. Bir qrup alim hazırda bir qədər məntiqsiz görünən, gələcəkdə isə çoxlu gəlir gətirə biləcək 5 biznes-ideya təklif edir.
Onlardan biri bu gün tətbiq edilən 3D çap texnologiyalarıdır. Bunun nə qədər rahat olduğunu təsəvvür edin. Evdə nə isə, məsələn, bardaq, dibçək və ya hansısa detal çatmırsa, tikinti marketinə getməyə ehtiyac olmayacaq. Bunun üçün evdən çıxıb yaxınlıqda olan 3D çapı müəssisəsində gərəkli əşyanı sifariş etmək mümkün olacaq. Bu işin çatışmayan cəhəti xərclərin hələlik yüksək olmasıdır.
4G və 5G məlumat texnologiyaları. Hazırda mobil cihazları internetə qoşan şəbəkələr 3G və 4G standartlarından yararlanır və dünyada 5G-yə tam keçid planlaşdırılır (G – “Generation”, yəni “nəsil”). Onlar nə ilə fərqlənir? İki standart arasındakı texnoloji fərqlərə baxmayaraq istifadəçi üçün fərq 4G-nin 5-10 dəfə daha sürətli olmasıdır. 4G standartı 2008-ci ildə yarandığına baxmayaraq hələ tam tətbiq olunmayıb, çünki bu şəbəkələr üçün yalnız yeni cihaz və qurğulardan istifadə edilməlidir. Bu şərt yerinə yetirildikdə mobil rabitə üçün saniyədə 100 meqabit, stasionar rabitə üçün isə saniyədə 1 geqabitə qədər sürət təmin olunacaq.
5G. 2025-ci ilədək əsas provayderlər o vaxta qədər tam işlənib hazırlanacaq yeni 5G standartını tətbiq etməyi planlaşdırır. Bu format əşyalar interneti konsepsiyasına əsaslanır, bunun sayəsində mümkün olan avtopilotlu avtomobillər, “ağıllı” evlər və digər yeniliklər yaxın gələcəkdə geniş yayılacaq. Yaradılacaq yeni texnologiya, nəqliyyat vasitələri, virtual və əlavə reallıqla işləyən mobil qurğular elə bir böyük mobil trafik təmin edəcək ki, bəzi cihazlar üçün saniyədə bir neçə GB-yə qədər sürət tələb olunacaq. Təkcə daha sürətli məlumat ötürülməsinə deyil, həm də daha qısa cavab müddətinə ehtiyac yaranacaq. 5G saniyədə 20 GB məlumat ötürmə sürətini təmin edəcək.
Çoxkanallı giriş və çoxkanallı çıxışı təmin edəcək MİMO sistemi vasitəsilə bir çox istifadəçi ötürücüdəki bir neçə antena sayəsində eyni vaxtda eyni rabitə kanalından istifadə edə biləcək (evdə “Wifi” əlaqələrini təmin edən MİMO sistemlərində olduğu kimi). Nəticədə belə sistem həm daha sürətli, həm də daha məhsuldar olacaq və internetə qoşulanların sürətlə artmasına baxmayaraq “tıxac” yaranmayacaq. Bunun sayəsində 1 kvadrat kilometr ərazidə 1 milyon cihaza dəstək vermək mümkün olacaq. Bu isə izdihamlı yerlərdə, məsələn konsertlərdə, sərgilərdə, idman tədbirlərində rabitə problemini həll etməyə imkan verəcək.
“Device-to-device” (“Cihazdan cihaza”) texnologiyası meydana çıxacaq və bir-birinə yaxın olan cihazlar yalnız siqnal trafikinin keçəcəyi 5G şəbəkəsinin iştirakı olmadan birbaşa məlumat mübadiləsi apara biləcək. Bu, şəbəkənin işini yüngülləşdirəcək və məlumatların təhlükəsizliyini təmin edəcək.
İkinci ideya Yer kürəsinə yaxın olan səma cisimlərinə səyahətlə bağlıdır. Kimsə Türkiyə və Misirə tətilə getmək haqda düşünür, bir başqası planetdən kənara getməyi arzulayır. Amerika şirkəti “Spase Adventrues”in yaradıcılarından olan Piter Diamandis Aya səfərin dəniz kənarında gəzinti kimi adi bir iş olması üçün çalışır. Amerikalılar yaxın 3-4 ildə Aya kütləvi turist səfərlərinə başlamağı planlaşdırırlar. Düzdür, bu səfərin qiyməti bir adam üçün təxminən 50 milyon dollar olacaq. Kosmik gəmilər hələlik 2 nəfər sərnişin götürə bilir.
Üçüncü ideya planetin getdikcə artan əhalisinin ərzaqla təmin edilməsi barədədir. BMT-nin məlumatına görə, 2050-ci ildə Yer kürəsinin əhalisi 2,5 milyard nəfər artaraq 9,1 milyard nəfərə çatacaq. Bu qədər insanı ərzaqla təmin etmək üçün 2050-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 70% artmalıdır. Dənli bitkilərin genetik modifikasiyası ilə məşğul olan tədqiqatçılar gələcəkdə ərzaq çatışmazlığının aradan qalxacağını deyirlər.
Alimlər artıq indi süni ət istehsal edə bilirlər. Niderlandın Maastrixt Universitetinin professoru Mark Post laboratoriya şəraitində 140 qram ət istehsal edə bilib. Doğrudur, bu ət dadsız və çox bahadır – 1 kiloqramı 80 dollar. Bu ideyanı inəyin kök hüceyrələri əsasında gerçəkləşdirmək mümkün olub. Yaxın gələcəkdə belə ətin bir kiloqramının qiyməti 5 dollar olacaq.
2009-cu ildə ABŞ-ın Los-Anceles şəhərində bitki mənşəli ət istehsal edən “Beyond Meat” şirkəti açılıb. Onun toyuq, mal və donuz əti dadı verən məhsulları 2012-ci ildə satışa çıxarılıb. 2019-cu ilin aprel ayından həmin şirkətin məhsulları Moskvanın mağazalarında satılır.
Dördüncü ideya səhiyyə sahəsinə aiddir. Məhz bu biznes bəşəriyyətə əbədilik və gənclik vəd edir. Bu biznes-modelin mahiyyəti nanorobotların tibb sahəsində tətbiq edilməsidir. Belə robotlar insan bədəninin hüceyrələrinə implantasiya ediləcək və onların fəaliyyətini tənzimləyəcək. İnsanın fəaliyyətini təhlil etmək üçün nanorobotları sinir sisteminə yerləşdirmək mümkün olacaq. Onların köməyi ilə DNT-ni təshih etmək, bununla da insanın kodunda “yazılmış” onlarla xəstəliyi – məsələn, allergiyanı, şəkərli diabeti və ya genetik meyilliliyi zərərsizləşdirmək mümkün olacaq.
İnsan qocalanda robotlar o dəqiqə reaksiya verərək orqanizmin hüceyrələrini “təmir” edəcək, ona görə 50 yaşında da 20 yaşlı kimi görünmək mümkün olacaq. Əlbəttə, bu, təbabətin bir sıra seqmentlərinə (kosmetologiya, plastik cərrahiyyə) təsir göstərəcək. Hələlik alimlər bu işin qiyməti və nə vaxt reallaşacağı haqda heç nə demirlər, hər halda gələcək haqda indidən düşünməyə dəyər.
Beşinci ideya enerji daşıyıcıları sahəsinə aiddir. Gec-tez neftin qurtaracağı sirr deyil, elektromobildən yaxşı alternativ isə hələlik yoxdur. Ona görə də belə avtomobillər üçün xidmət növünə ehtiyac artacaq. Hazırda ABŞ-da 250 milyon avtomobil üçün 50 milyon yanacaqdoldurma məntəqəsi var. Elektromobillərin yüklənməsinin xüsusiyyəti bu prosesin bir neçə saat çəkməsidir. Ona görə də belə məntəqələr üçün daha böyük ərazi tələb olunur və ya tam başqa format seçilməlidir…
Söhrab Məhərrəmov
Müəllifin başqa yazıları: