Natiq Cəfərli
REAL Partiya
2018-ci ilin sentyabrında seçkilərə hazırlıq elan etdik, hər dəfə seçki dedik, əsas müxalif partiyalara yazılı təkliflər göndərdik, hətta bir nəfər nüfuzlu şəxsdən onlarla görüşməyi, təklifləri çatdırmağı rica etdik ki, birgə fəaliyyət göstərək. İsrarla dedik ki, bizim kimi avtoritar ölkələrdə dəyişikliyi ancaq seçki öncəsi və sonrası yaranan dalğa gətirə bilər. Deməkdən dilimiz qabar oldu ki, vətəndaşların 70 faizi seçkiyə gəlsə, saxtalaşdırma mümkün deyil, etsələr belə, səs verən səsini qoruyacaq, yeni dalğa yaranacaq.
Əvəzində bizə güldülər, lağ edənlər tapıldı, “Nə seçki, seçki var?”, “Bu seçki komissiyaları ilə seçki olar?” deyə mənasız “arqumentlər” gətirdilər. Sonra da hakimiyyətin istədiyini etdilər – hökumət istəmir ki, seçkilərə maraq olsun, seçici gəlsin, o zaman asan saxtakarlıq edir. Özünə müxalif deyənlərin bir qismi də boykotla hakimiyyətin işinə yarayıb seçkiyə marağı azaltdılar.
Bu gün Belarusda baş verən əsl biz deyən vəziyyətdir – seçkiöncəsi dalğa, yüksək iştirakçılıq, sonra səslərin qorunması – başqa yol göstərənlər indi baxıb dərs çıxarmalı, özlərində təpər tapıb səhv olduqlarını etiraf etməlidirlər.
Bəyəm Belarusda normal seçki komissiyaları, seçki şəraiti vardı? Boykotçular anlamadırlar ki, seçki şəraitini avtoritar rejim yox, siyasi partiyalar yaradır.
REAL-ın da səhvləri oldu, iş olan yerdə səhv də olar, indi əsas işimiz dərs çıxarmaq, növbəti seçkilərə daha əzmlə, daha güclü hazırlaşmaqdır.
Hakimiyyət də öz dərsini çıxarmalıdır: Ölkəni belə idarə etməz olmaz! Lukaşenko “İslahat istəyirsiz? Sabahdan olacaq” deyir, sanki indi, on minləri küçədə görəndə anladı bunu, amma artıq gecdir.
Bizim hakimiyyət də anlamalıdır ki, islahat qaçılmazdır, iqtisadiyyat batır, amma iqtisadi problemlərin həlli artıq iqtisadiyyatda deyil – səbəb zay idarəetmə və yarımçıq siyasi sistemdir. Yeni ana yasadan tutmuş parlament respublikasına keçidə, yerli özünüidarəetmənin gücləndirilməsinə, müstəqil məhkəmələrə qədər təcili siyasi, hüquqi islahatlar lazımdır. Bu gün etməsələr, sabah yüz minlər meydanda olanda bunu söz verməyin heç bir mənası olmayacaq və heç kim inanmayacaq!
Belarusda keçid dövrü uğurla, yeni nəslin qələbəsi ilə başa çatacaq! 21-ci əsrdə, internet çağında orta əsr təfəkkürlü sistemlərə yer qalmayacaq! Buna görə də məsuliyyətlə dəyişikliklərə hazırlaşmalıyıq!
Müəllifin başqa yazıları: