UEFA Çempionlar Liqasının 2019-2020 mövsümündə mübarizəni 8 komanda davam etdirir. Novator.az bildirir ki, 1/4 final cütlükləri belə müəyyənləşib:
“Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa)
“Leypsiq” (Almaniya) – “Atletiko” (İspaniya)
“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)
“Atalanta” (İtaliya) – PSJ (Fransa).
Tək oyunluq 1/4 final, yarımfinal, eləcə də final 12-23 avqust arası Portuqaliyada keçiriləcək.
1955-ci ildə yaradılmış, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turniri “Bavariya” və “Barselona” 5 dəfə zirvədə tamamlayıblar.
2019-2020-ci illər mövsümündə UEFA-nın klub turnirlərinə 237 komanda buraxılıb. İndi Çempionlar Liqası və Avropa Liqasında 55 UEFA üzvündən 8-nin təmsilçiləri qalır.
İspaniya, İngiltərə və Almaniya klub turnirlərində 3, İtaliya və Fransa 2, Ukrayna, Danimarka və İsveçrə 1 komanda ilə yarışırlar.
Klub reytinqinə 100,569 əmsalla İspaniya başçılıq edir.
Reytinq Çempionlar Liqası və Avropa Liqasında son beş mövsümdə qazanılan əmsala əsaslanır. Qrup raunduna qədər qələbə 1, heç-heçə 0,5 xal; qrupda və sonrakı mərhələlərdə qələbə 2, heç-heçə 1 xaldır.
Çempionlar Liqasının qrupuna düşmək 4 bonus xalı, 1/8 finala çıxmaq 5 bonus xalı, hər iki turnirin 1/4 finalına, yarımfinalına və finalına yüksəlmək 1 bonus xalı verir.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.