Koronavirus dövründə mehmanxana: qaydalar təsdiqlənib
Nazirlər Kabineti koronavirus pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili qaydalarını təsdiqləyib. Qaydalar işçiyə dair, şəxsi gigiyenaya dair tələbləri, təmizlik və dezinfeksiya tədbirlərini, tullantıların idarə edilməsini, mehmanxana daxilində hər sahə üçün xüsusi qaydaları, malların mehmanxanaya gətirilməsi və mehmanxanadan çıxarılması mexanizmini və başqa məsələləri tənzimləyir.
Novator.az bildirir ki, sənədə görə, mehmanxana dedikdə qəbul-qeydiyyat bölməsinin mövcud olduğu, eyni zamanda qonaqlara yerləşdirmə, qidalanma və digər əlavə xidmətlər göstərən yerləşdirmə vasitəsi nəzərdə tutulur.
Qaydalar hostellər, yerləşdirmə imkanlarına malik konqres mərkəzləri, istirahət evləri, istirahət bazaları, istirahət mərkəzləri, qonaq evləri, sağlamlıq düşərgələri, idman düşərgələri, ovçu (balıqçı) evləri, turist bazaları, turist evləri, kempinq, yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.), çoxmənzilli binada mənzillər (otaqlar), dağ sığınacaqları, uşaq sağlamlıq düşərgələri kimi yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin fəaliyyətinə şamil edilmir.
Mehmanxanaların daxilindəki ictimai iaşə zonalarından, əyləncə, idman və istirahət məkanlarından mehmanxanada otaq, işgüzar tədbir, konfrans və ya görüş rezervasiyası olmayan şəxslərin istifadəsinə icazə verilmir.
Ümumi göstərişlərə əsasən, mehmanxanada şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin, əl dezinfeksiyaedici məhlullarının, əl salfetlərinin, üz maskalarının, əlcəklərin və digər qoruyucu vasitələrin, habelə istifadə edilmiş tibbi maskaların və əlcəklərin atılması üçün ayrıca qapalı torbaların, dezinfeksiyaedici məhlulların, işçi heyət üçün təmiz geyimlərin yetərli qədər olması təmin edilməlidir.
Qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanların əl dezinfeksiyaedici vasitələr, maskası olmayan şəxslərə təqdim etmək üçün əlavə maskalar və digər gigiyena vasitələrlə təmin edilməsi şərtdir.
Mehmanxana ərazisində qapalı məkanlarda canlı auditoriya qarşısında tədbirlərin, o cümlədən tamaşaların və konsert tədbirlərinin keçirilməsinə yol verilmir.
Bütün xidmət ərazilərində təmassız ödəniş üsullarına üstünlük verilməli və bütün mümkün hallarda nağd ödənişlərin məhdudlaşdırılması təmin edilməlidir. Ödənişlər nağd formada həyata keçiriləcəyi halda ödənişi qəbul edən işçi dərhal sonra əllərini dezinfeksiya etməli, pulun qalığı qaytarılırsa, təmasdan yayınmaq üçün pul üçün ayrıca qab qoyulmalıdır.
Qaydaların tələblərinə əməl edilməsinə nəzarət məqsədilə 80-dən çox nömrəsi olan mehmanxanalarda operativ nəzarət qrupu yaradılır, digər mehmanxanalarda isə operativ nəzarət üzrə məsul şəxs təyin olunur.
İşçi heyət mehmanxanaya daxil olarkən termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə onların hərarəti ölçülməlidir. Bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən edildikdə işçinin mehmanxanaya daxil olmasına yol verilmir. Qonaqlar üçün də eyni tələb var.