Virusa yoluxanın küçədə gəzib dolaşması cinayət məsuliyyəti yaradırmı?
Yalçın İmanov
AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun və AXCP fəalı Məhəmməd İmanlının Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə həbs olunmaları məcəlləyə yeni daxil edilmiş bu norma barədə müzakirələri zəruri edir.
139-1-ci maddə Cinayət Məcəlləsinə bu il martın 17-də əlavə edilib. Maddə iki hissədən ibarətdir. Maddənin birinci – 139-1.1-ci bəndinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə törətdikdə cinayət məsuliyyəti yaradır. Maddənin ikinci bəndi (139-1.2) isə ağırlaşdırıcı tərkib əlaməti kimi eyni əməllərin ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə bağlıdır.
Əvvəla, 139-1-ci maddənin məcəllənin şəxsiyyət əleyhinə olan cinayətlər bölməsinə əlavə edilməsinə toxunmaq istərdim.
Hər hansı cinayət əməli qəsd etdiyi obyektə görə təsnifləşdirilir. 139-1-ci maddənin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Belə olan halda bu normanın şəxsiyyət əleyhinə olan cinayətlər bölməsinə daxil edilməsi tamamilə yanlışdır. Doğrudur, bu bölmənin ilk fəsli iki hissəyə – həyat və sağlamlıq əleyhinə olan cinayətlərə bölünür və bu əsasa görə 139-1-ci maddənin sağlamlıq əleyhinə cinayət kimi ixtisaslaşdırılmasının düzgün olduğunu iddia etmək olar. Amma nəzərə almaq lazımdır ki, şəxsiyyətin həyatı və sağlamlıq əleyhinə olan cinayətlərin obyektini başqa şəxsin həyatı və sağlamlığı təşkil edir, yəni obyekt daha konkretdir. 139-1-ci maddədə isə qəsd obyekti konkret şəxsin sağlamlığı deyil, cəmiyyətin, qeyri-müəyyən sayda insanın, əhali kütləsinin sağlamlığıdır.
Yeri gəlmişkən, Rusiya Federasiyasının Cinayət Məcəlləsində (236-cı maddə) bu norma əhalinin sağlamlığı və ictimai əxlaqa qarşı cinayətlər bölməsinə daxil edilib.
Mehdi İbrahimov və Məhəmməd İmanlıya istinad edilən ittihama görə, onlar 139-1.1-ci maddənin dispozisyasında göstərilən cinayət əməlinə yol veriblər. İstintaq orqanının ittihamını, üslubunu saxlamaq və ümumiləşdirmək şərti ilə, müəyyən ixtisarla təqdim edirəm:
Onlar “…yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, …yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS və “E-Təbib” mobil tətbiqi vasitəsilə 3 saatadək müddətə verilən icazə almalı olduğu halda belə icazə almadan, həmçinin insanlar arasında sosial məsafəni gözləmək şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməsinin mütləq olduğu halda, bu tələblərə riayət etməyib, o cümlədən təcrid olunma qaydalarını pozub, …yaşayış yerini tərk edib vətəndaşların intensiv hərəkət etdiyi küçə və prospektlərlə müəyyən olunmuş qaydaları pozub tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən və sosial məsafəni gözləmədən piyada sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaradıb”lar…
Sonra isə bu şəxslərin infeksiyaya yoluxduğunu necəsə aşkarlayan polis əməkdaşları onların yerini müəyyən edir və saxlayır.
Məsələnin faktoloji tərəfini mübahisələndirmədən (hərçənd bu da maraqlıdır; özlərinin, yaxınlarının və vəkillərinin dediyinə görə, Mehdi İbrahimov 14-15 iyul yürüş-mitinqində iştirak etdikdən sonra, iyulun 15-i səhər saatlarında, Məhəmməd İmanlı iyulun 16-da saxlanıb. İttihamda isə hər iki şəxsin iyulun 20-si axşam saatlarında yaşayış yerini tərk edib şəhər ərazisində vətəndaşların intensiv hərəkət etdiyi küçə və prospektlərlə gəzdiyi, karantin rejimi qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı iddia olunur), eləcə irəli sürülən ittiham kontekstində maddənin çaşqınlıq yaradan və mübahisələrə səbəb olmuş birinci – 139-1.1-ci bəndi haqda mülahizələrimi təqdim etməyə çalışacam.
Maddənin bu bəndi üzrə ittihamın əsasını təqsirləndirilən şəxsin xəstəlik daşıyıcısı olduğunu bilməsi təşkil edir.
İbrahimov və İmanlının işi ilə konkretləşdirsək, onların koronavirus infeksiyasına yoluxduqlarını bildikləri barədə əsas sübut yoluxmanı təsdiq edən koronavirus testidir.
Fərz edək ki, ittihamın versiyası doğrudur və həm İbrahimov, həm də İmanlının bu xəstəliyə yoluxduğunu təsdiq edən koronavirus testləri var.
Fərz edək ki, həm Mehdi, həm də Məhəmməd COVİD-19-a yoluxduğunu bildiyi halda Bakının küçə və prospektlərində icazəsiz, fərdi vasitələrdən istifadə etmədən və sosial məsafə gözləmədən piyada hərəkət edib, sərbəst gəzib dolaşıblar.
Ancaq bu onların 139-1.1-ci maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün yetərlidirmi?
139-1.1-ci maddədə konkret göstərilməsə də, cəzanın subyektiv əsasının yaranması üçün təqsirin qəsd formasının nəzərdə tutulduğu şübhə doğurmur. Yaxşı olardı ki, gələcəkdə Cinayət Məcəlləsinin 139 (zöhrəvi xəstəliklə yoluxdurma) və 140-cı maddələrinin (insan immunçatışmazlığı virusu ilə yoluxdurma) dispozisiyasında olduğu kimi bu normada da cinayət tərkibinin zəruri əlaməti (“bilə-bilə”, “özündə zöhrəvi xəstəlik olduğunu bilmək”) aydın şəkildə qeyd edilsin.
Beləliklə, 139-1.1-ci maddədə nəzərdə tutulmuş cinayət yalnız təqsirin qəsd formasında törədilə bilər. Cinayət Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, burada ehtiyatsızlıq istisna olunur. 139-1.1-ci maddədə qəsdin hər iki formasının – birbaşa, yaxud dolayı – olması mümkündür.
Təqsirkar özündə koronavirus infeksiyasının olduğunu bilir, başqa şəxsləri həmin xəstəliyə yoluxduracağını qabaqcadan görür və belə bir nəticənin baş verməsini arzu edir (birbaşa qəsd).
Dolayı qəsddə isə birbaşa qəsddən fərqli olaraq şəxs öz əməlinin ictimai təhlükəli nəticələrini arzu etmir, ancaq belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir.
Virus daşıyıcısının küçədə sərbəst gəzib dolaşması hələ bu cinayət əməlinin qəsd formasında törədilməsini iddia etməyə əsas vermir. Başqa sözlə, gəzib dolaşmaq nə birbaşa qəsdin, nə də dolayı qəsdin standartlarına uyğun gəlir.
Xəstəliyin yayılmasına səbəb olmaq və yaxud da onun yayılması üçün real təhlükə yaratmaq üçün qəsdin digər elementlərinin mövcudluğu zəruridir. Məsələn, infeksiya daşıyıcısı olduğunu bilən şəxsin başqa insanlarla əllə salamlaşması, qucaqlaşıb görüşməsi, başqasının üzünə öskürməsi (birbaşa qəsd), yaxud insanların ən sıx toplaşdığı məkanlara daxil olub arzulamadığı halda onlarla fiziki təmas etməsi (dolayı qəsd). Sonuncuya misal kimi, ictimai nəqliyyat və alış-veriş yerlərində yaranan sıxlıq səbəbindən arzulanmayan fiziki təmasları göstərmək olar.
Virus daşıyıcısının icazə almadan, hətta təhlükəsizlik tədbiri görmədən, qoruyucu vasitədən yararlanmadan küçədə, prospektdə sərbəst gəzib dolaşması 139-1.1-ci maddənin tərkib əlamətini yaratmır, yarada bilməz. Çünki burada qəsdin heç bir forması yoxdur, burada nə birbaşa, nə də dolayı qəsd var, onların hər iksinin iradəvi momenti əskik olur. Başqa sözlə, küçə və prospektdə gəzib dolaşmağı hələ başqalarını yoluxdurmaq üçün əqli və fiziki səylərin istiqamətləndirilməsi, məqsədyönlü fiziki fəaliyyət kimi qiymətləndirmək mümkün deyil.
Ümumiyyətlə isə 139-1.1-ci maddənin dipozisyasında nəzərdə tutulan əməllərə yol verilməsi haqlı olaraq qəsdən nəzərdə tutulsa da, onun nəticələri (yoluxma, real təhlükə) ehtiyatsızlıqdan olmalı idi. Yəni hərəkət və hərəkətsizlik qəsdən, nəticələr isə ehtiyatsızlıqdan olmalı idi. Əks təqdirdə həm hərəkətə, həm də nəticəyə psixi münasibət qəsdən olduqda bu, nəzəri baxımdan Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan cinayətlər bölməsində sadalanan daha ağır cinayət əməllərinin tərkibini yarada bilər.
Müəllifin başqa yazıları:
Ölkəmizdə bir quyu var, əmoğlu…
Virusun hədəsi altında
Pasiyent
Gündəm aldanışı