Aynur Təmkin
Arif bəy yalnız xəstəni yoxladıqdan sonra dəqiq bir söz söyləyəcəyini və başlanğıc üçün hesaba külli miqdarda pul köçürtməyin vacibliyini oğlana bildirdi. Vasif həkimə təşəkkür edib telefonu söndürdü. Cibindəki pulları çıxardıb saydı. Cəmi iki yüz manatı qalmışdı. Pulları təkrar qaytarıb cibinə qoydu. Dərin düşüncələrə dalmışkən Təbriz kişinin İlham və Gülşənlə ona doğru gəldiyini görüb dayandı.
– Salam, Təbriz dayı. – Kişiyə əl verdi. Ardıyca da qaynatasıyla əl tutdu. Arvada da başıyla salam verib Təbriz kişini kənara çəkdi.
Cəmilə xanımın ona dediklərindən tutmuş Arif bəyilə danışığına qədər hər şeyi ona anlatdı.
– Təbriz dayı, atam da yanımda yoxdur. Burda da böyüyüm sizsiniz. Məsləhətiniz nədir?
– Vallah, bala, qızın atası dura-dura mənə deməyə söz düşməz.
Vasif xəyal qırıqlığıyla əllərini yelləyib qaynatası gedən səmtə qəzəbli baxış atdı. Onun bivec hərəkətləri oğlanda ikrah oyatmışdı. Sanki xəstəxanada ölümlə çarpışan onun qızı deyildi. Hər gün səhər-axşam zəng edib Səmanı soruşan valideynlərini xatırladı. Atasıyla İlhamı müqayisə etdikcə qaynatasına olan kini daha da keçməz oldu.
– Bəs pul işini neyləyəcəksən?
– Bilmirəm, dayı. Maşınla maraqlanan var, amma alan yox. Klinikaya yatırmağa başlanğıc üçün ən azı iki min pul istəyirlər. Sonra muayinələr, müalicə.
– Al bunu. – Təbriz kişi bacanağının əmanətinin üstünə min manat da əlavə edib Vasifə uzatdı. Vasif ona uzanan pula fikir vermədən qəti etiraz etdi.
– Dayı, mən bunu qəbul edə bilmərəm.
– Edərsən. Götür, götür.
Çarəsizcəsinə pulu götürüb cibinə qoydu.
– Dayı, borcum olsun, – uşaq kimi gözləri dolmuşdu. Təbriz kişi tam yerində dadına yetmişdi.
– Yaxşı-yaxşı. Təki qızımız sağalsın. Sonra borcunu ödəyərsən, – deyib qımışdı. Oğlanı yola gətirə bildiyindən rahatlanaraq Vasif gedəndən sonra Rəhmana zəng etdi.
– Qızımın başına bir iş gəlsə məsuliyyətini özün çəkəcən, – İlham qəzəbindən kükrəmiş halda yeznəsini hədələdi. Vasif ona qulaq asmadan çıxış sənədlərini imzalayaraq həkimin kabinetinə keçdi. Sabah erkəndən Səmanı Bakının ən məhşur klinikasına köçürəcəkdilər. Artıq hazırlıq başlanmışdı.
Vasif qorxu içində sabahı gözləyirdi. İçindəki dəhşətli hisslər onu yeyib tökürdü. Böyük məsuliyyət altına girdiyini yaxşı bilirdi. Həyatının ən böyük riskini etdiyini yaxşı bilirdi. Hər şey onun gözləntisinin əksinə də ola bilərdi. Səma daha çox zərər görə bilərdi. Artıq havalanmaq üzərə idi. Ürəyi partlayırdı. Vücudunu hökmranlığı altına alan qorxu hissi başındakı tükünə qədər işləmişdi. Uşaq kimi ağlamağa ehtiyacı vardı. Doyunca ağlayıb göz yaşı tökmək istəyirdi.
Cəmilə xanıma yaxınlaşıb nəsə pıçıldadı. Qadın çox fikirləşdikdən sonra baş həkimin otağına doğru yeridi. On beş dəqiqən sonra gülə-gülə Vasifə yaxınlaşıb ardımca gəl işarəsi verdi. Xüsusi paltarları geyinən oğlanı ilk dəfə olaraq qızın yatdığı palataya buraxdılar.
Ehtiyatla qıza yaxınlaşdı. Gözləri sözünə baxmadı. Göz yaşları yanaqlarından sürüşüb yerə düşdü. Solğun üzlü sevdiyinə baxdı. Vurğunu olduğu atəşli gözlər yumulu idi. Vurğunu olduğu al dodaqlar payız xəzanına tuş gəlmiş yarpaq kimi saralmışdı. Dünya dolu Səma aparata qoşulmuş halda güclə nəfəs alırdı.
– Səma… – Bu səslənib danışan o idimi. Səsi belə özünə yad gəldi. – Ayıl, Səmam. Ayıl. İnsafın olsun. Sən heç məni düşünmürsən? Aç gözlərini, gör sənsiz nə haldayam. Ölüm mənim çəkdiklərimin yanında heç nədir, Səma. İnsafın olsun. Daha ayıl. Gedək evimizə. Axı sənsiz dözə bilmirəm. Bilmirəm… – Dodaqları əsdi. Qızın sistem qoşulmuş əlini dodaqlarına sıxıb qoxladı. Sevgilisinin gül ətrini indi dərmanların kəskin qoxusu əvəz etmişdi. Gözlərini möhkəm yumub üzünü onun əlinin üstünə yapışdırdı. Möcüzə olacaq, Səma gözlərini açacaqmış kimi xeyli gözlədi. Amma yox. Onun yarı bivəfa çıxmışdı. Yatdığı yuxudan ayılmırdı.
Ayrılmaq istəmirdi. Amma məcburdu. Cəmilə xanıma söz vermişdi. Ağır addımlarla qapıya yaxınlaşıb son dəfə Səmasına baxdı. Onun işıqlı üfüqlərini indi qara buludlar zəbt eləmişdi.
Gülşən yeznəsinin palatadan çıxdığını görüb qaşlarını dartaraq əsəblə dodaqları altında deyinməyə başladı. İlhama nəsə deyib onu həkimin kabinetinə göndərsə də, ərinin qaşqabaqlı gəldiyini görüb hirsləndi. Son zamanlar yeznəsinin onlara məsafəli yanaşması gözündən qaçmamışdı. Vasifin onlara bu dərəcədə soyuq münasibətində Gülşən yalnız Ətiqəni günahlandırırdı. Amma xəbəri yox idi ki, Vasif Gülşənin tanımadığı adamlara dediyi “Qızımı bu hala qaynanası qoyub” sözlərini eşitdiyinə görə qəlbi ondan sınıb. Xəstəxanada Səma o haldaykən susmağa üstünlük versə də, Vasifin dişi bağırsağını kəsirdi. Övladı xəstə olan bir qadına nəsə demək onun arına gəlirdi. Amma anasının da haqsız yerə günahlandırılması qüruruna toxunurdu.
– Mən anası durmuşkən səni niyə buraxırlar? Onu dünyaya gətirən ana var. Ananı basıb kişini içəri buraxmaq nə deməkdir. Dünya dərəbəylikdir bəyəm?
– Gülşən xala, belə söhbətin nə yeridir, nə məqamı. Sizi buraxdılar, ya məni, nə fərqi var. Bu dəqiqə əsas Səmadır.
Vasif susmaq biməyən telefonu qulağına qoydu. Nihadın sevinclə: “Gözün aydın, müştəri tapıldı” dediyini eşidən Vasifin son zamanlar ilk dəfə dodaqlarına gülüş qondu.
– Allah səni sevindirsin, qaqaş. Sənin qarşında minnət borcum var.
– Nə minnət, Vasif. Əsas gəlinbacımızdır… Bu gün saat 2-də get 8-ci kilometr bazarına. Əmim oğlu səni orada gözləyəcək. Mənə oxşayan oğlanı deyirəm. Bizdə gördüyün. Gedib onunla hər şeyi həll edərsən.
Vasif Təbriz kişiyə maşına müstəri çıxdığı xəbərini verib həmin ünvana üz tutdu. Sanki içində bir ümid gözərmişdi. Ona elə gəlirdi ki, tezliklə Səma sağlığına qovuşub evlərinə dönəcək.
Nəhayət, Mahirin əlini sıxıb pulları əlindəki çantaya yerləşdirdi. Mahirin: “Gəl səni aparım” təklifinə yox demədi. Maşını xalasıgil yaşayan ünvana sürdürüb oğlana təşəkkürünü bildirərək ayrıldı. Bu qədər pulu üstündə gəzdirə bilməzdi. Zəngi basıb gözlədi. Züleyxa xala Vasifi görüb sevindi. İçəri çəkib onu zorla hamama girməyə məcbur etdi. Vasif xeyli zamandı güzgüyə baxmadığından öz əksini görəndə qorxdu. Güzgüdən ona saçlarına ağ dən düşən, gözünün altı torbalanan, üzündə həsrət iz buraxan biri baxırdı. Üzünü yana çevirdi. Səmasızlıq onun canını sandığından da çox yandırmışdı. Tələsik çimib çıxdı. Xalasının düzdüyü təamlara belə baxmadan getməyə hazırlaşdı. Züleyxa onun qarşısını kəsib: “Yeməsən buraxmaram” dediyi zaman əlacsız qayıdıb oturmalı oldu. Boğazı kilidlənmişdi. Xalasının xətrinə dəyməmək üçün bir-iki şey atışdırıb onun yanaqlarından öpdü. Salamatlaşıb paltosunu üstünə geyindi.
Xəzri getdikcə bərkiyirdi. Çimib bədəni yumşaldığından idi deyəsən, soyuq iliklərinə qədər işlədi. Yaxından keçən taksiyə əl edib saxladaraq xəstəxananın ünvanını söylədi.
Gecədən başlayan qar narın-narın havada uçuşa-uçuşa maraqlı görüntü yaratmışdı. Xüsusi təcili yardım maşını içindəki heyətlə xəstənin çıxarılmasını gözləyirdi. Vasifin həyəcandan əli-ayağı donmuşdu. Gah ora, gah bura qaçır, kim nə desə onu yerinə yetirməyə çalışırdı.
Rəhman Ətiqəylə bərabər təngnəfəs halda içəri girdilər. Səmanı ağzında oksigen balonu, qollarında sistemlə tələsik qapıya doğru apardılar. Vasif bulud kimi dolmuş halda həyat yoldaşının yanınca addımlayır, bəlkə bir anlıq da olsa Səmanın ayılacağı ümidiylə gözlərini ondan çəkmirdi. Ətiqə Səmanı bu halda gördükdə göz yaşaları ixtiyarsız halda axmağa başladı. Xüsusi cihazlara qoşulan gəlininin ölüdən heç bir fərqi yox idi. Gülşən qızını bu halda görəndə dözə bilməyib dizləri üstə çökdü. Hansı ana balasını bu vəziyyətdə görməyə dözə bilərdi?! Rəhman ağlamamaq üçün dodaqlarını elə gəmirirdi ki, ağzının kənarları partlamışdı. İlham dərindən sarsılmışcasına arvadını sinəsinə basıb zorla addımlayırdı. Yenicə taksidən düşən Ehtiram bacısını qapı ağzında qarşıladı. Gül üzlü qızın saralmış üzünü gördükdə bir andaca gözləri yuvasından fırlayıb çıxarmışcasına iriləndi. Əvvəl onun olduğuna inanmadı. Lakin Səmanın arxasıyca çıxan ata-anasını gördükdə bu acı həqiqət vücudunu qurutdu.
– Səma, – deyib bacısını maşına aparan hər kəsi dayanmağa məcbur etdi. Köməksiz halda yatan bu qızcığaz içini parçalayıb tökdü. İçdən hönkürərk əlləriylə üzünü qapadı. Təcili yardımın tükürpədən səsi bir az öncə rayondan-şəhərdən gəlib yetişən qohum-əqrəbanı dəhşətə gətirdi.
Səmanı içəri salıb qapını Vasifin üzünə qapadılar. Uzun-uzun dəqiqələr keçdikcə gözlərindəki son ümid, son arzu da közərərək sönməyə başladı. Ayaqlarına zülm edərmiş kimi o yana-bu yana çaxa-çaxa gəzinməyə başladı. Dodaqlarını qanı damanacan dişlədi. İçini bürüyən acısı bitmədi. Zalım fələyə olan fəryadı bitmədi. Kor taleyinə olan küskünlüyü keçmədi.
“Niyə Səma? Niyə mənim əvəzimə o? Niyə? Niyə? Budurmu ədalət? Ey kor taleyim. Sənin mənə nə qəsdin vardı? Alacaqsansa mənim canımı al. Öləcəksə onun əvəzinə mən ölüm. Amma ona toxunma!”
Vasifin arzusu da bir eqoizm deyildimi? Səma onun canıydısa, o da anasının canıydı. Bunu özünə arzulamaqla o, Tanrıya qarşı çıxmırdımı? Bütün bunları düşünməkdən uzaq idi bu an Vasif. Artıq sağlam düşünə bilmirdi. İçindəki acı o qədər böyük idi, susuz torpaq kimi çatlamaq üzrəydi.
Vasif Ehtiramın dostacasına uzatdığı əli sıxdı. Bir qardaş bacı üçün bundan artıq sarsıla bilməzdi. Ehtiramın qəddi əyilmişdi. Gözlərinin içi qızarmışdı. Dindirən olsa körpə uşaq kimi ağlayardı.
– Həkim nə dedi? – Səsinin titrəyişini nə qədər gizlətməyə çalışsa da alınmadı.
– Bayaqdan içəri salıblar. Amma hələ də nəsə deyən yoxdur. Sən haçan gəlmisən?
– Rəhman dayıyla bir gəlmişəm. Yol maşınıyla.
– Bəs hardadırlar?
– Yəqin indi çatarlar.
Ətiqə Gülşəndən nə qədər incik olsa da yenə onu anlamağa çalışırdı. Əgər bir qaynana olaraq özü bu qədər üzülürsə Gülşəni ana kimi anlamaq asandır – deyə ona güzəştə getmişdi. Qolundan tutaraq yeriməyinə yardım edirdi. Rəşidlə arvadı uzun müddətdə ilk dəfə idi ki, qardaşı qızını görmək üçün Bakıya gəlmişdi. Şahin, Sənəm, Arzu, Filyar və digər qohumlar klinikanın qabağına toplaşmışdılar. Hər kəs qorxu və həyəcan içində həkimin nə deyəcəyini gözləyirdi.
Arif bəy qoyulan diaqnozu təsdiqləmişdi. Vaxt itirmədən müalicəyə başlamalıydılar. Xəstənin həyatı böyük təhlükə altındaydı. Təəssüf ki, öncə yerləşdirildiyi xəstəxanada zamanında lazımi müdaxilə edilmədiyinə görə böyrəyin biri sıradan çıxmaq üzrəydi.
Vasif yorğun və əzablı baxışlarını həkimin simasında cəmlədi. Arif bəy üzünü Vasifə tutaraq ilkin nəticələri oğlana açıqladı.
– Bir böyük problemimiz də var, – həkim soyuqqanlı dinləndi. – Böyrəklərin biri fəaliyyətini itirib. Biz əlimizdən gələn hər şeyi edəcəyik. Lakin keçmiş kolleqalarımın fikrinə qüvvət olaraq deyə bilərəm ki, xəstəmizin yaşamaq şansı çox azdır. Bunu sizə söyləmək çox çətindir. Amma mənim bunu sizdən gizlətməyə haqqım yoxdur.
Hər kəs eşitdiyi xəbərin qarşısında donub qalmışdı. Fəlakət içərilərinə işləyərək hər kəsi can evindən vurmuşdu. Böyük bir ümidlə gəldikləri klinikadan aldıqları xəbər bellərini sındırmışdı. Artıq gözlərdəki yaş qurumuş, deyiləcək söz bitmişdi. Kimsə cəsarət edib nəsə söyləyə bilmirdi.
– Arif bəy, yoldaşımı sizdən istəyirəm. Böyrək gərəkdirsə böyrəyimi verəcəm. Qan gərəkdirsə qanımı. Neyləyirsiniz edin. Onu mənə qaytarın.
Arif bəy böyük ehtiram və hörmət dolu baxışlarıyla Vasifi süzərək:
– İnşallah. Mən bacardığımı edəcəm. İndi bu kağıza baxın, – deyə əlindəkini oğlana uzatdı.
Bayaqdan bəri səssiz onları izləyən İlham həkimin əlindəki kağızı çəkib götürdü.
– Nədir bu? – Səsinin tonunu yüksəldərək əyri-əyri həkimi süzdü.
– Bu təlimatlardır. Xəstəmizin sağlam həyata dönüşü üçün qida rasionudur.
İlham şəstlə çəkib aldığı təlimatı oxuduqca quruyub qaldı. Onun bu qədər məsrəfi qarşılayacaq pulu yox idi. Özünü sındırmadan kağızı Vasifə uzatdı. Arif bəy bütün bunları eynəyinin altından müşahidə edərək istehzayla başını yellədi. Artıq çox danışmağın yeri olmadığını anlayıb təklikdə danışmaq üçün Vasifi kabinetinə dəvət elədi.
(Ardı var)