Əlirza Balayev,
əməkdar jurnalist
Orta məktəbdə hamıya coğrafiya dərsi keçiblər və keçirlər. O cümlədən mənim də vaxtilə oxuduğum məktəbdə coğrafiya dərsi keçilirdi. Yəni məhz fənn kimi tədris olunurdu və biz onu məhz bir fənn kimi qavrayırdıq. Sonralar bu fənnin şaxəli, geniş bir elm sahəsi olduğunu öyrəndik.
Coğrafiya – (yun. Gegraphia – Yerin təsviri) Təbii və istehsal ərazi komplekslərini tədqiq edən təbiət və ictimai elm sahəsi.
İqtisadi coğrafiya – ictimai istehsalın yerləşməsi və müxtəlif ölkələrdə və rayonlarda onun inkişaf şəraiti və xüsusiyyətlərindən bəhs edən elm.
Fiziki coğrafiya – insan cəmiyyətini əhatə edən təbii şəraiti öyrənən elm. (Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə, 1-ci cild, Bakı: “Şərq-Qərb” nəşriyyatı, 2006).
Lakin elm sahəsini bildirən bu söz son illərdə dilimizdə yanlış olaraq çox vaxt “ərazi” mənasında işlədilir. Bəzi misallara diqqət yetirək:
“Aqrar Universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, son illərdə yaradılan təhsil şəraiti, xarici dillərdə təhsil proqramlarının mövcudluğu əcnəbi tələbələrin sayının artmasına, onun coğrafiyasının genişlənməsinə səbəb olub”. (1)
“Kənd təsərrüfatı nazirinin müavini: “Bu il isə balın ixracı 8 tondan çox olub və ixrac coğrafiyası genişlənib. Biz arıçılıq məhsullarının ixrac coğrafiyasını daha da genişləndirə bilərik”. (2)
“Azexport portalının meneceri: “Portal ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində işləri davam etdirməyə dəstək olur”. (3)
“Mətbuat konfransında çıxış edən TƏBİB-in şöbə müdiri ölkə üzrə koronavirusun yayılması coğrafiyası ilə bağlı da sualı cavablandırıb”. (4)
“Alim Azərbaycanda siyasi sürgünlərin sayı, dinamikası və sürgün coğrafiyası” mövzusunda tədqiqat aparır”. (5)
“BP şirkətinin regionun əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti daha geniş coğrafiyada kommunikasiya və təşviqat üzrə məsələlərə rəhbərlik edəcək”. (6)
“Tibb Universitetinin dosenti: Yəqin ki, yer kürəsinin coğrafiyasını dəyişirlər”. (7)
“Sutka ərzində koronavirusun coğrafiyası xeyli genişlənib”. (8)
Aparıcı: “Koronavirusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq…”. (AzTV, 14 mart 2020-ci il və 26 mart 2020-ci il)
Aparıcı: “Sürətlə genişlənən coğrafiya…” (AzTV, 15 mart 2020-ci il)
Aparıcı: “Xəstəliyin dünyada genişlənməsi coğrafiyası…” (AzTV, 29 mart 2020-ci il)
Misallar istənilən qədərdir.
Əgər yuxarıdakı cümlələri “tərcümə” etsək, onlar bu şəkli almalıdır:
– Bu il balın ixracı 8 tondan çox olub və ixracın təbiət və ictimai elm sahəsi genişlənib; koronavirusun təbiət və ictimai elm sahəsi genişlənib…
Halbuki fikri düzgün Azərbaycan dilində ifadə etmək olardı:
– Bu il balın ixracı 8 tondan çox olub və ixrac edildiyi ölkələr genişlənib; koronavirusun yayıldığı ərazi genişlənib…
Yəni bu kontekstdə “coğrafiya” dilçilikdə “tüfeyli” adlana biləcək sözdür.
Bu yanlışın mənbəyi də məlumdur – son illərdə mənasına və dilimizə nə dərəcədə uyarlığına varmadan bir sıra sözlər əxz etməkdə olduğumuz Türkiyə türkcəsindən gəlir. Türkiyədə “çoğrafiya” sözü özünün bu yanlış mənasında gen-bol, hətta ən yüksək rütbəli dövlət məmurlarının da çıxışlarında işlənir. Ona görə yanlış ki, “Türkce sözlük”də də (və ümumiyyətlə bütün dillərin lüğətlərində) bu söz yalnız elm kimi, elm sahəsi kimi izah olunur: “Coğrafya Ar. (Yun. geo yer, graphein yazmak) 1. Yeryüzünü fiziksel, ekonomik, beşeri, siyasal yönlerden inceleyen bilim. 2. Bir yeryüzü parçasını, bir bölgeyi, bir ülkeyi belirleyen, niteleyen fiziksel, ekonomik, beşeri, siyasal gerçekliklerin tümü”. (Türkce sözlük. Türk Dil Kurumu Yayınları. 2 ciltte, 1 ci cilt, Ankara, 1983).
Yanlışı götürüb öz yanlışımız etməyə nə ehtiyac var?!
Müəllifin başqa yazıları:
Zərdabinin heykəli… “LaQuzu” önündə
Vahidin heykəli… ağac dibində…